12px14px16px18px

Əhməd Cavadın yubileyi Türkiyədə geniş qeyd edilib

12:26 / 16.05.2012
Mayın 11-12-də Türkiyədə türkdilli ölkələrin mədəniyyət təşkilatı TÜRKSOY tərəfindən görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın 120 illik yubileyi qeyd olunub. Ayın 11-də Avrasiya Yazarlar Birliyində Əhməd Cavada həsr olunmuş şeir gecəsində Birliyin sədri Yaqub Öməroğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, “Qardaş qələmlər” dərgisinin baş redaktoru şair Əli Ağbaş, Ə.Cavadın nəvəsi Anar Axundzadə çıxış edərək şairin Türk dünyasının tarixində və ədəbiyyatında böyük rol oynadığını dilə gətiriblər. Sonra TRT kanalının Əhməd Cavad haqqında çəkdiyi film nümayiş etdirilib. May ayının 12-də Ankaranın Rəsm və Heykəl Muzeyində gerçəkləşən yubiley tədbiri Türkiyə və Azərbaycanın dövlət himnlərilə açılıb. TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Əhməd Cavada dəyərli araşdırmalar həsr etmiş Cəlal Bayar Universitetinin müəllimi İrfan Murad Yıldırım, şairin nəvəsi Anar Axundzadə çıxışlarında Əhməd Cavadın həyat və yaradıcılığından danışıb, onun irsinin yeni nəsillərə örnək olduğunu vurğulayıblar. Müğənni Azərinin ifasında, Əhməd Cavadın sözlərinə yazılmış “Çırpınırdı Qara dəniz”, “Şükriyyə”, “Gəncədən gəlirəm” əsərləri tədbir iştirakçılarında xoş təəssürat yaradıb. AzTV-nin çəkdiyi, Əhməd Cavada həsr olunmuş filmi də maraqla qarşılanıb. Yubiley tədbirləri Türkiyənin telekanallarında, mətbuatında geniş işıqlandırılıb. GÜNEL



Bu yazı ( 55 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar