12px14px16px18px

“Adıma şam yandır, yolumu yaşat...”

ŞAİR AĞA LAÇINLININ YENİ İŞIQ ÜZÜ GÖRMÜŞ ƏSƏRLƏR TOPLUSUNUN TƏQDİMATI OLUB

14:18 / 17.05.2012

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda unudulmaz şair, dəyərli alim və pedaqoq Ağa Laçınlının yaradıcılığını geniş əks etdirən əsərlər toplusunun təqdimat mərasimi keçirilib. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq, Ağa Laçınlının yaradıcılığı və şəxsiyyəti barədə fikirlərini bölüşüb. “Ağa Laçınlının poeziyası hədsiz dərəcədə rəngarəngdir, onun əsərləri Azərbaycan dilinin ən dərin qatlarından xəbər verir, ən başlıcası isə, həmin əsərlər insani hissləri özündə təcəssüm etdirir. Ölümündən sonra keçən bu illər də göstərdi ki, Ağa müəllimin imzası, əsərləri hər zaman yaşayacaq. Çünki o, ömrünü hədər keçirməyib, yazıb-yaradıb, elmi və pedaqoji fəaliyyətdə uğurlar qahanıb. Bu gün təqdimatına yığışdığımız kitabın ərsəyə gəlməsində Şirindil Alışanlının əməyi böyükdür. Mən həm öz adımdan, həm də Ağa Laçınlının şəxsiyyətinə və yaradıcılığına dəyər verən hər kəsin adından Şirindil müəllimə təşəkkür edirəm”. Şirindil Alışanlı öz çıxışında bildirib ki, Ağa Laçınlının yaradıcılığı indiyə qədər öz layiqli qiymətini almayıb, onun əsərlərinin nəşri sahəsində xeyli iş görülməlidir: “Bu həmişə mənim ürəyimdə bir nisgil idi ki, hələ də Ağa müəllimin sanballı, onun imzasına layiq bir kitabı hazırlanmayıb. Ümumiyyətlə, 60-cı illərdə ədəbiyyata gələn bir çox şairlərimiz hələ də öz dürüst qiymətini tapmayıb. Ağa Laçınlı da məhz o şairlərdən idi ki, öz dəyərini zamanında ala bilməmişdi. Ağa müəllimin poeziyası əsl qiymətini almamış bir yaradıcılıqdır və düşünürəm ki, o yenidən qiymətləndirilməlidir. Ağa Laçınlı həm də gözəl müəllim, dəyərli insan idi. O bəziləri kimi universitetlərdə mənsəbə can atan, yüksək mövqe əldə etmək arzusunda olan müəllim deyildi. O zamanlar ali məktəb müəllimləri az qala ayrıca bir sinif kimi formalaşmışdılar, ancaq Ağa müəllim fərqliydi, onun öz yolu vardı”. Nüşabə Sadıqlı mərhum həmkarı Ağa Laçınlı haqqında danışarkən deyib: “Ağa müəllim həqiqətən ali dəyərlərin daşıyıcısı olan və qat-qat yüksək qiymətə layiq şəxsiyyyət idi, çox təəssüflər olsun ki, o öz qiymətini sağlığında ala bilmədi. Ağa müəllimlə biz uzun illər bir yerdə çalışmışıq. O, Azərbaycanda klassik filologiya üzrə ixtisaslaşmış ilk mütəxəssis idi, Homer haqqında tədqiqatı hələ də tələbələr üçün zəruri vəsait kimi istifadə olunur. Onun yapon ədəbiyyatından etdiyi tərcümələrdən indi də yaponşünaslarımız, şərq filologiyası ilə məşğul olanlar faydalanırlar. Ən əsası, o, gözəl şair idi. Yaxşı şair də olmaq olar, alim də olmaq olar, amma yaxşı insan olmaq hər adamın işi deyil. Ağa müəllim məhz belə bir insan kimi yaddaşlarda yaşayır”. Şair Ramiz Rövşən də Ağa Laçınlı haqqında fikirlərini bölüşüb: “Ağa Laçınlıda paxıllıq yox idi. Ağa çox təbii bir insan idi, elə bu baxımdan da onun təbiət şeirləri yaradıcılığında xüsusi yer tuturdu. Amma Ağanın təbiətə aid şeirlərində, sözün pis mənasında, təbiəti insanlaşdırmaq yox idi. Onun şeirlərində dağ elə dağ idi, çay elə çay idi. Əvvəllər də demişəm: şeir yazmaq ev tikməyə bənzəyir. Ağanın şeirləri də mənə kəndimizdə çay daşından tikilən evləri xatırladır. Onun şeirlərində dərin metaforalara getmək, gizli mənalara qaçmaq yox idi, əvəzində maraqlı ifadə tərzi, özünəməxsusluq var idi. O, sözün əsl mənasında, ləyaqətli kişi idi. Ağa özü necə saf, ləyaqətli kişi idisə, o cür də ləyaqətli övladlar böyüdüb. Məncə, bu baxımdan da Ağanı xoşbəxt insan hesab etmək olar”. Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu Ağa Laçınlını belə xatırlayıb: “Mən Ağa müəllimlə uzun müddət bir yerdə işləmişəm. Həddindən artıq təvazökar, abırlı bir insan idi. O dərəcədə təvazökar idi ki, hətta mən Fəxri Uğurlunun Ağa müəllimin oğlu olduğunu çox-çox sonralar, Fəxri prezident təqaüdünə layiq görüldükdən sonra bilmişəm. Ağa müəllim öz aləmi, öz həyat tərzi olan bir insan idi. Ağa Laçınlı heç bir çətinliyə baxmayaraq, özünü özü kimi qoruyub saxlaya bilmişdi. Bu dünyada həmişə özü olaraq qalan insanların həyatı hər zaman çətin keçib, ağır olub”. Tədbirdə çıxış edən millət vəkili, yazıçı Aqil Abbas, yazıçı Mustafa Çəmənli, tənqidçilər Vaqif Yusifli, İlham Abbasov, Əsəd Cahangir, şair Musa Ələkbərli və şairin bir çox dostu Ağa Laçınlının insani keyfiyyətlərindən, şair kimi özünəməxsusluğundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Tədbirin sonunda şairin oğlu Fəxri Uğurlu kitabın ərsəyə gəlməsində xüsusi rolu olan Şirindil Alışanlıya, tədbirin təşkil edilməsinə görə Azərbaycan Yazıçılar Birliyinə, həmçinin iştirakçılara, çıxış edənlərə təşəkkürünü bildirib.
GÜNEL


Bu yazı ( 60 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar