12px14px16px18px

Gəncə Dövlət Dram Teatrı Bakıda "Müsyo Jordan və dərviş Məstəli şah"la "Evlənmə"ni göstərəcək

00:45 / 04.05.2012

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrının səhnəsində iki tamaşa oynayacaq. Bu tamaşalardan biri M.F.Axundzadənin "Hekayəti-müsyo Jordan və dərviş Məstəli şah caduküni-məşhur" komediyası əsasında hazırlanan tamaşadır.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan, görkəmli ədib M.F.Axundovun 200 illik yubileyinə həsr olunmuş tamaşanın premyerası cari ilin əvvəllərinə keçirilib.
"Hekayəti-müsyo Jordan və dərviş Məstəli şah caduküni-məşhur" adlı iki hissəli komediyanın quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyevadır.
Tamaşada Xalq artisti Pərvanə Qurbanova (Şəhrəbanu xanım), əməkdar artist İlham Hüseynov (Müsyo Jordan), aktyorlar Eldəniz Tağıyev (Hatəmxan ağa), Elxan Abbasov (Dərviş Məstəli şah), Günay Verdiyeva (Şərəfnisə), Ləman Yusibova (Gülçöhrə), Elşad Əhmədov (Şahbaz bəy), Rəhilə Məmmədova (Xanpəri) və Rauf Hüseynov (Qulaməli) çıxış edirlər.
Rejissor Gümrah Ömərin sözlərinə görə, o, tamaşanı dünyaya inteqrasiya prosesi və bu yolda mövcud olan əngəllər, Azərbaycan ailəsinin konservativ strukturu, milli adət-ənənələr və dünyəvilik kimi ideyalar üzərində qurub. "Mən bu tamaşada faktı konstatasiya etmişəm və qəti ehkamlar irəli sürməkdən çəkinməyə çalışmışam. Bəli, Azərbaycan ailəsində, həqiqətən də, yararsız, köhnəlmiş ənənələr az deyil. Amma bu gün qloballaşma devizi altında itirdiyimiz bir çox gözəl dəyərlər də var. Hatəmxan ağanın ailəsi Şahbaz bəyin Parisə getməyinə hər cür vasitə ilə mane olurlar. Onların seçdiyi vasitələrdən avamlıqları və cəhalətləri gün kimi aydın olur. Amma bəlkə də bütün baş verənlər yaxşılığa doğrudur".
Bakıda nümayiş olunacaq ikinci tamaşa N.V.Qoqolun "Evlənmə" pyesi əsasında hazırlanmış eyniadlı səhnə əsəridir. Qətiyyən inanılması mümkün olmayan bir hadisənin (tamaşanın janrı məhz belə təyin olunub) quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır. Tamaşada əsas rolları Xalq artisti Alim Məmmədov (Qayğanaq), əməkdar artist İlham Hüseynov (Podkolyosin), aktyorlar Zəminə Cəfərova (Aqafya), Elxan Abbasov (Koçkaryov), Şəlalə Rüstəmova (Fyokla), Novruz Cəfərov (Jevakin), Rauf Hüseynov (Anuçkin) və Samir Abbasov (Stepan, Starikov) ifa edirlər. Qeyd edək ki, tamaşa dövlət sifarişi üsulu ilə hazırlanıb.
HÜSNİYYƏ



Bu yazı ( 104 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar