12px14px16px18px

Film Fondunda mərhum rejissor Gülbəniz Əzimzadənin 65 illiyi qeyd edilib

03:48 / 14.04.2012
Dövlət Film Fondunda Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı laureatı Gülbəniz Əzimzadənin 65 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Fondun foyesində rejissorun həyat və yaradıcılıq yolunu əks etdirən fotosərgi nümayiş olunub. Dövlət Film Fondunun direktoru Cəmil Quliyev görkəmli kinorejissorun həyat və yaradıcılığından, onun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərindən danışıb.
Tədbirdə bildirilib ki, Gülbəniz Əzimzadə Bakıda ziyalı ailəsində anadan olub. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova isə rəssam idi. Səkkizinci sinfi bitirdikdən sonra o, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuşdur. 1969-1974-cü illərdə isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. G.Əzimzadə 1974-1998-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-rejissor kimi fəaliyyət göstərib. Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülüb. Onun Anarın “Dantenin yubileyi” povesti əsasında quruluş verdiyi eyniadlı film 1978-ci ildə ekranlaşdırılıb və maraqla qarşılanıb. Rejissorun “Təkcə adanı özünlə apara bilməzsən” bədii filminin əsas mövzusunu insana və təbiətə məhəbbət təşkil edir. Gülbəniz Əzimzadəyə böyük uğur qazandıran bu film bir sıra mükafatlara layiq görülüb. Tərdbirdə o da vurğulanıb ki, G.Əzimzadə “Qaladan tapılan mücrü”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Qətl günü” kimi maraqlı filmlərin də quruluşçu rejissorudur. Onun “Müqəddəs oda yanaram” və “Ümid” adlı yeni dövr filmlərində Qarabağ müharibəsinin gətirdiyi faciələr və insanın həyatda yerini axtarması kimi mühüm mövzular əksini tapıb. İstedadlı kinorejissor Gülbəniz Əzimzadə 2006-cı ilin dekabrında dünyasını dəyişib.
Xatirə gecəsində daha sonra çıxış edənlər G.Əzimzadənin həyat və yaradıcılıq nailiyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Tədbirdə görkəmli rejissorun bədii və sənədli filmlərindən fraqmentlər göstərilib.
GÜNEL



Bu yazı ( 45 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar