12px14px16px18px

Xalq yazıçısı Çingiz Abdullayev Dillər Universitetinin qonağı olub

00:50 / 18.05.2012
Dünən Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyevanın təşkilatçılığı ilə Xalq yazıçısı Çingiz Abdullayevlə növbəti görüş keçirildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyeva Çingiz Abdullayevin dünən Fransada kitabının təqdimatının keçirildiyini və bunun qürurverici hadisə olduğunu vurğuladı. F.Səfiyeva universitetdə ədəbiyyatın nüfuzlu nümayəndələri ilə görüşlərin istər müəllimlər, istərsə də tələbələr üçün vacib olduğunu dedi. Kafedra müdiri bildirdi ki, ADU-da ədəbiyyatla bağlı bir çox tədbirlər, respublika səviyyəli konfranslar keçirilib və bu tədbirlərin keçirilməsində Dillər Universitetinin rektoru, professor Səməd Seyidovun xüsusi rolu olub. F.Səfiyeva buna görə rektora minnətdarlığını bildirdi. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Xalq yazıçısı Çingiz Abdullayevin dünyanın bir sıra tanınmış yazıçıları ilə eyni sırada dayandığını, canlı klassiklərdən biri olduğunu qeyd etdi. Onun əsərlərinin bir çox dillərə tərcümə olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Xalq yazıçısının növbəti dəfə ADU-da olmasının hər kəs üçün önəmli olduğunu dedi: “Çingiz Abdullayev bizim ən gözəl, ən yaxşı və ən tanınmış yazıçılardan biridir. Ona görə bizim üçün fəxrdir ki, Çingiz Abdullayev Universitetimizə yenidən qonaq gəlib”. Tədbirdə çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev tələbələrlə görüşündən məmnun olduğunu bildirdi. O, Azərbaycanın xalq yazıçısı olmasıyla fəxr etdiyini söylədi. Çingiz Abdullayev müxtəlif dillərdə nəşr olunmuş kitablarından danışdı. Kitabı alban dilinə tərcümə olunan yeganə Azərbaycan yazıçısı olduğunu vurğuladı. Dünyanı dərk etmək üçün kitab oxumağın vacibliyindən danışan xalq yazıçısı dil öyrənməyin əhəmiyyətindən söz açdı. Dil bilməməyin böyük nöqsan olduğunu deyən yazıçı iki və daha artıq dil öyrənməklə insanın daha da inkişaf etdiyini bildirdi. Görüşdə Çingiz Abdullayevin həyat və yaradıcılığını əks etdirən slayd nümayiş olundu. Tələbələr ədibin əsərindən birinin qısa təhlilini verdilər. Tədbirin sonunda Çingiz Abdullayev tələbələrin çoxsaylı suallarını cavablandırdı.
S.QARAYEVA


Bu yazı ( 80 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar