12px14px16px18px

Aqil Abbas:“Bu müraciət mənə qarşı provokasiyadır”

06:41 / 28.04.2012
“Mənə “Xalq yazıçısı” adının verilməsi üçün müraciət olunması provokasiyadır. Bu cür müraciətin edilməsini çox pis qarşıladım”. Bu fikirləri Kulis.az-a verdiyi açıqlamada yazıçı, millət vəkili Aqil Abbas söyləyib. Aqil Abbas deyib ki, müraciətdə region qabardılması lüzumsuzdur: “Bəyəm fəxri ad veriləndə deyirlər ki, filan yerdən beş nəfər olsun, filan yerdən üç nəfər? Bu, nə yanaşmadır? İnsanın yaradıcılığına, qabiliyyətinə, əsərlərinə görə ona ad verirlər. Regiona görə ad verirlər? Digər tərəfdən mən elə Xalq yazıçısıyam da. Qarabağlılar məni millət vəkili seçərək mənə çox böyük bir status, tribuna veriblər. Bu cür müraciət, region amilinin qabardılması lüzumsuzdur. Qurban Bayramovdan bunu gözləməzdim və bu müraciəti özümə qarşı provokasiya hesab edirəm. Mən Qurban Bayramovu tanıyıram, gözəl insandır, alimdir. Ancaq soruşan gərək, sən mənim əvəzimdən niyə danışırsan? Mənimlə bağlı müraciət edincə 15-20 romanımdan birini təhlil et, denən ki, pis, yaxud yaxşı yazmısan. Sənətin budur, öz sənətinlə məşğul ol da...”
Millət vəkilini bu müraciətin təsisçisi olduğu “Ədalət” qəzetində dərc olunması da əsəbiləşdirib: “Bu müraciəti “Ədalət” qəzeti dərc edib. Bunu səhifəyə kimin qoyduğunu araşdıracaq və həmin şəxsi cəzalandıracağam. Mənim özümdən soruşmaq lazım idi”.
Xatırladaq ki, Qarabağ Ağsaqqallar Şurasının üzvü, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, ədəbiyyatşünas-tənqidçi Qurban Bayramov baş nazirin müavini Elçin Əfəndiyevə, Yazıçılar Birliyinin sədri Anara, Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadəyə açıq məktub yazıb. Qurban Bayramov onlardan xahiş edib ki, yazıçı Aqil Abbasa və şair Ənvər Əhmədə, müvafiq olaraq, “Xalq yazıçısı” və “Xalq şairi” fəxri adlarının verilməsi barəsində təqdimatı Prezidentin diqqətinə çatdırsınlar.



Bu yazı ( 171 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar