12px14px16px18px

Mahirə Abdullanın Mir Cəlal haqqında “Əbədiyyət. An” kitabı üç dildə

00:37 / 19.05.2012
Tanınmış qələm adamı, yazıçı Mahirə Abdullanın görkəmli Azərbaycan ədibi, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunan “Əbədiyyət. An” kitabı işıq üzü görüb. Qeyd edək ki, ilk dəfə 2008-ci ildə çapdan çıxmış kitab ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Kitab ingilis və rus dillərində yenidən nəşr olunub. Müəllifin qələmə aldığı “İki gözündən özündən öcə bir Tanrı – VƏTƏN” başlıqlı ön sözü, “Mir Cəlalın “Bir gəncin manifesti” romanında humanizm fəlsəfəsi”, “Mir Cəlalın “Yolumuz hayanadır” romanında milli şüur və həmrəylik problemi”, “Mir Cəlalın romanlarında erməni məsələsi” başlıqlı fəlsəfi esseləri azərbaycanca, rus və ingilis dillərində kitaba daxil edilib. “Mir Cəlalın “Bir gəncin manifesti”romanında humanizm fəlsəfəsi” essesində müəllif görkəmli yazıçının bədii yaradıcılğının, pedaqoji fəaliyyətinin bünövrəsində bütün müsbət insani keyfiyyətləri özündə birləşdirən humanizm fəlsəfəsinin, həyat reallıqlarının dayandığını qeyd edib: “Bu əsərləri hələ məktəb illərində dəfələrlə oxumuşam, xüsusilə də “Bir gəncin manifesti” romanındakı Bahar surəti qayğısız uşaqlıq illərimin sevimli obrazlarından biri idi. Kənd uşağının sağlam psixologiyası, yaşam tərzi, siyasətin kölgə sala bilmədiyi saf ürəyi, duyğuları hamımıza tanış, doğma idi. Məhz belə ali hisslər, arzular şüurlu varlıq olan insana yaranışdan xas olduğu üçün şifahi xalq yaradıcılğının, daha sonra yazılı ədəbiyyatın da mayasını təşkil etmiş, lakin real həyatda müxtəlif ölçülərdə fərqli yanaşma tərzləri ilə təhlil edilmişdir”. Bundan başqa, M.Abdulla romanda bəşər övladına, xüsusən qocalara, qadınlara, uşaqlara humanist münasibətin əks olunduğunu önə çəkib. “Mir Cəlalın “Yolumuz hayanadır” romanında milli şüur və həmrəylik problemi” fəlsəfi essesində Mahirə Abdulla ədibin zəngin yaradıcılığında böyük ustalıq tələb edən roman janrının əsas yer tutduğunu və onun qanlı sovet quruluşunun amansız təqiblərinin tüğyan etdiyi 1935-ci ildə qələmə aldığı “Yolumuz hayanadır” romanında bu ustalığın dərin izlərinin görünməkdə olduğunu vurğulayıb.: “Roman elə mürəkkəb dövrdə yazılmışdır ki, onu əhatə etmək təkcə yazıçı məharətin deyil, həm də iti fəhmin, dərin siyasi biliklərin amalı idi. Mir Cəlal belə məqamlarda təsvirçi yolunu tutmamış, tarix, fəlsəfə, ədəbiyyatşünaslıq sahəsində zəngin ensklopedik biliklərini nümayiş etdirmişdi. Məhz belə yüksək keyfiyyətlərin hamısına malik olan yazıçı qiymətli əsərlər yarada bilərdi”. Kitabdakı “Mir Cəlalın romanlarında erməni məsələsi” başlıqlı üçüncü essedə müəllif qeyd edib ki, yazıçı kommunist rejiminin asıb-kəsən vaxtında yaşayıb-yaratsa da, bədii yaradıcılığında, elmi fəaliyyətində sətiraltı mənalardan qoparaq cəsarətlə yaddaşımızı təzələmiş, bizi təkrar-təkrar milli faciələrimizin kökünə qaytarmışdır. Yazıçının “Dirilən adam” romanında cərəyan edən hadisələrin təbiiliyini vurğulayan müəllif əsərdə baş verənlərin yalnız yazıçının təxəyyülünün məhsulu deyil, qarışıq dövrün, zəmanənin, ziddiyyətli Azərbaycan reallıqlarının təzahürü olduğunu diqqətə çatdırıb: “Həyat həqiqətlərinə sadiq qalmağa müvəffəq olan yazıçının böyüklüyü elə ondandır ki, təsvir etdiyi hadisələrin axarınca, ya da əksinə getməmiş, öz izini, xəttini tutaraq, ürəyinin səsi ilə yazmışdır. Mir Cəlalın 1935-ci ildə tamamladığı “Dirilən adam” romanında həyat o qədər canlıdır ki, biz onu yenidən yaşayırıq, yaşayırıqsa, yaxşısıyla-pisiylə tariximizi yaşadırıq”. GÜNEL


Bu yazı ( 214 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar