12px14px16px18px

ÜNS Yaradıcılıq Səhnəsində Maqsud İbrahimbəyovun yeni kitabının təqdimatı olub

00:33 / 15.05.2012
ÜNS Yaradıcılıq Səhnəsində tanınmış nasir, kinodramaturq, Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Şikayət qəbul edilmir” (“Objalovanie ne podlejit”) kitabının təqdimat mərasimi keçirilib. 77 yaşının tamam olduğu gündə gerçəkləşən mərasimi giriş sözü ilə açan müəllif bütün iştirakçıları salamlayaraq ÜNS Yaradıcılıq Səhnəsində belə maraqlı tədbirlərin həyata keçirilməsinin ənənə halını aldığını diqqətə çatdırıb: “ÜNS Yaradıcılıq Səhnəsi maraqlı tədbirlərlə təkcə teatr həyatımızda deyil, mədəniyyətimizdə, mədəni həyatımızda əhəmiyyətli mövqeyə malikdir. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru professor Nərgiz Paşayevanın rəhbərlik etdiyi ÜNS Yaradıcılıq Səhnəsi Azərbaycandakı zəngin teatr sənətinə dayanaraq özündə ənənə və müasirliyi birləşdirir. Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutoronun Macarıstan prezidentinin professor Nərgiz Paşayevanı bu ölkənin ən yüksək dövlət mükafatlarından biri – Macarıstanın “Xidmətlərə görə” komandor xaç ordeni ilə təltif etməsi şərq və qərb mədəniyyətinin sintezinin bədii əksinin uğurlu göstəricisidir”. Yeni işıq üzü görən kitab haqqında danışan müəllifin sözlərinə görə, oxucuların reaksiyası nəşrin dəyər və keyfiyyətinin göstəricisi olacaq. ÜNS Yaradıcılıq Səhnəsinin rəhbəri professor Nərgiz Paşayeva haqqında dediyi xoş sözlərə görə M.İbrahimbəyova təşəkkürünü bildirərək, günümüzün aktual məsələsi – kitablara qarşı münasibət barədə fikirlərini bölüşüb: “Kitablara marağın bərpası üçün Maqsud İbrahimbəyov kimi dəyərli müəllifin yaradıcılığı olduqca əhəmiyyətlidir. Əminəm ki, bədii ədəbiyyata, kitaba təşnə insanlar üçün bu kitab əla mütaliə mənbəyi olacaq”. N.Paşayeva müəllifin yaradıcılığı haqqında da məlumat verib: “Bədii yaradıcılığa ötən əsrin 60-cı illərindən başlayan Maqsud İbrahimbəyov dramaturq və kinossenarist kimi keçmiş Sovetlər Birliyində geniş tanınmışdır. Onun “Bütün yaxşılıqlara ölüm”, “Truskavetsə kimlər gedir”, “Sən nəğməmsən mənim” və digər əsərləri məşhurdur, həmin əsərlərin ssenariləri əsasında maraqlı filmlər çəkilib”. Tədbir iştirakçılarına kitab haqqında söz açan N.Paşayevanın sözlərinə görə, hər bir oxucu burada bir çox önəmli mətləblə qarşılacaq: “Şikayət qəbul edilmir” qeyri-adi bir kitabdır. Bu kitabda hər şey var: məhəbbət, nifrət, həyəcan, kinayə, insan taleyinin mürəkkəbliyi... Kitab müəllifinin qeyri-adi zəkası, cəsarəti, yumoru, gülüşü, kinayəsi, həyata, insanlara münasibəti, hətta reallıq və kobudluq qarşısındakı “acizliyi”ni əks etdirir. Ən başlıcası isə kitabın aydın, axıcı dilinə xüsusilə diqqət yetirilməlidir. Bunu bir peşəkar filoloq kimi deyirəm”. ÜNS Yaradıcılıq Səhnəsində bu tədbirin önəmli hadisə kimi qalacağına əminliyini diqqətə çatdıran N.Paşayeva kitabın təqdimatı üçün bu məkanı seçdiyinə görə müəllifə təşəkkürünü bildirib. “Bu mərasimə toplaşan insanlar kitab oxumağı, xüsusilə də Maqsud İbrahimbəyovun kitablarını oxumağı sevənlərdir. Maqsud İbrahimbəyov 50 ilə yaxındır ki, ədəbiyyatdadır. Lakin onun yazdıqları bütün dövrlər üçün aktuallığını saxlayır. Onun əsərlərində toxunduğu problemlərin təsviri həm problemə yanaşma tərzi və baxış bucağı, həm də dilinin rəvanlığı ilə sıx vəhdət təşkil edir. Bu isə hər bir müəllif üçün başlıca amildir. Kitabda müəllifin təsvirini verdiyi şəkil gəmgindir. Lakin sonluq çox işıqlıdır”. Bu fikirləri tədbirdə çıxış edən tanınmış publisist və ssenarist Nadejda İsmayılova səsləndirib. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski kitabla bağlı təəssüratlarını bölüşərək, M.İbrahimbəyovun digər müəlliflərdən fərqli yaradıcılıq keyfiyyətlərini diqqətə çatdırıb. Tədbir iştirakçıları müəllifi doğum günü və yeni kitabı münasibətilə təbrik edərək, yaradıcılıq uğurlarının davamlı olmasını arzulayıblar. HÜSNİYYƏ


Bu yazı ( 105 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar