12px14px16px18px

ABŞ-ın muzey mütəxəssisləri Azərbaycanda səfərdə olublar

11:37 / 02.05.2012
Bakıda və Naxçıvanda muzey işinə dair "Muzeylərin idarə edilməsi və inkişafı" mövzusunda seminar-treninqlər keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə Smitsonian İnstitutunun Asiya Mədəniyyət Tarixi Muzeyinin direktoru, Antropologiya şöbəsinin Asiya, Avropa və Orta Şərq Etnologiyası üzrə kuratoru Dr. Pol Maykl Teylor və onun 3 həmkarı Azərbaycanda səfərdə olub.
Muzey Mərkəzində təşkil edilmiş seminar-treninqlərdə Bakı şəhərində və regionlarda yerləşən muzeylərin rəhbərləri və əməkdaşları iştirak ediblər. Tədbirlərdə müasir Amerika muzeylərinin fəaliyyəti, idarəçiliyin mütərəqqi üsulları (müasir menecment), muzey işinə yeni yanaşma, muzey toplularının qorunması, muzey işçiləri arasında əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təcrübənin yerlərdə tətbiq edilməsi, açıq kommunikasiya sahəsinin formalaşması, mədəni turizmin inkişafı, habelə müxtəlif mövzularda mühazirələr təqdim edilib. Tədbir iştirakçılarına Smitsonian İnstitutunun sertifikatları təqdim edilib.
Naxçıvana səfər edən mütəxəssislər burada fəaliyyət göstərən muzeylərin rəhbərlərinin iştirakı ilə treninqlər təşkil edib. Səfər proqramına əsasən nümayəndə heyəti Naxçıvanda yerləşən bir sıra muzey və qoruqlarla tanış olub, habelə Naxçıvanda Pensilvaniya Universitetinin arxeoloqlarının apardıqları qazıntı ərazisinə baxış keçiriblər. Treninqlərdə müasir muzey işinə dair geniş fikir mübadiləsi aparılıb, qonaqlar tədbir iştirakçılarının çoxsaylı suallarına cavab veriblər.
Qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, "Atəşgah" məbədində, İçərişəhər qoruğunda olublar, habelə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspozisiyası ilə tanış olublar. Onlara Qədim Musiqi Alətləri Ansamblının konserti təqdim olunub.
ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan tədbirdə iştirak edən qonaqlar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən qəbul ediliblər. Görüşdə Azərbaycanda muzey işinin vəziyyəti və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.






Bu yazı ( 51 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar