12px14px16px18px

“Vergilər uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçiriləcək

00:35 / 13.04.2012
1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Vergilər Nazirliyinin təşəbbüsü və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm Qalereyasının dəstəyi ilə “Vergilər uşaqların gözü ilə” adlı onuncu rəsm müsabiqəsi təşkil ediləcək.
Məqsəd gənc nəslin vergi haqqında anlayış və biliklərini artırmaq, gələcəyin potensial vergi ödəyicilərinə vergi mədəniyyəti aşılamaq istiqamətində hər il təşkil olunan bu sərgilərdə vergi haqqında biliklərin uşaqların başa düşə biləcəyi formada onlara çatdırılmasından ibarətdir.
Vergilər Nazirliyi vergi biliklərinin təbliği prosesində Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir. Məktəblərdə vergi mövzusunda dərsdən əlavə xüsusi təlimlər keçirilir. Uşaqlar valideynlərinin və müəllimlərin köməyi ilə vergi barədə bilikəri mənimsəyirlər. Rəsm müsabiqələri bu biliklərin uşaqlar tərəfindən mənimsənilməsinin stimullaşdırılması üçün bir vasitədir. Bu müsabiqələrdə uşaqlarda vergi barədə formalaşdırılmış biliklər kağız üzərinə köçürülür.
Müsabiqələrdə iştirak edən rəsm əsərləri Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm Qalereyasına təqdim olunur və münsiflər heyəti tərəfindən qiymətləndirilir. Təşkil olunan sərgidə isə təqdim olunan bütün rəsm əsərləri nümayiş olunur. Rəsm müsabiqəsi 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına daxil olan iştirakçılar arasında keçirilir. Rəsm müsabiqələri çərçivəsində asfalt üzərində rəsm və hekayə müsabiqəsi də keçirilir. Hər il 250-dən çox rəsm əsərinin təqdim olunduğu sərgilərdə rəsm əsərlərinin müəllifləri sertifikatla, qaliblər isə xüsusi diplom və hədiyyələrlə təltif olunur.
Tədbirdə nümayiş olunan rəsm əsərləri “Vergilər uşaqların gözü ilə” adlanan jurnal şəklində çap olunur və rəsm müsabiqəsinin iştirakçılarına paylanır. Azərbaycan və ingilis dillərində çap olunan jurnal həmçinin Vergilər Nazirliyinin il ərzində iştirak etdiyi bütün sərgilərdə, Nazirliyin təşkil etdiyi digər tədbirlərdə də paylanır.
Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda Vergilər Nazirliyinin inzibati binasının divarlarında öz layiqli yerini tutmuş və Vergilər Nazirliyi tərəfindən hazırlanmış “Müstəqil Azərbaycanın vergi sistemi” adlı xüsusi nəşrdə də əksini tapıb.
Ötən illər ərzində sərgidə ümumilikdə 2500-ə yaxın rəsm əsəri iştirak etmişdir. Bu illər ərzində sərgiyə təqdim olunan rəsmlər də xeyli təkmilləşmiş, mövzu çalarları zənginləşib.
Hər il keçirilən bu müsabiqə iştirakçıların yüksək marağına səbəb olur. Bu il də “Vergilər uşaqların gözü ilə” sərgisinin yubiley tədbiri olaraq yüksək səviyyədə keçirilməsi nəzərdə tutulub. Ötən illərdən fərqli olaraq bu il müsabiqəyə 1 iyun tarixində H.Cavid adına parkda yekun vurulacaqdır. Final günü rəsm işlərinin sərgisi ilə yanaşı, qaliblərin təntənəli şəkildə təltif olunması və uşaqlar üçün böyük şənliyin təşkili planlaşdırılır.
Müsabiqədə iştirak etmək istəyənlər rəsmlərini 20 may 2012-ci il tarixədək T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasına (28 May küçəsi, 21) təqdim etməlidirlər.
GÜNEL



Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar