12px14px16px18px

Muzeylər varlığımızın sübutu kimi

00:52 / 18.05.2012
Çağdaş dünyamızda istənilən xalqı muzeylərsiz təsəvvür etmək çətindir. Xalq öz milli mədəniyyətinin, tarixinin, etnoqrafiyasının, musiqisinin və ədəbi abidələrinin qədimliyini sübuta yetirmək üçün qaçılmaz faktlar mənbəyi muzeylər yaradır. Təsadüfi deyil ki, ölkəyə gələn turistlər həmin ölkə haqqında ilk məlumat mənbəyi kimi ilk olaraq muzeylərə üz tutur, onlardakı eksponatların qədimliyi, unikallığı, özəlliklərinin fərqinə varırlar. Məhz bu səbəbdən də ümummilli lider Heydər Əliyevin təbirincə desək, muzeylər mühüm mədəniyyət ocaqlarına, zəhmətkeşlərin, xüsusən cavan nəslin ideya-siyasi və mənəvi tərbiyəsinin mərkəzlərinə çevrilir. Ulu öndərin bu fikirlərinin işığında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin “Muzeyşünaslıq” kafedrasının Beynəlxalq muzeylər günü münasibətilə təşkil etdiyi elmi-nəzəri konfrans bu unikal təhsil ocağında bayram kimi qeyd edildi. “Tarixi yaşadan muzeylər və muzeyşünaslar” devizi ilə ADMİU-nun Elmi şura zalında baş tutan konfransı giriş sözü ilə açan tədris və tərbiyə işləri üzrə prorektor, professor Rafiq Sadıxov, elmi məruzə ilə çıxış edən “Muzeyşünaslıq” kafedrasının müdiri, fəlsəfə doktoru Elfira Məlikova ilk öncə muzeylər günü münasibətilə konfrans iştirakçılarını və təbii ki, muzey işçilərini təbrik etdilər. Bu günün əhəmiyyətini qeyd edən çıxışçılar xüsusi olaraq vurğuladılar ki, bu sahənin dünyəvi dəyərlərini nəzərə alaraq hələ 1991-ci ildə, Azərbaycanın ən ağır dövründə ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev çətinliklə də olsa universitetdə “Muzey işi və abidələrin mühafizəsi” ixtisasını yaratmağa nail olmuş və bu sahədə yüksək ixtisaslı mütəxəssislər hazırlanmasını kafedra qarşısında mühüm vəzifə kimi qoymuşdur. Fəxrlə demək olar ki, aradan keçən iki onillik ərzində respublika üzrə fəaliyyət göstərən muzeylərdə çalışmaq üçün 500-ə yaxın ali təhsilli kadr hazırlanmışdır. Bu gün onların böyük əksəriyyəti ixtisaslarına uyğun olaraq Respublika Milli Tarix muzeyində, Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyində, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti muzeyində, C.Cabbarlı adına Teatr Muzeyində, Xatirə ev muzeylərində, Milli Elmlər Akademiyasının, Turizm institutunun müvafiq şöbələrində çalışırlar. Fərəhli hal idi ki, konfrans iştirakçıları arasında daha çox gözə çarpan da onlar idi və gələn il yaranmasının 90 illiyini qeyd edəcək doğma təhsil ocaqlarının keçirdiyi tədbirə qatılmağı, onun xitabət kürsüsündən söz deməyi özlərinə borc bilmişdilər. Bayram ovqatı üstə köklənən bütün çıxışlar, məruzələr son dərəcə maraqla dinlənilir, alqışlara tuş gəlirdi. “Hər bir muzey bir abidədir”, “Muzeylər mədəniyyətimizin tərkib hissəsi kimi”, “Muzey quruculuğunda H.Əliyev mərhələsi”, “Milli ənənələrin öyrənilməsində muzey pedaqogikasının rolu”, “Muzey kadrlarının hazırlanmasında “Muzey ekspozissiyası” fənninin tədrisi metodikası”, “Azərbaycan və Türkiyə münasibətlərinə ümumi baxış”, “Müharibələrin muzeylərə vurduğu ziyanlar” və digər mövzularda çıxış edən fəlsəfə doktorlarından İradə Əzimzadə, Bəhram Məmmədli, Sabir Əmirxanov, Yeganə Eyvazova, Anar Ağalarzadə, İlhamə Səfərova, Turizm institunun müəllimi Araz Osmanov, Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi fondlarının baş mühafizi Mira Məmmədxanova, ADMİU-nun magistr tələblərindən Türkiyəli Maşıdə Mehmet, Rəna İbazadə, Yavər Qurbanovun elmi məruzələri maraqla qarşılandı və ümumi rəy belə oldu ki, bu çıxışlar tezliklə ölkənin elmi nəşrlərində və KİV-də dərc olunsa milli muzeyşünaslıq istiqamətində aparılan işlərə dəyərli töhfə olar.
İNTİQAM


Bu yazı ( 73 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar