12px14px16px18px

“Gümanım yol gedir durna köçündə...”

RAMİZ QUSARÇAYLININ ŞEİRLƏRİNDƏN YARANAN DUYĞULAR

00:04 / 12.04.2012
...Mən yazan dərdlərin iki rəngi var,
Zəmiyə bənzəyir – sarı, ya yaşıl.

İllər öncə “Azərbaycan” jurnalında Ramiz Qusarçaylının yazıları ilə tanış olanda onun şeirləri mənim də yadımda həyatın yaşıl və sarı rəngi kimi qalmışdı. Onun “Azadıq” adlı şeiri xüsusilə xoşuma gəlmişdi.

Alimində yox ziya,
Şairində söz riya
Hər kənddə bir partiya
Azadıq bəy, azadıq

Sonra kitabları ilə tanış oldum. Bu şeirləri oxuduqca oxumaq istədim. Ondan ki, şair demək olar əksər şeirlərində

Mən qala qurmağa fiqur gəzmirəm,
Şahlı, piyadalı bu dünya qalam.
Yüngül xanalarda uğur gəzmirəm
Yolum haqq yoludur, öləm, ya qalam

söyləyir. O, sözdən məharətlə istifadə edərək necə deyərlər, sözü urvatdan salmır, əksinə sözə yaraşan gözəl bir libas biçir qələmiylə. Gözəllikdən vəcdə gələn şair görün özü necə bir gözəllik yaradır

Gözəllik baharın gəlişi deyil,
Bahar bir rəssamın sərgi işidi.
Bu gül təbiətin əl işi deyil,
Məhəbbət işidi, sevgi işidi.

Halbuki onun da söz oyunu oynamağa imkanı var. Amma yaxşı bilir ki, sözü sözlükdən çıxaranda gözəl nümunə yox, əndrabadi bir şeylər alınar. Necə ki, bu gün ya çox bəsit şəkildə, ya da anlaşılmaz bir formada olan yazılar baş alıb gedir. Düzdü, bəzən bu mücərrəd yazılara yanaşma da müxtəlif olur, bir şair deyirdi ki şair nə qədər anlaşılmaz olsa o qədər maraqlıdır. Bu da o insanın zövqüdü. Amma mən bir oxucu kimi oxuduğumu anlamayacağamsa gözümün nurunu tökməyə dəyərmi? Amma R.Qusarçaylının şeirlərini oxumağa dəyər, özü də dönə-dönə. Həm maraqlı deyim tərzinə, həm də ona görə ki, bu gözəl nümunələrdə həqiqi bir Vətən ağrısı və vətəndaşlıq yanğısı var. Bu şeirlərdə şairin axan göz yaşlarını gördüm, iztirablı hıçqırıqlırını eşitdim, ağır kədərini duyaraq onun təmənnasız sevgisini hiss elədim. Bir onun söz boxçasına baxın. Dərdi köksü üstə şırımlar açan şairin təbii olaraq qardaşı elə tüfəng olar.

Nə zəhmi yumşaq tuturam,
Nə sözə yaşmaq tuturam,
Ölümlə qurşaq tuturam
Tüfəng mənim qardaşımdı.

“Qəbul otağında ağlayan əlil” şeiri isə sanki yaramızın közünü qoparır, göz yaşlarına hakim ola bilmirsən...

Oynayıb yerindən bu baş, bu beyin,
Gözüm gözləməkdən yorulub mənim.
Sınıb şüşə kimi Şuşa ürəyim
Qarabağ qanadım qırılıb mənim...

Şairin içində elə bir üsyan var ki, ona gecə-gündüz rahatlıq vermir. “Bu buxovdan açın haqqı” söyləyərək haqsızlığa dözmür, nə yurd itgisi ilə, nə də insanların rəzilliyi, köləliyi ilə barışa bilmir. Arada dərdini götürüb öva çıxan şair canavarda nə görürsə ona da üz tutur

Yoldu, keçiddi, tələ çox,
Düşdün, çox düşdün dilə, çox,
Bizi vuranlar elə çox...
Mən səni vuran deyiləm.

Və ya

...Səndə ki bu kişilik var,
Mən səni vuran deyiləm!

Müəllifin “Azərbaycan bayrağı” adlı şeirini isə onun şah əsəri adlandırmaq olar.

Şənini vəsf etməyə yetər qüdrətim, yetər,
Ulduzunu, ayını göydə mələklər ötər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey istiqlalımın əbədiyyət sancağı
Azərbaycan bayrağı!

R.Qusarçaylının şeirlərini oxuyarkən qəribə bir mənzərəyə də rast gəldim. Bəzi şeirləri o qədər adama tanış gəlir ki, yəni “el dilində gəzən şeirlər” deyirlər buna. Məsələn, onun “A bənövşəm mənim..” adlı şeirini o qədər dinləmişəm heç bilməzdim ki, onun müəllifi məhz R.Qusarçaylıdır.

O nə boylanışdı dolmusan yenə,
A bənövşəm mənim, süsənim mənim.
Özü bu dünyanı sevdirib mənə
Özü bu dünyadan küsənim mənim.

Və ya “Qəm zəmisi” adlı şeiri

Bu gün kitabımın birini satdım,
Bir kilo ət aldım balalarıma.
Bu gün də başımı şeirlə qatdım
Qafiyə tapmadım bəlalarıma.

Müəllifin təbiət gözəlliyi ilə bağlı şeirləri də ürəkaçandı. Bu da çox təbiidir. Füsunkar təbiətin qoynunda yaşayıb-yazan şairin “Payız” şeiri də fərqli olmaqla həm də oxucunu pessimist ruha gətirmir. Çünki o kədərin də gözünə səmimi qəlbdən gələn bir ovuz sevinc qığılcımı atır.

Çiçəklər xəzəldir, xəzəllər çiçək,
Açıb yaxasını yağışa, çənə.
Yarpaqlar sapsarı xatirələr tək
Səpilir payızın qədəmlərinə.

Və ən əsası odur ki, R.Qusarçaylı hansı mövzuda yazsa da onun böyük dərdi- Bütöv Azərbaycan həsrətinin yanğısı o şeirdə öz əksini tapır.

İtir boz qayalar duman içində,
Dağlar yamac-yamac payızdan keçir.
Gümanım yol gedir durna köçündə-
Gümanım hardasa Arazdan keçir.

Düşünürəm ki, R.Qusarçaylının şeirləri ilə bağlı mübaliğəli nəsə söyləmədim. Sadəcə bu fikirlər bir oxucu kimi gəldiyim qənaət oldu.
Mina RƏŞİD



Bu yazı ( 108 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar