12px14px16px18px

Azərbaycan folklorşünaslığında Vəli Xuluflu imzası

12:24 / 16.05.2012
Vəli Xuluflu folklorumuzun toplanması, nəşri və tədqiqi ilə ardıcıl məşğul olan fədakar ziyalılarımızdan biri kimi tariximizdə öz yerini tutub. Xuluflu Vəli Məmmədhüseyn oğlu 1894-cü il may ayının 26-da Şəmkir rayonunun Xuluflu kəndində doğulub. İbtidai təhsilini 1905-1907-ci illərdə mollaxanada almış V.Xuluflu sonralar təhsilini “Mədrəseyi-ruhaniyyə”də davam etdirib və bir müddət həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. O, 1917-ci ildə Gəncədəki müəllimlər kursunu bitirmiş və bu dövrdə inqilabi hərəkatda da fəal iştirak edib. 1920-ci ildə Azərbaycan K(b)P-nın I Qurultayına nümayəndə göndərilmiş V.Xuluflu tezliklə bolşeviklərin həyata keçirdiyi partiya sıralarındakı təmizləmə işi ilə əlaqədar partiya üzvlüyündən çıxarılıb, lakin əməllərində heç bir cinayət tərkibi olmadığından 1927-ci ildən partiya sıralarına bərpa edilib. O, 1922-1927-ci illərdə ADU Şərqşünaslıq fakültəsində oxuyub, bu illərdə Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin təlimatçısı, “Bakinski raboçi” nəşriyyatının və “Azərnəşr”in redaktoru olub. Folklorşünas alim 1928-ci ildə Bakıda keçirilən Azərbaycan Aşıqlarının I Qurultayında iştirak edib və burada bir çox aşıqlarla tanış olub. 1929-33-cü illərdə Azərbaycan Dövlət Elmi-tədqiqat institutunun elmi katibi, “Dil, Ədəbiyyat və İncəsənət” bölməsinin direktoru, sonrakı illərdə SSRİ EA Azərbaycan filialı Tarix İnstitutunun direktor müavini və s. vəzifələrdə işləyib. Azərbaycan folklor örnəklərinin toplanması, nəşri və tədqiqi sahəsində müstəsna xidmətləri olan bu görkəmli folklorşünas alim 1927-ci ildə “Koroğlu” dastanının Aşıq Hüseyn Bozalqanlının dilindən yazdığı iki qolunu, 1929-cu ildə isə 4 qolunu və 6 nağılvari hekayəti kitab halında nəşr etdirib. O, həmçinin 1927-ci ildə “El aşıqları”, 1928-ci ildə “Tapmacalar” kitablarını tərtib edib. “Azərbaycanın Tədqiq və Tətəbbö” cəmiyyəti tərəfindən Şəmkir, Tovuz, Qazax rayonlarına elmi ezamiyyətə göndərilmiş V.Xuluflu 1926-ci ildə “Azərbaycan xalq ədəbiyyatından materiallar” seriyası ilə “El aşıqları” kitabını çap etdirib. Bu kitaba Qurbanı, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli və başqalarının tərcümeyi-halları ilə yanaşı, müxtəlif aşıqların repertuarından yazıya alınmış yüzdən çox qoşma, gəraylı, təcnislər və Şəmkirli Aşıq Hüseynə məxsus “Reyhan” dastanı daxil edilib. Bu kitabın əhəmiyyəti yalnız aşıq yaradıcılığının toplanması və nəşri ilə ölçülmür, o eyni zamanda gələcəkdə nəşr ediləcək aşıq şeirlərinin toplama və tədqiq prinsiplərinin əsasını qoyub. V.Xuluflunun 1927-ci ildə “El aşıqları” adı ilə çap etdirdiyi başqa bir kitabında da Şamxor və Tovuz bölgələrində yaşayan aşıqların yaradıcılığından nümunələr toplamışdır. V.Xuluflu bu kitaba yazdığı kiçik müqəddiməsində, əvvəlcə, keçmiş kəndi, oradakı geriliyi və avamlığı açıb göstərir. Müəllifə görə, xalq öz yolunu azan mollaya mənfi münasibət bəsləyib və onun haqqında “Mollanın yeddisinin başı bir qazanda qaynamaz”, “Mollanın dediyinə bax, əməlinin dalınca getmə” kimi sözlər yaradıb. Din xadimlərinin aşıqlara münasibəti məsələsinə toxunan müəllif bir tərəfdən “aşıqlar xalq ədəbiyyatı və xalq düşüncəsinin canlı bir kitabıdır” deyir və onları müdriklik zirvəsinə qaldırırsa, digər tərəfdən də “kənddəki hakim sinfin və varlıların zövqünü oxşayır” kimi fikirlər söyləyib. Aşıqların mənşəyi barədə V.Xuluflunun qeydləri maraqlıdır: “Aşıqlar kəndin öz arasından çıxan çox vaxt çobanlıq və nökərçilik zamanı söz deyib saz çalmağı öyrənən, sonra el arasında gəzən sənətkarlardır. Bunlar caamatın hər bir xeyir işində, beləcə də, toyda, sünnətdə və s. həmişə hazır olurlar”. V.Xuluflu aşıq sənətinin tərbiyəvi əhəmiyyətindən, dinləyicilərə təsir məsələsindən danışarkən göstərir ki, “ilin hansı fəslində olur isə olsun, bir kəndə aşıq gəldimi, böyük, kiçik onun başına toplanmalıdır. Günün qulağı yatan kimi axşamdan yatmağı öyrənən kəndli uşaqları, ələləxüsus, nökərlər və sığırçılar axurlarda, xırmanlarda, divar dibində böyüklərlə bərabər səhərəcən aşığın nağılına qulaq asırlar. Aşığın kütləni tərbiyə etməsi məsələsi də buradan başlanır”. V.Xuluflunun Azərbaycan aşıq poeziyası haqqında söylədiyi əsas fikirlər aşıq poeziyasını sevən, bilən, toplayan, onun hər bir yaradıcısına diqqətlə yanaşan şəxsin həqiqi sözləridir: “Aşıqlar xalq ədəbiyyatının və xalq düşüncəsinin canlı bir kitabıdır. Bu baradə xalqın keçmişinə, bir qədər tarixinə, dilinə, ictimai əlaqəsinə və s. dair bir çox materiallar verə bilərlər...”. V.Xuluflu aşıq sənətinin həyat hadisələri ilə, xalqın tarixi və məşğuliyyəti ilə bağlılığını da göstərir. 1928-ci ildə V.Xuluflu yenə “Azərbaycanı öyrənmə cəmiyyəti”nin xətti ilə “Tapmacalar” kitabını nəşr etdirir. Müəllif kitaba tapmacaların ideya və bədii xüsusiyyətlərindən bəhs edən yaxşı bir müqəddimə yazıb. Həmin müqəddimədə Azərbaycanda heç tədqiq olunmayan tapmacaların əhəmiyyəti, xalq ədəbiyyatı növləri içərisində mövqeyi və sairə haqqında danışılır. Müəllif “Tapmacalar “ kitabına yazdığı “Bir neçə söz”də tapmacaların Azərbaycan xalqının həyatı, məişəti, yaşayış tərzi və məşğuliyyəti ilə əlaqədar yarandığını söyləyirdi: “El ədəbiyatının başqa növlərinə nisbətən tapmacaların özünün ayrıca bir xüsusiyyəti vardır. Bunun materialı daha real və daha təbiidir. Təbiətdə və həyatda nə görülürsə, tapmaca da onun üzərində qurulur. Bu kitabçanı başdan ayağa qədər oxuyan materialın hamısı əfsanə və mövhumat üzərində deyil, təbiət üzərində qurulduğunu görəcəkdir”. Tapmacaların tərbiyəvi, bədii əhəmiyyətinə toxunan müəllif tapmacalara xalq həyatının “matematikası” demək olduğunu vurğulayır. V.Xuluflu hər bir tapmacanın özündə xalqın həyatı ilə əlaqədar müəyyən hadisə, əhvalat, mənzərə tapmağa çalışırdı. Onun fikrincə, tapmacalar öz məzmununa görə yarandığı mühitin siyasi, ictimai, iqtisadi, mədəni və s. faktorlarını özündə əks etdirir: “Xülasə bir tapmaca xalq həyatının bir çox şeylərini bizim yadımıza salır. Tapmaca , nağıl, hekayə, söhbət və sayirənin kənd arasında olması, onların da ictimai bir həyatı, bir yaradılış qüvvəsi və ictimaiyyəti olduğunu göstərir. Həqiqətən, qış qecələrində lampa işığı olmasa belə, orta ocaq və ya buxarı işığına yığılıb kəndlilər ələlxüsus uşaqlar, xeyli gap-qələcə eləyirlər. Çünki teatr, kino, sirk və s. bu kibi başqa ictimai yer yoxdur. Ona görə də bu qədər geniş şifahi ədəbiyyat əmələ gəlmişdir”. Tapmacaların mənşəyi ilə yanaşı onların özünəməxsus xüsusiyyətlərinə toxunan müəllif tapmacaların digər janrları ilə müqayisədə təbiət və cəmiyyətlə sıx bağlı olduğunu göstərirdi. Tədqiqatçı reallığı bütövlükdə inikas etdirməyi tapmaca janrının spesifik xüsusiyyəti saymışdır. Kitabda verilmiş 726 tapmaca əlifba sırası ilə düzülmüşdür. Hər bir tapmacadan sonra onun toplandığı yer qeyd edilir. V.Xuluflu toplama və nəşr işində çoxvariantlılığa xüsusi əhəmiyyət verib və müxtəlif bölgələrdən toplamış olduğu tapmacaların variantlarını da kitaba salıb. Kitabda bütün tapmacaların toplandığı yerlərə məxsus dil və ləhcə xüsusiyyətləri gözlənilib, tapmacaların cavabları da sıra ilə kitabın lap arxasında verilib. V.Xuluflunun Azərbaycan folklorşünaslığı qarşısında fundamental xidmətlərindən biri “Koroğlu” dastanı ilə bağlıdır. V.Xuluflunun 1925-26-cı illərdə Tovuzda elmi ezamiyyət zamanı o dövrün məşhur el sənətkarı Aşıq Hüseyn Bozalqanlıdan topladığı “Koroğlu” qolları 1927 və 1929-cu illərdə iki müxtəlif nəşr halında işıq üzü görmüşdür. İlk kitab “Toqat səfəri” və “Bağdad səfəri” adlı iki qoldan ibarətdir. Kitabın əvvəlində “Başlanğıc əvəzinə” adlanan hissədə Koroğlunun adı ilə bağlı olan qalalardan, onların yerləşdiyi ərazidən və qəhrəmanın özü barədə xalq arasında dolaşan bir sıra əfsanə və rəvayətlərdən danışılır. Kitabın sonunda isə Vəli Xuluflu aşıq Hüseyn Bozalqanlının tərcümeyi-halını vermişdir. “Koroğlu” dastanının qolları bilavasitə aşıq Hüseyn Bozalqanlının öz dilindən yazılmış və aşığın söylədiyi şəkildə kitaba daxil edimişdir. “Koroğlu” dastanının bu nəşrində V.Xuluflu “Koroğlu nağılları” adlanan hissədə Koroğlu nağıllarının başlıca beş qolu olduğunu qeyd etmişdir: “ Toqat səfəri”, “Bağdad səfəri”, “Ərzurum səfəri”, “Ərəb Reyhan” və “Bolu bəg”. Bu beşindən başqa müəllif Koroğlu adına isnad edilən qeyri-nağıl eşidənlərdən cəmiyyətə xəbər verməsi xahiş olunur. Aşıq Hüseyn haqqında olan yazılan onun öz dillindən yazıya alınmış “Alverçilər”, “Qəsdi nədi”, “Var imiş”, “Geri dur” şeirləri ilə tamamlanır. “Koroğlu” dastanının 1927-ci ildə ərəb əlifbasındakı nəşri V.Xuluflu tərəfindən demək olar ki, əl vurulmadan 1929-cu il nəşrinə də daxil edilmişdir. Bu nəşrdə V.Xuluflu dastanının dörd qolunu – “Toqat səfəri”, “Bağdad səfəri”, “Dərbənd səfəri” və “Dəli Koroğlu və Bolu bəy” qollarını oxuculara çatdırır. Kitabdakı yeni qollar Aşıq Əsəddən yazıya alınmışdır. “Koroğlu” dastanı 1929-cu ildə V.Xuluflu tərəfindən “Azərbaycanı öyrənən cəmiyyət”in xətti ilə latın qrafikasında Hənəfi Zeynallının redaktorluğu ilə yenidən nəşr edilib. Ön sözdən sonra kitabın birinci hissəsində V.Xuluflu dastanın 1927-ci il nəşrindəki dastanlaşma mərhələsində olan ilk qollarını verib: “Koroğlu kimdir?”, “Nigar xanımın gətirilməsi”, “Dəmirçioğlunun dəlilər cərgəsinə girməsi”, “Koroğlunun taciri qaçanda”, “Cünul aşıq”, “Cünul aşıq və Telli xanım”. Nəşrin ikinci hissəsində Gürcüstan türklərindən Koroğlu əhvalatları əks olunur. Əslində, bu dastanın axısxa türklərinin içərisində yayılmış əski bir variantının başlanğıcı, yaxud süjetin qədim söyləmələrindən birinin yadda qalan variantıdır. Bu hissədə “Koroğlu” dastanı ilə o qədər əlaqəsi olmayan nümunə və məlumatlar “Əlavələr” altında verilir. Səkkizinci “Əlavə”də Aşıq Əsədin tərcümeyi-halı verilmişdir. Folklorşünas alim “Koroğlu” dastanını yazıya alarkən folklor mətnlərinin toplanması ənənələrinə sadiq qalaraq mətnə və dialektə müdaxilə etmir. Bu baxımdan toplayıcının 1929-cu il nəşrində verdiyi bir qeyd maraqlıdır: “Kitabın ərəb əlifbası çapında aşığın ifadəsini saxlamışdıqsa da, kəlmələrinin tələffüzünü olduğu kimi yazmamışdıq. Yeni əlifba (ikinci) çapında da bundan imtina etdik. Çünki aşıq Söyün (Hüseyn- müəllif) və aşıq Əsəd ikisi də Qazaxlı olduğundan onların tələffüzündə bir çox xüsusiyyətlər vardır. Onların tələffüzləri olduğu kibi yazılsa idi, başqa qəzaların oxucuları üçün anlaşılması çətin olardı”. Toplama işinin prinsiplərini yaxşı bilən Vəli Xuluflu yalnız o halda mətnə müdaxilə edirdi ki, o mətnin geniş oxucu kütlələri tərəfindən düzgün oxunmasına və qavranmasına mane olmasın. Professor Azad Nəbiyev tədqiqatlarında V.Xuluflu tərəfindən 1933-34-cü illərdə “Koroğlu”nun 14 məclisdən ibarət daha mükəmməl üçüncü nəşrinin də hazırlandığı göstərilir. V.Xuluflunu bir çox müasirlərindən əsas xüsusiyyət ondan ibarətdir ki, o folklorda çoxvariantlılığa, folklor mühitinə və folklorun pasportlaşdırılmasına, yerli dialekt və şivələrə xüsusi əhəmiyyət vermişdir. Xalq ədəbiyyatının toplanması, nəşri və öyrənilməsi ilə ardıcıl məşğul olmuş V.Xuluflu folklora aid kitablarını müəyyən elmi prinsiplər əsasında çap etmiş, dastan, aşıq yaradıcılığı, tapmacalar haqqında indi də öz əhəmiyətini saxlayan nəzəri müddəalar söyləmişdir. Beləliklə, Vəli Xuluflu müasir Azərbaycan folklorşünaslığının yaradılmasında yaxından iştirak edən ilk folklorşünaslarımızdan biri olub. Azərbaycanın görkəmli ziyalılarından biri olan V.Xuluflu 28 fevral 1937-ci ildə əksinqilabi millətçi təşkilatın üzvi kimi həbs olunub və 13 oktyabr 1937-ci ildə güllələnib. V.Xulufluya yalnız 17 noyabr 1956-cı ildə bəraət verilib. Məhəmməd MƏMMƏDOV, Filologiya üzrə fəlsəfə doktoru



Bu yazı ( 52 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar