12px14px16px18px

Diplomatik Akademiyadakı mədəniyyət festivalında 20 ölkə təmsil olunub

06:39 / 28.04.2012
Dünən Azərbaycan Diplomatik Akademiyasında (ADA) İkinci Beynəlxalq Mədəniyyət Festivalının açılışı olub. ADA Kitab Mərkəzinin təşəbbüsü ilə keçirilən festivaldan məqsəd 20-dək ölkənin nümayəndələrini bir araya gətirməklə, müxtəlif mədəniyyətlər arasında dialoq qurmaq və Azərbaycandakı beynəlxalq tələbələrin ünsiyyət qurmasına şərait yaratmaqdır. Açılışda Azərbaycandakı səfirliklərin diplomatları, beynəlxalq təşkilatların əməkdaşları və Azərbaycanın müxtəlif universitetlərində, o cümlədən, ADA-da təhsil alan xarici tələbələr iştirak ediblər.
Tədbirin açılışında ADA-nın prorektoru Fariz İsmayılzadə bildirib ki, ADA Kitab Mərkəzinin iki yaşı tamam olur: “Bu tədbir ADA Kitab mərkəzinin yaranmasıyla əlaqədar təşkil edilir. I Beynəlxalq Festival 2011-ci ilin aprelində keçirilib. 17 səfirliyin iştirakı ilə keçirilən tədbirdə müxtəlif rəqs və musiqi nümunələri ifa olunan, fərqli ölkələrin milli mətbəxləri, rəngarəng ölkə stendləri və milli geyimlər təqdim edilib. İlk festivalda 200-dən artıq qonaq iştirak edib. Bu festivalda 20 ölkədən 300-dək insan öz ölkəsinin mədəniyyətini sərgiləyir”.
Xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Azərbaycan zəngin mədəniyyətə malikdir və bütün regionun mədəni inkişafında vacib rol oynayır. Mədəniyyətin xalqlar arasında körpü rolunu oynadığını deyən XİN müavini əlavə edib ki, mədəniyyət xalqları daha da yaxınlaşdırır.
Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov ADA Kitab Mərkəzinin bu təşəbbüsünü müsbət dəyərləndirib. Sonra iştirakçılar müxtəlif ölkələrin mədəniyyətləri sərgilənən bölmələrlə tanış olublar. Azərbaycan, ABŞ, Çin, Yunanıstan, Macarıstan, İndoneziya, İraq, Fələstin, Rusiya, Pakistan, İsveçrə, İordaniya, Rumıniya, Qazaxıstan, Türkiyə, İsrail, Polşa və digər ölkələrin mədəniyyətləri, milli suvenirləri sərgilənib. Azərbaycanın Xalq artisti Alim Qasımovun ifası alqışlarla qarşılanıb.
Sonra müxtəlif rəqs qrupları, o cümlədən Azərbaycan, Türkiyə, Fələstin, Hindistan, Belarusun milli rəqsləri ifa olunub, milli yeməklər təqdim edilib.
Sevinc QARAYEVA



Bu yazı ( 158 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar