12px14px16px18px

Bəstəkarlar İttifaqında musiqişünas Nailə Mehdiyevanın yubileyi qeyd olunub

01:04 / 25.04.2012
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Konfrans zalında respublikanın tanınmış musiqişünası, sənətşünasliq namizədi, dosent Nailə Mehdiyevanin 80 illiyinə həsr olunan konfrans olub.
Konfransı giriş sözü ilə açan ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə N.Mehdiyevanın Azərbaycan musiqisinin tədqiqi və təbliği istiqamətində gördüyü işlərdən danışıb. F.Əlizadə bildirib ki, Nailə Mehdiyeva Azərbaycan musiqişünaslığında Qara Qarayev irsinin tədqiqatçılarından biri kimi tanınır.
Sədr çıxışında qeyd edib ki 1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını müvəffəqiyyətlə bitirən N.Mehdiyeva elə həmin ildən bu ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə başlayıb. O, 1968-ci ildə Sankt-Peterburq Konservatoriyasında professor A.N.Dmitriyevin rəhbərliyi ilə “Q.Qarayevin kino musiqisi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda baş elmi işçi kimi çalışıb. Böyük zəhməti sayəsində o, sonralar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsinin dekanı, kafedra müdiri vəzifələrinədək yüksəlib. Bu illər ərzində Nailə Mehdiyeva çoxsaylı elmi konfranslarda, mətbuat səhifələrində maraqlı məqalələrlə çıxış edərək, bir sıra elmi kitabların müəllifi kimi tanınıb.
Tədbirdə çıxış edən sənətşünas alimlər Cəmilə Həsənova, Zemfira Qafarova və Lalə Hüseynova yubilyarın mənalı ömür yolu və zəngin elmi yaradıcılığından söz açıblar.
Natiqlər vurğulayıblar ki, N.Mehdiyeva ömrünün 20 ilə yaxın bir dövrünü Ankaradakı Bilkənt Universiteti ilə bağlayıb. O, burada “Qərbi Avropa musiqi tarixi”, “Opera teatrının tarixi” və “Müasir musiqi tarixi” fənlərindən dərs deyib. Həmin dövrdə o, məşhur Bilkənt simfonik orkestri üçün Borokko dönəmindən iyirmi birinci əsrədək müxtəlif dövrləri əhatə edən 500-ə qədər musiqi proqramları tərtib edib. Hazırda bu proqramların əksəriyyəti ingilis, fransız, alman dillərinə tərcümə olunaraq disklərə köçürülüb.
Tədbidə iştirak edən əməkdar artist Nərgiz Əliyarova Qara Qarayevin Piano üçün “Tsarskoye selo heykəli” əsərini royalda ifa edib. Gənc müğənnilər Vüsal Hacıyev, Fidan Süleymanova və Nurlan Növrəsli dahi bəstəkarımız Tofiq Quliyevin “İlk bahar”, “Axşam” və “Azərbayc n” mahnılarını Tural Usubovun royalda müşaiyəti ilə oxuyublar.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Nailə Mehdiyeva tələbələri ilə fəxr etdiyini söyləyib.
HÜSNİYYƏ



Bu yazı ( 91 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar