12px14px16px18px

“Eurovision-2012”nin keçiriləcəyi “Baku Crystal Hall”da məşqlər mayın 13-də başlayacaq

10:57 / 20.04.2012
Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı “Baku Crystal Hall”da ilk məşq prosesinə mayın 13-də start veriləcək. APA-nın “eurovision.tv”yə istinadən yaydığı xəbərə görə, həmin gündən etibarən başlayaraq hər gün ənənəvi məşqlər keçiriəcək. Mayın 13-də keçiriləcək ilk məşqdə Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika və Finlandiya iştirak edəcək. Həmin gün məşqlər səhər saat 11:00-dan 20:15-ə kimi davam edəcək. Mayın 19-na kimi hər gün eyni saatda mayın 22-si və 24-də keçiriləcək yarımfinal mərhələrində çıxış edəcək ölkələr öz məşqlərini edəcəklər. Hər gün “Baku Crystal Hall” səhnəsində 9 təmsilçinin məşqi planlaşdırılır. Mayın 26-da keçiriləcək final mərhələsində iştirakı məlum olan 6 ölkənin ilk məşqi isə mayın 19-da baş tutacaq. Azərbaycanın “Eurovision-2012” təmsilçisi Səbinə Bbayeva həmin gün saat 17:00-da ilk məşqə çıxacaq. Təmsilçimizin ikinci məşqinin mayın 20-də keçirilməsi qərara alınıb. Hər iki yarımfinal və final mərhələsinin əsas məşqləri şoudan bir gün əvvəl baş tutacaq. Artıq Bakıdakı “Eurovision” şousunun məşqləri və təmsilçilərin mətbuat konfransları ilə bağlı müvafiq cədvəl hazırlanıb. Qeyd edək ki, 57-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkə təmsil olunacaq. Hər yarımfinalda 18 ölkə yarışacaq və iki yarımfinaldan ümumilikdə 20 ölkə finala vəsiqə qazanacaq. Finalda isə birincilik uğrunda 26 ölkə təmsilçisi mübarizə aparacaq. Gürcüstanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Anri Joxadze aprelin 23-dən etibarən paytaxtın qonağı olacaq. Anrinin iki günlük səfəri çərçivəsində bir sıra məkanlarda çıxışları nəzərdə tutulur. O, Bakıda “Eurovision-2012” mahnısı olan “İ’m A Joker”i də ifa edəcək. Anriylə bərabər Bakıya çəkiliş qrupu da gələcək və onun Bakıdakı çıxışlarını lentə alınacaq. Gürcüstan təmsilçisi bu müddətdən həm də Bakını gəzmək üçün istifadə etməyi düşünür. “Eurovision”la bağlı digər bir məlumatda bildirildiyinə görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Eurovision” mahnı müsabiqəsinə gələcək xarici turistlərin və paytaxtın qonaqlarının İçərişəhər və Qala qoruqlarına gəlişini stimullaşdırmaq, onları yüksək səviyyədə qarşılamaq üçün ciddi hazırlıq görür. Hazırda İçərişəhər və Qala qoruqlarında mövcud olan turist infrastrukturu mükəmməlləşdirilir, qonaqlara xidmət göstərilməsi üçün ictimai iaşə obyektlərinin sayının artırılması, mövcud olan məkanların genişləndirilməsi və xidmət səviyyəsinin artırılması üzərində iş aparılır. Müsabiqə ərəfəsində insanların vaxtlarını xoş və səmərəli keçirmələri üçün İçərişəhər və Qala qoruqlarında mədəni-kütləvi tədbirlər təşkil olunacaq, bölgələrdən cəlb olunacaq sənətkarlar öz əl işlərini nümayiş etdirəcək və müxtəlif sənətkarlıq məhsullarının hazırlanma prosesi ilə qonaqları tanış edəcəklər. Mədəniyyət və tariximizin tandılması üçün xarici dillərdə olan çap məhsulları – broşurlar, açıqçalar, kitabçalar qonaqlara təqdim olunacaq. Eyni zamanda hər iki qoruğun ərazisindəki muzeylər may ayı ərzində saat 09:00-dan 21:00-a qədər fəaliyyət göstərəcəklər. Qonaqların hər iki tarixi məkanla tanış olmaları üçün İçərişəhərdən Qala qoruğuna və əks istiqamətdə müntəzəm olaraq turist avtobusları xidmət göstərəcək. “Eurovision” mahnı müsabiqəsinin rəsmi fan-klubu – “Ogae-Azərbaycan” isə “Light Your Success” adlı video-müsabiqəyə start verib. Fan-klubdan APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsinin əsas məqsədi gənclərin kreativliyini dəyərləndirmək və bacarıqlarını üzə çıxarmaqla yanaşı, Azərbaycanın ev sahibliyi etdiyi 57-ci “Euovision” müsabiqəsinə marağın artırılması, gənclərin “Eurovision” ruhunu yaşaması və bu istiqamətdə təşəbbüskarlıqlarını artırmaqdır. Müsabiqədə iştirak etmək üçün, yaşı 16-dan yuxarı olan hər kəs [email protected] ünvanına məktubla müraciət edə bilər. Müraciətə baxıldıqdan sonra iştirak etmək istəyən şəxslərə E-anket və video çarxların yüklənməsi barədə ətraflı təlimatlar göndəriləcək. Video çarxların qəbulu aprel ayının 18-dən etibarən başlanır. Video çarxın süjet xətti “Eurovision-2012 şüarı ilə, öz həyat şüarını birləşdir” istiqamətində olmalıdır. Müsabiqənin şərtlərinə əsasən, video-çarx iki dəqiqədən artıq olmamalı, siyasi və yaxud mətnaltı məna daşımamalı, müsabiqənin süjet xəttindən uzaq olmamalı və mütləq müəllif hüquqları qorunmalıdır. Müsabiqəyə video qəbulu mayın 4-dən etibarən dayandırılacaq və qalib münsiflər heyəti tərəfindən təyin olunacaq. Qaliblər, Qran priyə görə Canon DSLR (professional), 1-ci yer üçün (2 nəfər) İpad, 2-ci yerə (2 nəfər) Nexus AZPAD, 3-cü yer üçünsə Canon fotoaparatı ilə mükafatlandırılacaqlar.


Bu yazı ( 70 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar