12px14px16px18px

Sənan Eynullayevin əsərləri Çanaqqala və Konyada sərgilənəcək

01:03 / 25.04.2012
Türkiyənin Çanaqqala və Konya şəhərlərində azərbaycanlı plastik sənətlər ustası Sənan Eynullayevin əsərləri nümayiş etdiriləcək. APA-nın məlumatına görə, S. Eynullayev şəhid Biqalı Hamdi bəyin bürünc heykəli üzərindəki çalışmalarını başa çatdırıb. Bu günlərdə Çanaqqala şəhidliyində heykəlin açılış mərasimi keçiriləcək. S. Eynullayev ikinci əsərini isə 23 aprel – Milli Hegemonluq və Uşaq Bayramı münasibətilə Konyada tamamlayıb. Sənətkar Konyada Xoca Nəsrəddin heykəli ilə yanaşı, Topqapı Sarayının 6 metrlik maketini də hazırlayıb.
Qeyd edək ki, Sənan Eynullayev müasir Azərbaycan plastik sənətinin Türkiyədə ən çox tanınan nümayəndəsidir. 1956-cı ildə Bakıda anadan olan S. Eynullayev 1992-ci ildən bəri yaradıcılıq işlərini Türkiyədə davam etdirir. 10 il Türkiyənin təhsil qurumlarında dərs deyən Eynullayev indi özünün yaratdığı emalatxanada 30 müdavimə sənətin sirlərini öyrədir. Hər il 2 fərdi rəsm sərgisi açan sənətkar, Misir Ərəb Respublikasının İstanbuldakı Baş Konsulluğunun təmiri və bərpası işinə imza atıb. İstanbuldakı Polis Təhsil və Konqres Mərkəzində onun 12 ədəd bal mumu heykəli daimi nümayişdədir. İstanbulun Əsənyurt bələdiyyəsinin sifarişi ilə S. Eynullayev Bahçəşəhər bölgəsində 16 türk böyüyünə heykəl qoyub. Böyük qırğız yazıçısı Çingiz Aytmatovun 2008-ci ildə İstanbulda rusca çıxmış 8 cildliyinin illüstrasiyalarını Sənan Eynullayev çəkib. Ceyhandakı Heydər Əliyev adına beynəlxalq terminalındakı mozaika işlərinin altında da onun imzası var.



Bu yazı ( 74 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar