12px14px16px18px

“Yuyunan qadın”, yoxsa zərif cinsdən olan qladiator?

06:32 / 28.04.2012
Qədim Roma İmperiyası mədəniyyətinə aid 2 min ilə qədər yaşı olan Almaniyanın Hamburq şəhərindəki İncəsənət və Sənaye Muzeyində saxlanılan məşhur eksponat – “Yuyunan qadın” heykəli yenidən araşdırmaçıların diqqət mərkəzindədir. Bu abidə indiyədək də bir neçə dəfə mübahisə mövzusu olub. İspaniyanın Qranada Universitetinin professoru Alfonso Manas apardığı araşdırmalardan belə qənaətə gəlib ki, bu tunc heykəl heç də “Yuyunan qadın” deyil. Alim bu fikirdədir ki, bu eksponat qadın qladiatorun heykəlidir. Qadının əlindəki əşyanı A.Manas qladiator qılıncı hesab etsə də, ondan əvvəlki araşdırmaçılar bunu Romada yuyunarkən istifadə olunan əşya saymışdılar. A.Manas bu barədə bildirib: “Yuyunan insanın əlindəki əşyanı yuxarıda saxlayaraq aşağı baxması bir az məntiqsizdir. Üstəlik, qadının beldən aşağı hissəsində xüsusi geyim var, yuyunsaydı o, tamamilə çılpaq olardı. Başıaşağı, əlləri yuxarı qaldırıb dayanmaq Romada qladiatorların qələbə jesti imiş”. Tədqiqatçının fikincə, heykəlin bu duruşu qladiatorun yerdəki rəqibi görmək üçün üzünə kölgə salması kimi də izah oluna bilər: “Mübarizənin sonunda qalib qladiator dəbilqəsini çıxarır ki, izləyicilər qəhrəmanın üzünü görsünlər. Daha sonra qalxanı yerə atır. Heykəlin çılpaq sinəsinə gəldikdə isə bu da qladiatorların döyüş forması idi. Həm qladiator kişilər, həm də qadınlar sinəsiaçıq döyüşməli idilər”. Beləliklə, A.Manasın dedikləri təsdiqlənərsə, bu heykəl həm də tarixdə qadın qladiatorların olduğunu sübut edən ikinci tapıntı sayılacaq. Qeyd edək ki, qadın qladiator hesab olunan ilk heykəl Türkiyənin Bodrum şəhəri ərazisində tapılmışdı.
RÖYA



Bu yazı ( 165 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar