12px14px16px18px

Qara dənizin sevdalısı

ƏHMƏD CAVAD – 120

01:01 / 25.04.2012



Azərbaycan şairı Əhməd Cavadı Türkiyədə çox sevirlər, çox istəyirlər. Şairin “Çırpınırdın, Qara dəniz (yaxud “Yol ver türkün bayrağına”), “Al bayrağa”, “İstanbul”, “Göygöl”, “Osmanlı ordusuna” və digər şeirləri burada dillər əzbəridir. Azərbayçan Prezidenti İlham Əliyevin “Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı Ankarada da rəğbətlə qarşılanmışdır. Azərbaycanda olduğu kimi, Əhməd Cavad bu günlər türkiyəli yazarlar arasında, universitet, institut, kollec, kitabxana və orta məktəblərdə daha tez-tez anılır, şairin şeirləri, həyat və yaradıcılığı ilə daha ətraflı maraqlanırlar. Bu mənada Bakıda, yubileyqabağı nəşr olunan “Əhməd Cavadın yaradıcılıq yolu” kitabı əlimizdən tutmuş, Əhməd Cavadsevərlərin stolüstü kitabına çevrilmişdir.

lll

Azərbaycanın nüfuzlu mətbu orqanı olan “Azərbaycan” qəzetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlı türk milləti üçün canını fəda edən, Qara dəniz sevdalısı, “Çırpınırdın, Qara dəniz” şeiri ilə, mahnısı ilə dillər əzbəri olan türk dünyasının yetirdiyi nadir insanlardan olan şair Əhməd Cavad Axundzadə haqqında “Əhməd Cavadın yaradıcılıq yolu” adlı dəyərli kitab çap etdirmişdir. Əsəri yüksək dəyərləndirən və çapına xeyir-dua verən “ön söz”ün müəllifiAzərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, mərhum akademikBəkir Nəbiyev,elmi redaktoru filologiya elmləri doktoru, professor Şamil Vəliyevdir.
Ə.Cavadın həyat və yaradıcılığı haqqında bu kitab ölməz vətən şairi Cavad bəyin məşəqqətli günlərinə işıq tutur. Əsər Əhməd Cavadın həyatı, poeziyasının ideya istiqaməti, əsərlərinin sənətkarlıq xüsusiyyətləri, ön söz, giriş və nəticədən ibarət olmaqla eyni zamanda müxtəlif jurnal və qəzetlərdə çap olunmuş məqalələri əhatə edir. Əsərin müəllifi R.Salmanlı Əhməd Cavad haqqında bu kitabı yazmaqla üzərinə məsuliyyətli və şərəfli bir iş götürmüşdür. Tədqiqatçı Azərbaycan və Türkiyədə arxivləri araşdırmış, Ə. Cavad haqqında hər iki ölkədə nəşr olunmuş çoxsaylı əsərləri nəzərdən keçirmişdir. Bu məqalədə əsərin yalnız bir hissəsindən –Əhməd Cavadın həyat yolundan danışacağıq, çünki bu hissə Ə.Cavad haqqında doğru olmayan bəzi araşdırmalara aydınlıq gətirir. Təbii ki, türk millətinin yetişdirdiyi nadir sənətkarlar – Nizamı, Yunus, Mövlana, Nəsimi, Füzuli, Məhmət Akif Ərsoy, Nazim Hikmət, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz...bu millətə, xalqa məxsusdur. Amma Əhməd Cavadı Türkiyədə eyni adı daşıyan bir elm adamı ilə qarışdırmaqyaxşı deyil. Hər kəs gördüyü işlə tanınacaq. Bu barədə bir qədər sonra...
Əhməd Cavad haqqında bu kitabın şairin daha geniş, ətraflı şəkildə tanınmasında böyük rolu var. Xüsusilə Türkiyədə. Həqiqətən, canımız Anadoluda Əhməd Cavada böyük bir sevgi var. Əhməd Cavadı sevənlər vətən, millət fədailəridir. Biz də bunu nəzərə alaraq Əhməd Cavad haqqında bilinməyənləri onların diqqətinə çatdırmaq istəyirik.
Deyirlər ki, dərd çəkmək ən yaxşı insanların nəsibidir. Həqiqətən, belədir.
Əhməd Cavadın bu həyatda nəsibi dərd-kədər oldu. Döyüşə-döyüşə qazandığı xoşbəxtliyinin ömürü çox qısa oldu.
1892-ci ildə Azərbaycanın Gəncəbasar bölgəsində, Şəmkir mahalında – Seyfəli kəndində ruhani ailəsində doğuldu. Şairin babası əslən Cənubi Azərbaycandan idi, ərəb ölkələrində dini təhsil almışdı, ömürünün sonuna qədər Gəncədə yaşadı.
R.Salmanlının əsərindən aydın olur ki, Cavad kiçik yaşlarından ağıllı olması, bacarığıvə uğurları ilə yaşıdlarından fərqlənirdi. Yeddi yaşında ikən Quranı-kərimi oxuyur, bir çox surələri əzbərdən deyirdi. 1900-cü ildə atası axund Məhəmmədəlinin ölümü ailəni və kiçik Cavadı pərişan edir... Az sonra, Cavad təxminən 5-6 yaşında olanda anasıYaxşı xanım balaca Cavadı da götürüb Gəncəyə köçür. Bu zaman Cavadın ögey qardaşları Məsimlə Qulu bu ailəni çox mərhəm qarşılayır, Cavadı doğma qardaşları kimi sevir və münasibət bəsləyirlər. Cavadın oxumağa, təhsil almağa böyük marağını görən qardaşlar onu Şah Abbas məscidinin nəzdindəki məktəbə qoyurlar. Yaxşı qiymətlərlə oxuduğu üçün “Xeriyyə” cəmiyyəti ona hər ay yeddi dinar (qızıl pul) məbləğində təqaüd verir. O dövrün tanınmış ziyalılarından Abdulla Tofiq (Abdulla Sur) məşhur şair Abdulla Şaiqə yazırdı: “Şagirdlərimn içində Cavad adlı çox bacarıqlı bir gənc var. Mənə oxuduğu ilk mənzumələri gələcək üçün böyük ümidlər verir. Dili sadə və gözəldir”. Ə.Cavad 1913-cü ildə Gəncə müsəlman-ruhani eminariyasını uğurla bitirir, Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verib “şərəfli türk və fars dilləri müəllimi” adını alır. Şair həyatının Gəncə və Şəmkirlə bağlı olduğunu bir bayatısında belə deyir:

Mən aşiq, Gəncədənəm,
Şəmkirdən, Gəncədənəm!
Əslim, köküm türk oğlu,
Soy-soyadca Gəncədənəm.

Bu dördlükdə dediyi kimi, ağlı kəsəndən türklüklə qürur duyan, özünü şərəfli türk oğlu hesab edən Əhməd Cavad bütün varlığı ilə Anadoluya, buradakı türk qardaşlarına bağlı idi. Bunun sübutunu onun könüllü olaraq Balkan müharibəsinə getməsində də görürük. R. Salmanlı bunu belə qələmə alır: “1912-ci il Balkan müharibəsində Avropanın və Rusiyanın işğalçı qüvvələri vandalizm siyasəti yürüdürdü. Əsas məqsəd Osmanlını Şərqi Avropadakı dayaqlarından məhrum etmək idi. Bu isə türk-müsəlman aləmində insanların ürəyində türkçülük və millətçilik duyğularını daha da alovlandırırdı. Millət, torpaq təəssübü çəkənlər türk dünyasını işğaldan qorumaq üçün ayağa qalxdılar. Azərbaycan türkləri Qafqaz könüllü birliklərinə yazıldılar və bu könüllülərin içində gənc Ə. Cavad da vardı. O, yaxın yoldaşları, millət və torpaq fədailəri – İ.Axundzadə, İ.Əlizadə, Ə.Əsədulla və digərləri ilə birlikdə İstanbula gələrək bir əlində silah, bir əlində qələm Balkan müharibəsinə yollandılar. Bu hadisə barədə türk alimi, əslən azərbaycanlı olan Sərvət Gürcan da əsərində yazır: “Qafqaz könüllü birliyi”nə qatılaraq Trakya cəbhəsində Anadolu məhmətcik qardaşlarının yanında döyüşənlərdən biri də Ə.Cavad idi”.
Bu müharibəyə getməsi Ə. Cavadın ömürünə balta vurdu. 1937-ci ildə DTK-çılar onu dindirərkən Türkiyə ilə əlaqələrini soruşurlar. Ə.Cavad isə ölümün gözünə dik baxaraq deyir: “Bəli, 1912-ci ildə Türkiyədə olmuşam, Balkan-türk müharibəsində türk ordusunda könüllü kimi döyüşmüşəm”. Balkan müharibəsi
bitdikdən sonra Yusuf Akçura Ə.Cavada Azərbaycana qayıtmağı və orada ona böyük ehtiyac duyulduğunu söylədi. Amma Y.Akçura bilmirdi ki, onu vətənə deyil, vətən oğullarını addım-addım izləyən, DTK zindanlarında min bir əzabla öldürən ruslara və öz anqurtlarımıza qurban göndərirdi.
R.Salmanlının kitabında tarix səhifələrində qaranlıq qalmış, bir çox mübahisələrə səbəb olan məsələlərə də aydınlıq gətirilir. Onlardan biri də A.Şaiq və Ə.Cavadın birlikdə Balkan müharibəsinə getməsidir. Həm Azərbaycandan, həm də Türkiyədən bir çox alimlərin əsərlərini araşdırdıqdan sonra Rəhman bəy belə bir qənaətə gəlir ki, Ə.Cavadla müharibəyə gedən A.Şaiq deyil, onun böyük qardaşı axund YusufZiya Talıbzadədir.
Tədqiqatçı Əhməd Cavadın adı və soyadı haqqında müxtəlif fikirləri araşdırır. O əvvəlcə Əli Saləddinin 1992-ci ildə çap etdirdiyi “Əhməd Cavad” kitabına istinad edir. Ə.Saləddinin yazdığına görə, Ə.Cavad təxəllüs götürərkən “əlif”lə başlayan bir ad düşünmüş, o zaman “Əhməd yaxşıdır” deyə qərar vermişdir. Ancaq Rəhman Salmanlının yazdıqlarından məlüm olur ki bu, yanlışdır.Əslində Cavad Axundzadə Gəncədə Şah Abbas məscidi nəzdində Ruhani Seminariyasında oxuyarkən Türkiyədən Gəncəyə gəlib Cavada dərs dəyən Savad Cavad (türkiyəli Əhməd Cavadın qardaşı) Ə.Cavadın həyatında əhəmiyyətli rol oynamış, ona şeir qaydalarını öyrətmişdir. Bu zaman da Ə. Cavad müəlliminə hörmət əlaməti olaraq onun qardaşının adını və soyadını özünə təxəllüs qəbul etmişdir.
Böyük araşdırmaların uğurlu nəticəsi olaraq R.Salmanlı əsərində sübutlayır ki, istər Türkiyədə, istərsə Azərbaycanda türkiyəli dilçi-alim Əhməd Cavad Əmrə ilə şair Əhməd Cavadı qarışdıranlar da var. Bəziləri “Çırpınırdın, Qara dəniz” şeirini dilçi Əhməd Cavadın adına, “Sərf və nəhv” kitabını isə azərbaycanlı şair Əhməd Cavadın adına yazırlar. “Xeyr, “Çırpınırdın, Qara dəniz” şeirini azərbaycanlı Əhməd Cavad yazıb” deyən R.Salmanlı çox düzgün olaraq kitabında yazır ki,”Çırpınırdın, Qara dəniz” şeiri azərbaycanlı Əhməd Cavadın, “Sərf və nəhv” əsəri isə türkiyəli Əhməd Cavad Əmrənindir. Biz bu və digər bu kimi məqamlara R.Salmanlının araşdırmalarından daha ətraflı və geniş cavab aldıq.
Ə.Cavadın həyatının müəyyən hissəsi Türkiyə ilə bağlı olduğundan burada Türkiyə üçün əhəmiyyətli tarixi hadisələrlə rastlaşırıq. Məsələn, 1915-ci ilin yanvar ayında baş vermiş Sarıqamış hadisəsi burada dəqiqliklə verilmişdir. Tədqiqatçı yazır ki, “1915-ci il yanvarın 18-də Osmanlı dövlətinin tarixinə görünməmiş faciə yazılır. Sarıqamışa doğru yol alan90 min məhmətcik bir-birinə sarılaraq buz heykəllərə çevrilirlər. Bu buz heykəllərin arasında canı bir, qanı bir qardaşlarına köməyə tələsən yüzlərlə azərbaycanlı könüllü də vardı” (s. 28).
Ə.Cavad da 1915-ci ildə ikinci dəfə Türkiyəyə gəlir və Bakıda yerləşən “Azərbaycan Xeyriyyə Cəmiyyəti” adından Türkiyənin şərqindəki döyüşdən zərər çəkən insanlara yardım paylayır. O ağır günlərdə Xosrov bəy Sultanovun köməkçisi olan Əhməd Cavad əqidə yoldaşları ilə Qars, Ərdəhan, Trabzon, Ərzurum, İstanbul və Gürcüstanın türklər yaşayan bölgələrindəki xalqlara maddi və mənəvi yardımlar edirdi. R.Salmanlı bu hissədə rusların Qafqaz cəbhəsini açmasından, Türkiyənin şərq bölgəsində ruslara arxalanan ermənilərin buradakı insanların başına gətirdikləri fəlakətdən ürək ağrısı ilə söhbət açır. Ermənilər müsəlman kəndlərinə hücum edərək dinc əhalini qılıncdan keçirir və bu torpaqlarda rusların əli ilə Ermənistan dövləti qurmaq istəyirdilər (s. 29).
Rəhman Salmanlı Ə.Cavad haqqında bu araşdırmasında o zamanlar türkçülük ideallarını yayan insanlardan da danışmağı unutmur, çünki bu insanların arasında türkçülük fikirlərini dərindən öyrənən, bunları yayanlardan biri də milli şair Əhməd Cavad idi.
Tədqiqatçı Ziya Göyalpın, Əli bəy Hüseyinzadənin, Mirzə Fətəli Axundovun, İsmayıl Qaspıralının, Məmmədəmin Rəsulzadənin adlarını çəkir (s. 32-34). Ə.Cavad Türkiyədə müharibə ucbatından çətin günlər yaşayan insanlara kömək etmək üçün Azərbaycanın məşhur neft milyonçusu, xeyirxah insan Hacı Zeynalabdin Tagıyevə müraciət edir. Tağıyev türk qardaşlarına yardım edir və Əhməd Cavad 1915-ci ilin martında – Novruz bayramı günlərində Qars və Ərzuruma gəlir. O, burada ermənilərin türk millətinə etdiyi zülmləri göz yaşı ilə seyr edir və bunu şeirində dilə gətirir:

Ərmağanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim, gördüm dost elində,
Nə bir səs var, nə bir layla.

Bir yığıncaq gördüm, dedim:
Bəlkə, toydur, qızlar oynar?
Baxdım, ellər batmış yasa,
Nə oynayan, nə gülən var.

Sordum qərib minarədən,
Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə;
Deyən hanı, duyan hanı?

Ə. Cavad Hacı Zeynalabdinin maliyyə dəstəyi ilə 1916-cı ildə Batumda 2.500 türk uşağı üçün məktəb açmışdır. Özü də o məktəbdə dərs deyirdi. 1917-ci ildə 2.500 türk qaçqın və didergini Gəncə və Bakı ətrafında yerləşdirmişdir. Qars və Ərzurumda ermənilərin türklərin başına gətirdiyi fəlakət 23 yaşlı şair Əhməd Cavadı dəhşətə salmışdı. Şair gördüklərini göz yaşı ilə misralara düzmüşdür:

Ziyafət görmədim, yaslıdır ellər,
Çoxalmış məzarlar dərdini söylər.
Talanmış şanələr, yolunmuş tellər,
Olduğunu gördüm, imdada gəldim.

Qarlarla boyanmış məzlumlar qanı,
Ölənlər çox, fəqət məzarı hanı?
Ayaqar altında şövkəti, şanı,
Qalanları görüb fəryada gəldim.
Erməni daşnak dəstələrinin başçısı olan Lalayan 1936-cı ildi yazırdı: “Daşnak dəstələri tərəfindən tutulan türk kəndləri canlı insanlardan təmizlənir, xarabaya çevrilirdi”. Bunları görən Ə.Cavad fəryad çəkirdi:

Soranlara, mən bu yurdun
Anlatayım, nəçiyəm:
Mən çeynənən bir ölkənin
“Haqq” bağıran səsiyəm!

Haqq bağıran bu səs rusları, erməniləri və öz içimizdən olan manqurtları narahat edirdi. Bu kitabda Əhməd Cavadın ölümü haqqında da mülahizələr var. Əvvəllər onun DTK tərəfindən sorğu-suala tutulması və Sibirə göndərilməsi fikri vardı.Amma oğlu Niyazi Axundzadənin “Atam Əhməd Cavad” məqaləsində (“Ədəbiyyat və incəsənət” qəzeti, 2 iyun 1989-cu il) şairin DTK-nın zirzəmisində döyülərək öldürüldüyü yazılmışdır. Rəsmi mənbələrdən məlum olur ki, şair 1937-ci il iyun ayının 4-də həbs edilmiş, həmin ilin oktyabr ayının 12-dən 13-nə geçən gecə Bakıda vəhşicəsinə güllələnmişdir.
Kitabda Ə.Cavadın dünyalar qədər sevdiyi həyat yoldaşı Şükriyyə xanımdan da söhbət açılır. Şükriyyənin atası Süleyman Bejanoğlu idi. Süleyman bəy Batumda tanınmış adam idi, adlı-sanlı bəylərdən hesab olunurdu. Şükriyyə ilə şair Cavad bir-birinə aşiq olurlar. Amma Süleyman bəy Əhməd Cavadı çox sevsə də, yaxşı şeirlərinə görə xətrini çox istəsə də”xeyr, mən şiəyə, qızılbaşa qız vermərəm” (s. 43) deyir. Cavad bəy üçün elçi gedən Əli Səbri Süleyman bəyə deyir: “Verməzsən, biz də qızı qaçırarıq”.
Beləcə Əhməd Cavad Şükriyyəni qaçırıb Gəncəyə gətirir. Xoşbəxt bir ailə həyatı başlayır, uşaqlar doğulur. Şairin 16 yaşlı dünya gözəli qızı Almas həyata əlvida deyir. Bu vaxtsız ölüm şairi üzür, Almasa şeirlər yazır. 1937-ci ildə DTK şairi həbs edərkən Şükriyyə xanımı da Sibirə göndərirlər. Şükriyyə xanım ölən günə qədər qorxu içində yaşadı – indi DTK gəlib onu aparar. Şükriyyə xanımın gözləri yolda qaldı, dünyalar qədər sevdiyi, ona şeirlər yazan, onu canı qədər sevən Cavadını gözlədi, məzarını istədi ki, başını daşına qoyub ağlasın. Onu da çox gördülər Şükriyyə xanıma... İndi o, sevimli Əhməd Cavadı ilə Azərbaycanın, Türkiyənin və Batumun səmalarında ağ göyərçinlər kimi süzür. Bu gün Əhməd Cavadın da, Şükriyyə xanımın da arzuları gerçək olmuş, Azərbaycan və Türkiyə “bir millət, iki dövlət” olaraq qaynayıb-qarışmışdır. Əhməd Cavad bu günləri görmədi, amma həmişə arzuladı...
Bir də Əhməd Cavadın həyatını, əsərlərini diqqətlə araşdırıb Türkiyə və Azərbaycan oxucularına, xüsusilə Əhməd Cavad vurğunlarına təqdim edən alim, filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlıya ürəkdən təşəkkür edirik və deyirik: Əlləriniz var olsun. Türk millətinə sevginiz için təşəkkür edirik. Nə qədər ki, millətini sizin kimi sevənlər var, türk milləti üçün qurban gedən Əhməd Cavadlar unudulmayacaq...

Tamella ABBASXANLI,
Türkiyə, Əskişəhər Osman Qazi Universiteti,
filologiya elmləri namizədi, dosent

P.S: Məqalə Ankarada (Türkiyə) çıxan “24 saat” (5 yanvar 2012-ci il),“Yarın”(9 yanvar 2012-ci il) qəzetlərində, “Çağri” jurnalında, Tokatda çıxan “Kümbet” jurnalında (yanvar, 2012-ci il), Kayseridə çıxan “Erciyes” fikir və sənət dərgisində (mart, 2012-ci il) çap olunub.
Həmkarımız Rəhman Salmanlının Türkiyədə geniş əks-səda doğurmuş “Əhməd Cavadın yaradıcılıq yolu” kitabı haqqında professor İsa Kayacan və diğər türkiyəli müəlliflərin məqalələri. Burdurda çıxan “Burdur” (16 yanvar 2012-ci il),Gimartepdə çıxan “Zəfər” (14 yanvar 2012-ci il), Yozqatda çıxan “Sorgün postası” qəzetlərində (21 mart 2012-ci il) dərc edilib, bütün materiallar internet vasitəsilə yayımlanıb.



Bu yazı ( 89 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar