12px14px16px18px

“Eurovision-2012” müsabiqəsinə son hazırlıqlar barədə ictimaiyyətə açıqlama verilib

00:49 / 17.04.2012
“Eurovision-2012” müsabiqəsinin hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda “Eurovision-2012”nin rəsmi tərəfdaşı olan Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Eurovision-2012” işçi qrupunun rəhbəri Adil Kərimli iştirak edib.
A. Ələkbərov bildirib ki, bu nüfuzlu müsabiqənin yüksək səviyyədə həyata keçirilməsi üçün “Eurovision-2012” təşkilat komitəsi və işçi qrupu çərçivəsində çox böyük işlər aparılmaqdadır: “Ən vacib məsələlərdən biri şounun keçiriləcəyi “Baku Crystal Hall” zalının tikintisi idi. Artıq bu gözəl arenanı şounu hazırlayacaq “Brainpul” şirkətinə təqdim etdik. Məlumdur ki, arenanın inşasında hava şəraiti ilə əlaqədar müxtəlif çətinliklər var idi. Bu baxımdan üç həftə gecikmə oldu, amma nəhayət, bütün standartlara cavab verən arenanın təqdimatı baş tutdu. Bu arena ilk dəfə məhz “Eurovision-2012” üçün istifadə olunacaq. Daha sonrakı prosesdə isə bu məkanın böyük festival və tədbirlərin keçirilməsi üçün istifadə olunması nəzərdə tutulur. Həmin arenada dünya üzrə bir sıra yeniliklər tətbiq olunacaq. Xüsusi lent-panellər quraşdırılacaq, “Green-room”un mərkəzdə yerləşdirilməsi də bu sahədə yenilik olacaq”.
A. Ələkbərov deyib ki, Bakıya gələcək nümayəndə heyətləri, media mənsubları və fanlar hotellərlə təmin olunub. O, yeni uçuş xətlərinin fəaliyyətə başlayacağını da söyləyib: “Müsabiqə üçün şəhərimizə təşrif buyuracaq qonaqlar üçün rahat şəraitin yaradılması məqsədilə xüsusi “shuttle-buss”lardan istifadə edilməsi, mehmanxanalarda xüsusi xidmətlərin təşkili, restoran və digər iaşə obyektlərində ingilis dilində xidmətlərin təşkili planlaşdırılıb. Mehmanxanalarda süni qiymət artımına yol verilməməsinə diqqət yetirilib”.
“Eurovision-2012”nin işçi qrupunun rəhbəri Adil Kərimli isə qeyd edib ki, “Eurovision” geniş miqyaslı bir layihədir və hazırlıqlara böyük strukturların cəlb olunması mütləqdir. O, 42 nümayəndə heyətinin hər birinə iki növdə nəqliyyat vasitəsi ayrıldığını açıqlayıb. “Shutlle-buss” tipli avtobuslar 48 yer tutumuna malikdir. “Eurovision-2012” şousunun aparıcılarının seçiminə gəlincə, A. Kərimli deyib ki, bu seçim yerli və beynəlxalq mütəxəssislər tərəfindən aparılıb: “Eldar və Leyla auditoriyaya çox tanış və sevilən simalardır. Nərgiz xanımın aparıcılıq təcrübəsi var və hüquqşünas ixtisası üzrə ali təhsil alıb. Eyni zamanda modelliklə məşğul olub. Aparıcı seçiminin bütün tamaşaçılar tərəfindən bəyəniləcəyinə əminik”.
Qeyd edək ki, “Eurovision-2012” mahnı müsabiqəsinin “EuroClub”u mayın 13-dən, “EuroVillage” isə mayın 19-dan fəaliyyətə başlayacaq. “EuroVillage” mayın 19-dan 26-dək saat 13.00-dan 23.00-dək, şou günlərində isə 22.00-dək açıq olacaq. “Eurovision” aksessuarlarının satışı məhz bu məkanda həyata keçirilir.




Bu yazı ( 118 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar