12px14px16px18px

Ustad tarzən Ramiz Quliyevin 65 yaşı tamam olub

00:12 / 01.05.2012
Aprelin 30-da görkəmli musiqiçi, ustad tarzən, Azərbaycanın Xalq artisti, professor Ramiz Quliyevin 65 yaşı tamam olub. Məşhur tarzən Azərbaycan musiqi sənətində mühüm yeri olan virtuoz ifaçılardan biridir. XX əsrin 60-cı illərində təməli qoyulmuş müasir tar ifaçılığı məktəbinin yaranması və təşəkkülü onun adı ilə bağlıdır. Hazırda Azərbaycan xalq musiqisini sevənlər arasında elə bir şəxs tapılmaz ki, tarın mahir ifaçısı, milli muğamlarımızın mahir bilicisi olan Ramiz Quliyevin yaradıcılığı ilə tanış olmasın. Onun xarici ölkələrə qastrolları da həmişə uğurla keçərək, böyük rezonans doğurub. R.Quliyevin tarı Türkiyə, Əfqanıstan, Qvineya-Bisau, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, Yaponiya, ABŞ, Kanada, Polşa, Danimarka, İran, İraq, Fransa, İngiltərə, Avstriya, İsrail, Norveç, Moldova və digər ölkələrdə heyranlıqla qarşılanıb, harada konsert veribsə, həmişə müvəffəqiyyət qazanıb. 1974-cü ilin iyun ayında musiqiçilərin Zaqafqaziya festivalında ona birinci mükafata, həmin ilin oktyabr ayında isə Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində 1100 nəfər iştirakçı arasında laureat adına layiq görülüb.
1987-ci ildə Səmərqənddə keçirilən III Beynəlxalq musiqişünaslıq simpoziumunda R.Quliyev Sadıqcan adına muğam üçlüyünün rəhbəri və solisti kimi böyük müvəffəqiyyətlə çıxış edib. 1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalındakı uğurlu çıxışından sonra o, yüksək ifaçılıq məharətinə görə komitə rəhbərliyinin xüsusi diplomuna layiq görülüb. 1989-cu ildə isə R.Quliyev ənənəvi “Böyük ipək yolu” festivalına dəvət olunaraq, 40 gün ərzində Yaponiyanın 30-dan artıq şəhərlərində konsertlər verib.
1997-ci ildə dünya şöhrətli musiqiçi M.Rostropoviç Ramiz Quliyev və oğlu Əyyub Quliyevin birgə ifalarını yüksək qiymətləndirərək, onları aprel ayında Bakıda, may ayında isə Moskvada keçirilən 70 illik yubileyində çıxış üçün dəvət edib. 1997-ci ilin dekabrında İsrailin Yerusəlim şəhərində Beynəlxalq Şərq musiqisi festivalında öz çıxışları ilə fərqlənib və orada yaratdığı “Şərq alətləri orkestri”ni nümayiş etdirib.
1993-cü ildə sənət uğurlarına görə “Humay” mükafatına layiq görülüb. 2001-ci ildə “XXI əsrin ilk laureatları” ali dərəcəli mükafatını, “İlin fədakar sənətçisi” fəxri adını qazanıb. Sovet dövründə respublika komsomolu mükafatı laureatı (1978), musiqi ifaçılığı sənətinin inkişafındakı xidmətlərinə görə Əməkdar artist (1982), Xalq artisti (1988) fəxri adları ilə təltif edilib.
Görkəmli tarzən yorulmaz ifaçılıq fəaliyyəti ilə yanaşı, pedaqoji sahəyə də çoxlu güc və qüvvə sərf edir. Artıq bir çox illərdir ki, Ramiz Quliyev gənc ifaçı və müəllimlərin böyük bir ordusunu yetişdirməklə, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında öz pedaqoji fəaliyyətini davam etdirir. Onun xarici və Azərbaycan bəstəkarlarının tar ilə fortepiano üçün işləyib, köçürdüyü bir çox, olduqca dəyərli əsərləri çapdan çıxıb. R.Quliyev bir sıra dərsliklərin, proqramların, elmi məqalələrin və metodiki tövsiyələrin müəllifidir. 40 ildən artıq bir müddətdə professor R.Quliyevin sinfini bitirmiş tələbələri Azərbaycanın ali və orta ixtisas tədris müəssisələrinde, orkestr və ansambllarda, eləcə də xarici ölkələrdə fəaliyyətlərini davam etdirirlər.
R.Quliyev İsveçrənin “La strimpellata” orkestri, Vyana Dövlət Kamera orkestri, Podlaziya Opera və Filarmonik orkestri, Koşalin və Lublin şəhərlərinin Filarmonik orkestrləri (Polşa), Rusiya Dövlət Akademik rus xalq çalğı alətləri və estrada simfonik orkestrləri, N.Osipov adına Rusiya Dövlət Akademik Milli Orkestri, İran İslam Respublikasının Dövlət Milli orkestri, Moldova Dövlət Filarmonik və Dövlət Teleradio Simfonik orkestrləri, Belarus Dövlət Akademik simfonik orkestri, Novosibirsk və Kalininqrad şəhərlərinin filarmonik orkestrləri, Özbəkistan Dövlət simfonik orkestri, Azərbaycan Dövlət simfonik və kamera orkestrləri, Niyazi adına Azərbaycan Televiziyasının simfonik orkestri və digər kollektivlərlə konsertlər verib.
Uğurlu yaradıcılıq fəaliyyətinə görə Ramiz Quliyev 26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatı ilə təltif olunub. 2007-ci ilin mayında dövlət başçısının sərəncamı ilə Ramiz Quliyev musiqi sənətinin inkişafındakı xidmətlərinə görə yüksək mükafata “Şöhrət” ordeninə layiq görülüb.
Yubileyi münasibətilə görkəmli sənətkarımızı təbrik edir, ona cansağlığı, yeni uğurlar arzulayırıq!
GÜNEL




Bu yazı ( 113 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar