12px14px16px18px

Əjdər Ol “Gürcüstan Mədəniyyətinin Səfiri” medalı ilə təltif olunub

TANINMIŞ AZƏRBAYCAN YAZIÇISININ GÜRCÜSTANDA ÇIXAN KİTABININ TİFLİSDƏ TƏQDİMATI KEÇİRİLİB

12:47 / 05.05.2012
Bu yaxınlarda Azərbaycanın dəyərli ədəbiyyat adamı, yazıçı-publisist, şair və dramaturq Əjdər Olun Gürcüstanda “Hərbi səhra komandirinin meymunu” adlı nəsr kitabı işıq üzü görüb. Gürcüstanın məşhur “Merani” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən 125 səhifəlik kitaba yazıçının “Qrafoman”, “Namiq Abdullayevin axırı”, “Fa”, “Börüsoy”, “Qəbulda”, “Tütün limanı”, “Hərbi səhra komandirinin meymunu” kimi bizim oxucular tərəfindən də sevilə-sevilə oxunan 9 hekayəsi daxil edilib. Hekayələri gürcü dilinə istedadlı tərcüməçi Nelli Məmmədli çevirib. Kitabın redaktoru Tamaz Ekvtmişvili, rəssamı Nika Temulariyadır. Əjdər Ol əsərləri dünya xalqlarının dilinə ən çox çevrilən yazıçılarımızdandır. Müəllifin son illərdə polyak, türk və rus dillərində də kitabları nəşr edilib.
Aprelin 28-də Tiflisdə “Hərbi səhra komandirinin meymunu” gürcü oxucularına və ədəbi cameəyə təqdim olundu. Gürcüstan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Gürcüstan Bəstəkarlar evində təşkil olunan təqdimat mərasimində gürcü ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndələri, qonşu ölkədə yaşayan soydaşlarımız, tanınmış ədəbiyyatçılar, Tiflisdə Azərbaycan dilində fəaliyyət göstərən məktəbin şagirdləri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gürcüstan Yazıçılar Birliyinin sədri, şair Makvala Qonaşvili Əjdər Ol haqda görüş iştirakçılarına geniş məlumat verib, sonra müəllifin yaradıcılığı və əsərlərinin məziyyətləri barədə ətraflı danışıb. Tədbirdə gürcü mədəniyyətinin tanınmış simaları Enriko Canalidze, Gürcüstan Dövlət mükafatı laureatları Rezo Adamiya və Badri Kumanaladze, Şota Rustaveli cəmiyyətinin prezidenti David Şemoxmedeli, Giya Txetiyani, Süleyman Süleymanov və başqaları çıxış edib, Əjdər Ol yaradıcılığının xüsusiyyətlərindən söz açıblar. Natiqlər çıxışlarında Əjdər Ol nəsrinin oxunaqlı, koloritli bir dillə yazıldığını, bu hekayələrin azərbaycanlılarla yanaşı gürcülərin də bölüşdüyü ortaq yeni tarixə işıq saldığını, bu mənada müasir gürcü oxucusu üçün böyük maraq doğuracağını dilə gətiriblər. Qeyd olunub ki, Əjdərin personajları gürcülər üçün doğmadır, iti yazıçı müşahidələri əsasında usta yazıçı qələmi oxucuya təqdim olunan hekayələr, ordakı adamların üzləşdiyi ictimai-siyasi situasiyalar, yaşadıqları təlatümlər, üz-üzə qaldıqları sosial problemlər həm də müasir Qafqazın, qafqazlının bədii dillə ifadə olunan tarixidir.
Gürcüstan mətbuatına müsahibəsində Əjdər Ol bunları deyib:
“Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin tarixi gedir , XIX əsrin ortalarına, hətta daha əvvələ gedib çıxır. Fikrimcə son illərdə həm gürcü ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi,həm bizim ədəbiyyatın gürcü dilinə çevrilməsi, bu sahədəki intensivlik ədəbi əlaqələrimizin yeni mərhələsidir. Çağdaş ədəbi nəsillər formalaşır və yeni münasibətləri diqtə edir. İnteqrasiya yeni keyfiyyətlərlə özünü büruzə verir. Əlbəttə, bu eyni zamanda əvvəlki ədəbi əlaqələrin, dostluq və həmkar bağlarının davamıdır. Mənə bir müəllif kimi gürcü oxucuları ilə təmasda olmaq maraqlıdır. Peşəkar ədəbiyyatçıların dəyərli sözləri, isti rəyləri o deməkdir ki, kitab, kitaba daxil edilən hekayələr gürcü oxucularının da diqqətindən yayınmayacaq... Ümumiyyətlə hesab edirəm ki, bu gün təkcə mənim kitabım təqdim olunmur, həm də müasir Azərbaycan ədəbiyyatı təqdim olunur gürcü oxucusuna. Eyni zamanda bunun məsuliyyətini də hiss eləmək çox xoşdur...”
Görüşün sonunda Əjdər Ola Tiflis şəhər meriyasının “Gürcüstan Mədəniyyətinin Səfiri” medalı təqdim olunub. Medalı meriyanın səlahiyyətli təmsilçisi Qiqi Uqulala təqdim edib.
GÜNEL



Bu yazı ( 180 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar