12px14px16px18px

Lyudmila Lavrova: “Afaq Məsudun əsərlərində heyrətamiz bir xüsusiyyət var”

RUSDİLLİ OXUCULARIN AFAQ MƏSUD YARADICILIĞI İLƏ NÖVBƏTİ GÖRÜŞÜ

23:48 / 13.04.2012


Bu günlərdə “Evraziya Press” nəşriyyatında Azərbaycan yazıçısı Afaq Məsudun “Roman-hekayə” (“Roman-rasskaz”) adlı kitabı işıq üzü görüb. Rus dilində dərc olunan kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı “Gecə”, “Qəza”, “Durna”, “Dovşanın ölümü”, “Sərçələr”, “Kirxa”, “Aysun”, “Qadın”, “Müvəkkil Vaysman”, “Dahi”, “S.V.A.D.J.O”, “Prezident”, “Can üstə” hekayələri, “İzdiham” romanı, “İoann Pavel” roman-hekayəsi, “Duyğular imperiyası”, “Qatarın altına atılan qadın”, “O məni sevir” və “Can üstə” pyesləri daxil edilib.
Kitabın redaktoru Rusiyanın tanınmış yazıçı-tənqidçisi Lyudmila Lavrova kitaba yazdığı ön sözdə rusdilli oxucuları Afaq Məsud dünyasına dəvət edərkən belə qeyd edir:
“Azərbaycan yazıçısı Afaq Məsudun əsərlərində heyrətamiz bir xüsusiyyət var. Müasir dövrün kəskin problemlərini özündə əks etdirən nəsrində o, hələ reallıqda üzə çıxmayan, baş verəcəyi zəruri olsa da hələ ki, insanların həyatlarında və talelərində özünü büruzə verməyən bir xeyli mətləbləri də qabaqcadan görə bilir. O, bunlar barədə insana elə məhrəm sirrlər açır ki, oxucuda şübhə yaranır:
Bütün kainatla gözəgörünməz saplarla əlaqəli olan insan təbiətinin bu qədər dərinliklərinə toxunmaq bacarığı olan bu yazıçı bəlkə elə öncəgörəndir?
Bu yerdə Saltıkov-Şedrinin Dostoyevskinin romanları haqqında dəqiqliyinə görə dahiyanə bir qeydi yada düşür: “O, bu yerdə öncəgörmə və öncəduyma ərazilərindən çıxış edir”. Mixail Yevqrafoviç bu zaman heç də sənətkara gələn vəhyləri nəzərdə tutmur, onun üçün Dostoyevski istedadı hardasa öndərlik və yolgöstərənlik istedadı deməkdir.
BU İNSAN HƏLƏ TƏYİN OLUNMAYAN NƏSNƏLƏRİN XƏBƏRİNİ VERİR.
Oxşar sirri-xuda Afaq Məsudun artıq dünyasını dəyişmiş Roma Papası İkinci İoann Pavelin Bakıya səfərindən bəhs edən roman-hekayəsində də var. Bu yığcam əsər demək olar ki, sənədlidir, onu hətta oçerk də adlandırmaq olardı, əgər... Əgər bu sadə, hətta hardasa quru mətndə “göy üzü laxlayıb” açılmasaydı, insan məişətinin cəhənnəm odu püskürməsəydi, arzuolunan yeniliklərin “öncədən görünən” göy qurşağı gözə dəyməsəydi”.
Kitabda həmçinin Afaq Məsudun Rusiyanın nüfuzlu “Drujba narodov” jurnalına verdiyi müsahibəsi də yer alıb. “Ədəbiyyat hadisələrin yox, hisslərin süjetidir” başlıqlı müsahibədə Afaq Məsud ona yaradıcılığı barədə verilən sualı belə cavablandırır:
“Yazmaq ola bilsin, kimlər üçünsə istirahət, kimlər üçünsə başqalarına nəyisə sübut etmək, ya da sadəcə məşhurlaşmaq istəyidir. Mənim üçün isə ədəbiyyat ağrını candan çıxarmaq imkanıdır, o ağrını ki, hətta özünə belə deyə bilmirsən, ümidin yalnız kağıza və qələmə qalır. Bu, hardasa, etirafdır. Yazmaq həvəsi məndə yalnız bu anlarda yaranır- yəni, o izah olunmaz ağrını kiminləsə bölüşmək istəyəndə. Sakit bir guşəyə çəkilib kağız və qələmlə baş-başa qalanda mən özümü sanki Tanrı Dərgahında hiss edirəm...”
Qeyd edək ki, Afaq Məsudun əsərlərini rus dilinə Vaqif İbrahimoğlu, Siyavuş Məmmədzadə, Mirzə Hüseynzadə , Nadir Ağasiyev kimi peşəkar mütərcimlər tərcümə edib.
İnanırıq ki, Azərbaycanın tanınmış yazıçısı Afaq Məsudun bu kitabı rusdilli oxucular tərəfindən böyük maraqla qarşılanacaq.
GÜNDÜZ




Bu yazı ( 80 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar