12px14px16px18px

Respondentlər müxalifətin müsabiqədən öz məqsədləri üçün istifadə etmək cəhdlərinə qarşıdır

11:48 / 02.05.2012
Azərbaycan əhalisinin böyük əksəriyyəti müxalifətin "Avroviziya-2012" mahnı müsabiqəsindən öz məqsədləri üçün istifadə etmək cəhdlərini mənfi qarşılayır. Bunu "Rəy" Monitorinq Mərkəzinin keçirdiyi ümummilli ictimai rəy sorğusunun nəticələri göstərir. Bu barədə "525"ə Mərkəzdən məlumat verilib. Müsabiqə ərəfəsində bəzi müxalifət partiyalarının ölkədə mitinq fəallığını artırmağa cəhd göstərir və ümid edir ki, ölkəyə beynəlxalq maraq artdığı üçün onların aksiyaları da nəzərdən qaçmayacaq. Bəs Azərbaycan əhalisi müxalifətin bu addımlarına necə münasibət bəsləyir? Xalq onların şüar və tələblərini dəstəkləyirmi, yoxsa aksiyaları təşkil edənlər gözləntilərində yanılıblar? Bu və bu kimi digər suallara həsr olunmuş ümummilli rəy sorğusu müxalifət üçün ürəkaçan olmayan bir sıra məqamlar üzə çıxarıb. "Avroviziya-2012" ərəfəsində müxalifətin keçirməyə başladığı mitinqlər barədə nəsə eşitmisinizmi, yoxsa ilk dəfə indi eşidirsiniz, eşitmisinizsə, onların şüar və tələbləri ilə tanışsınızmı" sualının cavabında respondentlərin 47 faizi bu barədə ilk dəfədir ki, eşitdiyini bildirib. 36,6 faiz isə mitinqlər barədə eşitmişəm, lakin onların konkret nəyə həsr olunduğunu bilmədiyini deyib. Cəmi 15 faiz isə mitinqlər və orada səslənən tələb və şüarlar barədə eşitdiyini deyib. 0,8 faiz respondent isə həmin mitinqlərdə şəxsən iştirak etdiyini deyib. Belə aksiyalara necə yanaşırsınız? sualının cavabına isə 64 faiz dəstəkləmədiyini, 16,8 əsasən dəstəkləmədiyini, 5,6 faiz etinasız yanaşdığını, 6,9 % cavab verməkdə çətinlik çəkdiyini, 4,3% dəstəklədiyini, 2,3% qismən dəstəklədiyini bildirib. "Bu mitinqlər sizdə hansı hissləri doğurur" sualının cavabında isə 41,9%- hiddət, qıcıq, 15,5% gələcəyimizə görə narahatlıq doğurduğunu, 16,8% məyus edir, bezdirir, 14,4% heç bir hiss oyatmadığını bildirib. Yalnız 2,3% dəstək və həmrəylik hissi oyatdığını deyib. "Müxalifətin mitinqində belə bir şüar səsləndirilib: bizə Qarabağ lazımdır Avroviziya yox. Bununla bağlı aşağıdakı fikirlərdən hansı ilə razısınız" sualına cavablar isə aşağıdakı kimi olub: bu, müsabiqəyə qarşı mənfi münasibət yaratmağa yönəlmiş bir təxribatdır - 45,8%, müxalifət hakimiyyətin bütün müsbət işlərinə göz yumur, axı əslində Azərbaycanın bütün uğurları, o cümlədən "Avroviziya"nın Bakıda keçirilməsi, elə Qarabağ probleminin həllinə şərait yaradır - 37,3%, bu, müxalifətin təbliğat gedişidir, özü də fərq etməz "təmiz", yoxsa "çirkli" təbliğat - təki işə yarasın- 4,5%, bu şüarla razıyam, müxalifət haqlıdır - 5,5% və cavab verməkdə çətinlik çəkirəm- 6,9% olub. Qeyd edək ki, hesabat 2012-ci il aprelin 24-29-da keçirilmiş "omnibus" tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib.
AQİL





Bu yazı ( 60 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar