12px14px16px18px

Rus Dram Teatrında “Teleskop...”un premyerası uğurla keçib

00:34 / 15.05.2012
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında xalq yazıçısı Elçinin “Teleskop” pyesi əsasında hazırlanmış “Teleskop, yaxud yuxuda və gerçəkdə uçuşlar” tamaşasının premyerası gerçəkləşib. Səhnə əsərinin nümayişindən əvvəl jurnalistlərlə söhbətində Elçin pyes haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, “Teleskop” müəllifin son illərdə qələmə aldığı pyeslərdəndir: “Bildiyiniz kimi, pyes ilk dəfə Akademik Milli Dram Teatrında nümayiş olunub. Tamaşaya Finlandiyada yaşayan həmvətənimiz Kamran Şahmərdan quruluş verib. Bu gün isə pyesin bizə doğma olan ikinci teatrımızda – Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşanın rus dilində premyerası keçirilir. Tamaşanın məşqlərində iştirak etmədiyimdən sizinlə birlikdə ilk dəfə bu səhnə əsərini izləyəcəyəm. Quruluşçu rejissor əməkdar incəsənət xadimi İranə Tağızadədir. O bizim məşhur sənətkarımızın, kinorejissor Tofiq Tağızadənin övladıdır. Bu, İranə Tağızadə ilə ilk işimizdir və əminəm ki, əməkdaşlığımız bundan sonra da davam edəcək”. ..Pərdələr açılır. Nəzərəçarpacaq dərəcədə az dekorla süslənmiş səhnədə – xəstəxanada can verən bir kişi görünür. Həkim, xəstənin həyat yoldaşı, qaynanası, qızı, oğlu, dostu və dostunun arvadının müşahidəsilə xəstənin nəbzi yavaşıyır və tamamilə dayanır. Kişi o biri dünyaya, daha doğrusu, iki dünyanın sərhədinə köçür. Elə hər şey də bundan sonra başlayır. Bu dünyada qoparılan yalançı ah-nalələr, o biri dünyaya köçən ruh! O biri dünyada ruh öz keçmiş həyat yoldaşı ilə rastlaşır. Qadın öz keçmiş ərinə bu dünyanın qayda-qanunlarından danışaraq, onun bura adaptasiya olunmasına yardım edir. Sən demə, bura qəhrəmanın əvvəl düşündüyü qədər də pis deyil. Burada kommunal xərclər və başqa qayğılar yoxdur, hər kəs cəmi 48 qramdır. Qadın öz keçmiş ərinə o biri dünyanı göstərmək iqtidarında olan bir teleskopun varlığından danışır. Kişi ailəsinin, sevdiklərinin onsuz nə etdiklərini, hər halda, kədərə düçar olduqlarını düşünərək teleskopa baxmaq istədiyini bildirir. Amma mənzərə heç də onun düşündüyü kimi olmur. Onun ideal zənn etdiyi insanların iç üzü teleskopla açıq-aydın görünür. Kişinin vicdanlı hesab etdiyi həkiminin xəyanəti, qızı və oğlunun hələ klinik ölüm ərəfəsindəykən atalarının pullarını axtarmaları kişinin düşüncəsini alt-üst edir. Sən demə, kişinin qızı və oğlu həm də siqaret çəkirlərmiş. Bu da azmış kimi atalarının pullarını tapıb özlərinə maşın almaq sevdasındadırlar. Kişinin ən yaxın dostu isə həyat yoldaşı ilə söhbətində bir sıra mətləblərə aydınlıq gətirir. Sən demə, ölən dostu onun yaradıcılığına, hətta evinin təmirinə də paxıllıq edirmiş... Səhnə əsərinin sonu tamaşaçılara alternativ variantda təqdim olunub. Kişi əvvəlcə dörd əsas mələyin qərarı ilə o biri dünyaya, yəni həyata qaytarılır. Lakin o, iç üzlərini gördüyü, riyakar insanların yanına qayıtmaqdansa, keçmiş arvadını üstün tutur. İkinci variantda isə geriyə, yerə dönən kişi öz sevdiklərinə qovuşduğu üçün çox xoşbəxtdir. Tamaşanın quruluşçu rəssamı Rusiyanın Sankt-Peterburq şəhərindən dəvət olunmuş Emil Kapelyuş, kostyum üzrə rəssam yenə Sankt-Peterburqdan olan Yuri Suçkovdur. Səhnə əsərində rolları Xalq artistləri Səfa Mirzəhəsənov (kişi), Aleksandra Nikuşina (qaynana), Yuri Baliyev (həkim), əməkdar artistlər Nataliya Baliyeva (Mələk Əzrayıl), Fuad Osmanov (dost), aktyorlar Bella Safina (həyat yoldaşı), Milana Mardaxanova (qızı), Elşad Murtuzov (oğlu), İlkin Mehdiyev (Mələk Mikayıl), Fərid Bəhramov (Mələk İsrafil), Teymur Rəhimov (Mələk Cəbrayıl) və başqaları ifa ediblər. Quruluşçu rejissor və rəssamın zəngin təxəyyülü sayəsində səhnədə yaradılan maraqlı tərtibat, parlaq ulduzlar, ayın aydın görünüşü tamaşaçıda xoş təəssüratlar oyadır. Daha çox müzikl xarakteri bağışlayan səhnə əsəri romantik ab-hava yaradan məşhur musiqi parçaları ilə müşaiyət olunub. Tamaşanın premyerasında dövlət və hökumət nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. HÜSNİYYƏ


Bu yazı ( 450 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar