12px14px16px18px

Fidan Hacıyeva italyan musiqisinin təbliğindəki xidmətlərinə görə təltif edilib

11:21 / 27.04.2012
Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva İtaliyanın Berqamo şəhərindəki Donisetti adına teatrda təşkil edilmiş “Gran Gala” konsertində iştirak edib. Bu barədə APA-ya məlumat verən opera ifaçısı bildirib ki, bu tədbirə məşhur italyan dirijoru və pianoçusu Stefano Micelinin dəvəti ilə qatılıb. Konsertdə F.Hacıyeva ilk dəfə olaraq İtaliya Simfonik Orkestrinin müşayiəti ilə “Odlar Yurdu” və “Bahar yağışı” adlı yeni mahnıları ifa edib. Festivalın təşkilatçıları tərəfindən Fidan Hacıyeva klassik italyan musiqisinin təbliğindəki xidmətlərinə görə “Sülhməramlı səfir” diplomu ilə təltif edilib. Yuxularından birinin də gerçəkləşdiyini söyləyən Fidan Hacıyeva, bu müsbət hadisəni tək özünün deyil, bütün Azərbaycanın uğuru hesab edir: “Bu gün dünyanın hansı səhnəsində çıxış edirəmsə, ilk olaraq Vətənimi düşünür və onun musiqisini təbliğ etməyimlə qürur duyuram. Əgər az da olsa mənsub olduğum xalqı tanıda bilirəmsə, bu mənim üçün böyük fəxrdir”. F.Hacıyevanın sözlərinə görə, bununla yanaşı o, Heydər Əliyev Fondunun və Azərbaycanın Romadakı səfirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən İtaliyada Azərbaycan Mədəniyyəti Günlərin də iştirak edib. Sənətçi onu da əlavə edib ki, bir neçə ölkədə geniş konsert proqramları ilə çıxış etmək niyyətindədir. Artıq bununla bağlı təkliflər də aldığını bildirən F.Hacıyeva eyni zamanda, italyan dirijoru və pianoçusu Stefano Miceli Azərbaycana gətirməyi də düşünür.



Bu yazı ( 68 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar