12px14px16px18px

Oxuculara açıq məktub

00:01 / 19.05.2012
 
Bu günlərdə “Sönən deyil bu ocaq” adlı kitabım işıq üzü görüb. Son beş ildə yazdığım altı kiçik poemanı və şeirləri bir dam altına yığmışam, kitabda bir ailə eləmişəm. Mayın 25-də Yazıçılar Birliyinin “Natəvan” klubunda, qismət olsa, təqdimatını keçirəcəyəm. Hər bir kitabda olduğu kimi bu kitabda da hərf səhvləri var. Bəzən bir hərf səhvi sözün, hətta deyilən fikrin mənasını dəyişə bilir. Mənim yeni kitabımda bu səhvlər var, siz axtarsanız, daha çox tapa bilərsiniz. Xüsusi ilə “Yeni Müsavat” və “Azadlıq” qəzetlərində mənim daimi söyücülərim bu fürsəti əldən verməsin. Oxusun, tapsın, yazsın, desin! Mən də qabaqcadan onlarla razıyam. Amma bir daimi səhvimlə bağlı özüm danışmaq istəyirəm: Türk poeziyasının klassiklərindən Tofiq Fikrət iyirminci əsrin əvvəllərində Azərbaycanda ən populyar şair idi. 1930-cu ildən onun Azərbaycandakı pərəstişkarları Tofiq Fikrətin təxəllüsünü ad eləyib oğullarına verdilər. Dostum Fikrət Sadığın və bir çox başqalarının, elə öz adım da ordan gəlir. Atam həkim idi, amma xəlvət şairliyi vardı. Mənəvi qidası şeir, musiqi idi. Təsəllisini də onlarda tapırdı. ən yaxın adamların yanında, çox vaxt tək olanda bir neçə misranı dua kimi pıçıldayardı:
Zülmün topu var, gülləsi var,
qələsi varsa,
Haqqın da bükülməz qolu,
dönməz üzü vardır.
Xumar olanda, qəmli vaxtında, arzusu daşa dirənəndə Tofiq Fikrətin bu misrası onun qolundan yapışardı, dodaqlarında pıçıltı ilə dua kimi səslənərdi. Atam mənə, yəni ilk oğluna Fikrət adını təsadüfən qoymayıb. Elə indi də Tofiq Fikrətin şeirlərini, xüsusilə bu misralarını bilməyən az adam olar. O da ola ki, 30-37 arası nə qədər aktual idi, təqib olunanlara, zindana salınanlara, güllələnmə gözləyənlərə necə təsəlli idi. Zindandakı Hüseyn Cavid, Mikayıl Müşfiq idisə, onda necə? Cavan vaxtı mənə elə gəlirdi ki, Tofiq Fikrət əvvəlcədən duyub, altıncı, yeddinci hissi ilə Hüseyn Cavidin gələcək taleyini görüb, Sibirin ruh donduran sazağında Cavid və cavidlərin ruhuna təsəlli üçün bu şeiri yazıb. Bəlkə də mənim düşündüklərim boş şeydir. Şairdi, özünə qarşı olan kiçik bir haqsızlıqdan hirslənib belə böyük və ölməz misralar yaradıb. Tofiq Fikrətə qarşı mən də haqsızlıq eləmişəm. Özü də bir dəfə yox, iki dəfə. “Sönən deyil bu ocaq” şeirimi qəzetdə çap etdirəndə şeirimin başı üstünə Tofiq Fikrətin yuxarıda dediyim məşhur misrasını qoymuşam. Altında Hüseyn Cavid yazmışam. Dostlarım, ailəm, bacım, qardaşım, bu şeir Tofiq Fikrətindir deməyi özümə borc bildim. Mən də üzr istədim, səhvimi düzəldəcəyimə söz verdim. Amma yaman da düzəltdim. Bu yeni kitabımda yenə Tofiq Fikrətin məşhur misraları altında Hüseyn Cavidin imzasını qoymuşam. Niyə? Vallah, bilmirəm niyə? Ya yaddaşdandı, ya da yaşdandı. Hər halda yenə hamınıza üzr borcluyam. Söhbətin davamını kitabın təqdimatında edərik. Bir sözlə, istərdim siz də kitaba mənim kimi tənqidi münasibətinizi bildirəsiniz.
Hörmətlə Fikrət QOCA



Bu yazı ( 215 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar