12px14px16px18px

Ziyəddin Sultanovun yeni kitabının Ağcabədidə təqdimatı keçirilib

00:44 / 24.04.2012
Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialında rayon icra hakimiyyəti ilə birgə əməkdar jurnalist, tanınmış yazıçı və publisist Ziyəddin Sultanovun “Ürək dözmür ayrılığa” adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Mərasimə ictimaiyyət nümayəndələri, ziyalılar, müəllim və tələbələr, media mənsubları qatılıb. Tədbiri giriş sözü ilə açan Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialının direktoru Xaqani Məmmədov qeyd edib ki, istedadlı yazıçı-publisist Ziyəddin Sultanov respublikanın tanınmış qələm sahiblərindəndir. O, milli mətbuatımızda peşəkar bir jurnalist kimi imzasını təsdiq edib, eyni zamanda bədii yaradıcılıq sahəsində də uğurlu addımlar atıb. Fəal vətəndaş mövqeyi ilə seçilən sənətkarın son illər nəşr etdirdiyi kitablar oxucular tərəfindən rəğbətlə qarşılanıb və geniş rezonans doğurub. Bu gün işığına toplaşdığımız “Ürək dözmür ayrılığa” kitabı da bu qəbildəndir. Qarabağ mövzusuna sadiq qalan müəllif tərəfindən bu kitabda toplanmış əsərlərdə də “Dənizdən-dənizə” xülyasından əl çəkməyən, əsassız torpaq iddiaları ilə xalqımıza qarşı müharibə aparan erməni vandallarının əsl siması ustalıqla açılaraq ifşa edilib. Həmin bədii nümunələrdə Qarabağ hadisələri, azərbaycanlıların soyqırımı faktları, müharibənin doğurduğu fəlakətlər, faciəli talelər, amansız düşmənə qarşı mübarizəyə qalxan insanların qəhrəmanlıqları öz real əksini tapıb.
Z.Sultanovun bu əsərləri tariximizin öyrənilməsi baxımından qiymətli məxəclərdəndir. Bu cəhətdən onları məhşur “Qarabağnamələrlə” müqayisə etmək olar. X.Məmmədov Z.Sultanovu yeni kitab münasibəti ilə təbrik edib, ona daha böyük yaradıcılıq uğurları diləyib. Filologiya üzrə fəlsəfə doktoru dosent Mətanət Fərzəliyeva “Ürək dözmür ayrılığa” kitabının ideya-bədii xüsusiyyətləri haqqında məruzəsində göstərib ki, ömrünün 45 ilini publisistikaya həsr edən Ziyəddin Sultanov maraqlı bədii əsərlər müəllifi kimi də tanınıb. Onun bir-birinin ardınca “Məni də sevən var”, “Ömür keçdi, gün keçdi”, “Ağdərədən gələn var”, “Xatırla məni”, “Kəklik”, “Əsirlər, itkinlər, girovlar”, “Ölüm sevinməsin, qoy”, “Xocalı faciəsi”, “Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr”, “Göylərdən gələn gəlin” və sair kimi kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Müəllifin bu yaxınlarda “Adiloğlu” nəşriyatında işıq üzü görmüş “Ürək dözmür ayrılığa” adlı kitabı da bu baxımdan diqqəti çəkir. Sözügedən kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı “Xocalı faciəsi”, “Göylərdən gələn gəlin”, “Axıradək oxunmamış kitab” adlı sənədli povestləri, yeddi hekayəsi toplanıb. Qarabağ ağrıları, yurd həsrəti, torpaq itkisindən doğan kədər, vətən və xalq sevgisi bu əsərlərin ruhunu, məğzini təşkil edir. Onları oxuduqca torpaqlarımız uğrunda gedən ölüm-qalım savaşı, vətən övladlarının igidlikləri, dəhşətli, faciəli anlar gözlərimiz önündə canlanır. Başımıza gələn bəlaların səbəbləri, tarixi kökləri real və tutarlı faktlarla açılıb göstərilir, öz bədii və publisistik şərhini tapır. Məruzəçi qeyd edib ki, Z.Sultanov öz yolu, üslubu dəsti-xətti olan sənətkardır. Sözügedən kitabda toplanmış əsərlərin dili aydın, sərrast, sadə və bəzəksizdir. Müəllif tərəfindən xalq danışıq dilinin imkanlarından geniş istifadə olunub. Həmin əsərlərin əsas obrazları müasirlərimiz, Qarabağ döyüşlərinin şəhidləri, taleləri Qarabağın taleyi ilə bağlı olan insanlardır. Onlar ən çətin anlarda vətənin, millətin namusunu, qeyrətini çəkir, yeri gələndə canlarını qurban verir, düşməni məhv etməyi bacarırlar. Z.Sultanov yaradıcılığının ideya gücü, bədii-estetik dəyəri məhz bundadır.
Pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Tahir Kərimli Z.Sultanovun əsərlərinin gənc nəslin vətənpərvərlik tərbiyəsində rolu haqqında məruzəsində qeyd edib ki, Ziyəddin Sultanov jurnalist, pedaqoq və yazıçı kimi çoxşahəli fəaliyyət göstərir. O, publisistikada olduğu kimi bədii yaradıcılıqda da hədəfi düzgün seçir, öz sözünü inandırıcı surətdə deməyi bacarır. Onun cəsarətlə qələmə aldığı əsərlər gənc nəslin ideya-siyasi, əxlaqi və vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Müəllifin “Ürək dözmür ayrılığa” kitabında dərc olunan əsərlər bu günün və sabahın qurucuları olan gənclərimiz üçün ideya mənbəyi hesab oluna bilər. Bu əsərlər gənc oxucunu əqidəcə möhkəmləndirir, mübarizəyə, düşmənlə savaşa səfərbər edir. Bu bədii nümunələrin məzmunu ona görə cəzbedicidir ki, müəllif qələmə aldığı hadisələrin iştirakçısı olub, mövcud reallıqları yaşayıb, gözləri ilə görüb. O, elə faktlara, elə məsələlərə toxunub ki, onları həyəcansız oxumaq mümkün deyildir. Hiss olunur ki, sənətkar bu hadisələrlə, faktlarla qarşılaşanda nə qədər sarsılıb, ürək ağrısı keçirib. Bütün bunlara rəğmən oxucuda bədbinlik, düşkünlük yaranmır, əksinə hər kəs silaha sarılıb düşməndən qisas almağa can atır. Ağcabədi rayon icra hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov, filologiya üzrə fəlsəfə doktoru, dosent Vaqif Allahverdiyev, Heydər Əliyev Muzeyinin əməkdaşı, şair Məhsəti Musa və filologiya üzrə fəlsəfə doktoru, dosent Sabir Məmmədov da Z.Sultanovun yaradıcılığını yüksək qiymətləndirib, ona daha böyük ədəbi nailiyyətlər arzulayıblar.
Sonda söz alan Z.Sultanov yaradıcılığına belə önəm verildiyinə, ünvanına, səmimi, hərarətli sözlər səsləndirdiklərinə görə mərasim təşkilatçılarına və çıxış edənlərə dərin təşəkkürünü bildirib.
Yəhya PAŞAZADƏ



Bu yazı ( 81 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar