12px14px16px18px

Nahid Emiloğlu: "Rafetin konsertləri Sərdarın çıxışlarından ucuz başa gəlir"

11:37 / 02.05.2012
Bu yaxınlarda Türkiyədən qayıdan tanınmış təşkilatçı-prodüsser Nahid Emiloğlu ilə görüşdük. Yeni layihələrlə Azərbaycan musiqisevərlərinin görüşünə gələn prodüserlə söhbətimizin oxucular üçün də maraqlı alınacağını düşündük. O bizimlə söhbətində, vətənə böyük sürprizlərlə qayıtdığını dedi və qarşıdakı planlarının uğurla gerçəkləşməsi üçün gördüyü işlərdən bəhs etdi.

- Nahid bəy, Türkiyədən Vətənə hansı əhval-ruhiyyə ilə döndünüz? Sənətsevərlərə nə kimi töhfələriniz var?
- Mən Türkiyədə də elə təşkilatçılıq işlərimi davam elətdirirdim. Yaxın gələcəkdə Sərdar Ortacın, Rafet El Romanın və Tarkanın konserti gerçəkləşdiriləcək. "Sən bir nəğməsən" musiqi yarışmasının yenidən seçim turu və efir yayımı nəzərdə tutulur. Sərdar Ortacın konserti may ayının sonunda Heydər Əliyev adına Sarayda baş tutacaq və bu konsertdə böyük sürprizlər gözlənilir. Rafet El Roman isə eyni səhnəni Sevda Yəhyayeva ilə paylaşacaq, həmişəkindən tam fərqli bir konsert olacaq. Bu konsert isə iyun ayının 10-na nəzərdə tutulub. Həm də Tarkanın yenidən Bakıya gəlməsi gözlənilir, bu da bir fərqli konsert olacaq, istər məkan baxımından, istərsə də biletlərə görə. Biletlər pulsuz, məkan isə Qəbələ şəhəri olacaq. Xaricdən qonaqların gəlməsi də gözlənilir. İnşaallah, bu işlərin uğurla baş tutması üçün çalışırıq.
- Sərdar Ortac, Rafetdən fərqli olaraq, Bakıya az gəlib, bunun səbəbini bilmək olarmı? Axı Sərdarın pərəstişkarları bizdə Rafetdən heç də az deyil, hətta bu baxımdan bir-birilərinə rəqib də sayılırlar.
- Rafetin Bakıda mənim iştirakımla 22 konserti təşkil olunub və hər dəfə də böyük anşlaqla keçib. Sərdar isə Bakıda üç dəfə olub, bu, 4-cü konserti olacaq, inşaallah. Qaldı ki, Sərdarın Bakıya Rafetdən az gəlməsinə, burada müğənniyə ödəniləcək qonorar əsas rol oynayıb. Rafetin verdiyi konsertlər Sərdarın çıxışlarından ucuz başa gəlir.
- Sərdar Ortac Bakıya gəlişlərində hansısa kaprizlər nümayiş etdirib, fərqli şərtlər irəli sürübmü?
- Xeyr, elə hallar olmayıb. Sərdar Ortacla mən həyatda dostam, dost dosta kapriz etməz!
- Bayaq sürprizlərdən bəhs etdiniz. Sərdar Ortacın konsertində tamaşaçılara nə kimi yeniliklər, sürprizlər vəd olunur?
- Sərdar burada musiqisi Kamal Heydərə, sözləri Baba Vəziroğluya məxsus "Gəlsən də, gəlməsən də" adlı mahnını ifa edəcək. Bu, bir xəbər olaraq yeni sayılmasa da, ifa kimi konsertdə eksklüziv olacaq. Sərdarın iki saat yarım səhnədə qalması, bir neçə azəri mahnısı ifa etməsi gözlənilir. O, son dəfə 2008-ci ildə Bakıdan gedib və bu 4 ildə 2 albomu çıxıb. Bu albomlara daxil olan mahnıları tamaşaçılar heç yerdə canlı dinləməyiblər, Sərdar həmin mahnıları da canlı şəkildə məhz nəzərdə tutduğumuz konsertində tamaşaçılara təqdim edəcək.
- Sözügedən mahnıya klip çəkilməsi gözlənilirmi? Mahsun Kırmızıgül Bakıda klip çəkdirərkən azərbaycanlı bir xanımı özünə klip ortağı seçmişdi, bəs Sərdar necə?
- Bu mahnıya xüsusi bir klip nəzərdə tutulmur. Klipin görüntüləri əsasən konsertdən reportaj, fraqmentlərdən ibarət olacaq.
Arzu HÜMBƏTOVA



Bu yazı ( 81 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar