12px14px16px18px

“Oxuyur Müslüm Maqomayev” filminin 40 illiyi qeyd olunub

00:20 / 26.04.2012
“Nizami” Kino Mərkəzində “Oxuyur Müslüm Maqomayev” filminin ekranlara çıxmasının 40 illiyinə həsr olunmuş musiqili-bədii gecə keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli sənətkarın həyat və yaradıcılığından söhbət açıblar. Bu il dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin 70 illik yubileyinin qeyd ediləcəyini deyən natiqlər musiqiçinin sərhəd bilməyən fenomenal populyarlığa malik olduğunu vurğulayıblar.
Görkəmli müğənni haqqında çəkilən filmlər arasında “Oxuyur Müslüm Maqomayev” filminin xüsusi yeri var. Film 1972-ci ildə “Azərbaycanfilm” kinostudiyasında, tanınmış kino xadimi Tofiq İsmayılovun rejissorluğu ilə çəkilib. Həmin ekran əsəri bu yaxınlarda Dövlət Film Fondunda bərpa edilib.
Tədbirin iştirakçılarına minnətdarlığını bildirən Tofiq İsmayılov deyib ki, bu film ekranlara çıxdığı gündən böyük şöhrət qazanıb, M. Maqomayevin həyat və yaradıcılığı ilə bağlı ən maraqlı əsərlər sırasında yerini tutub.
Daha sonra film nümayiş olunub, mərkəzin foyesində filmin 40 il bundan əvvəlki afişası və çəkilişlərindən bəhs edən fotosərgi açılıb.





Bu yazı ( 34 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar