12px14px16px18px

Çağdaşlıqla qədimliyin dəyərli vəhdəti

00:04 / 11.04.2012
Qədim və zəngin milli-mənəvi dəyərləri ilə tanınan, rəğbət qazanan Azərbaycan xalqı yaşatdığı, təbliğ etdiyi bəşəri ideyaları, maddi-mədəniyyət örnəkləri, adət-ənənələri, humanizmə dayalı milli xüsusiyyətləri ilə dünya xalqları arasında özünəməxsus yer tutur.
Əsrlərin keşməkeşlərinə, tarixin ağır sınaqlarına baxmayaraq xalqımız tətbiqi sənət incilərini nəinki yaratmış, inkişaf etdirmiş, həm də bu qiymətli nümunələr xəzinəsini gələcək nəsillər üçün qoruyub saxlaya bilmişdir. Bu günlərdə “Qala Əntiq Əşyalar Muzeyi”ini ziyarət edərkən, vurğulanan fikirlərin gerçəkliyinə bir daha əmin olduq.
Muzey Heydər Əliyev Fondunun layihəsi və maddi dəstəyi ilə tikilib istifadəyə verilib, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin və Fondun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın iştirakı ilı ötən ilin sentyabr ayından əntiq əşya sevərlərin üzünə açılıb. Bu unikal mədəniyyət ocağı ixtisas etibarilə mühəndis olan, xeyriyyəçi, Qarabağ müharibəsi əlili, “Azərbaycan bayrağı” ordenli Şahid Həbibullayevin topladığı və bərpa etdiyi şəxsi kolleksiyası əsasında yaradılıb.
Əntiq Əşyalar Muzeyinin memarlıq həllində müəlliflər klassik üslubla müasirliyin, qədimliklə yeniliyin vəhdətinə əlahiddə üstünlük verib. Orta əsrlərə aid qala divarlarının qonşuluğunda yerləşən muzeyin mərmər üzlüklü çağdaş binası ilə hücrələrindəki incə naxışlı nimdaş eksponarları arasında duyğu və düşüncələrimizi səfərbər edən mərhəm bir “ziddiyyət”, forma ilə məzmun arasında “təzadların harmoniyası” qabarmaqdadır.
İlk olaraq bizi – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrini “Qala Əntiq Əşyalar Muzeyi”nin baş direktoru Şahid Həbibullayev və muzeyin ən gənc, eyni zamanda təcrübəli kollektivi qarşıladı. Ətraflı tanışlıqdan öncə bizi bu mədəniyyət ocağına dəvət edən müəllimimiz, filologiya üzrə elmlər doktoru Asif Rüstəmli və Şahid Həbibullayev muzeyin yaradılması, burada sərgilənən eksponatların bərpa tarixi haqqında qısaca məlumat verdilər.
Ş.Həbibullayevin bu zəngin və qeyri-adi kolleksiyası hazırda 3000-dən çox maddi-mədəniyyət nümunələrini əhatə edir. “Qala Əntiq Əşyalar Muzeyin”də həmin unikal sənət incilərinin yalnız 800 eksponatı nümayiş olunur. Muzey üç mərtəbədən ibarətdir. Belə ki, muzeyin birinci və ikinci mərtəbələrində, əsasən, Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri, üçüncü mərtəbədə isə respublikanın ayrı-ayrı bölgələrindən toplanmış ABŞ, Fransa, İngiltərə, Almaniya, Avstriya, Belçika, Polşa, Türkiyə, Rusiya, İran, Özbəkistan və digər ölkələrdə istehsal edilmiş və qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş nümunələr sərgilənir.
Birinci mərtəbədə nümayiş etdirilən eksponatlar biz gənclərin diqqətini daha çox özünə çəkdi. Hətta bələdçi də bizim hər əşyaya məxsusu nəzər yetirdiyimizi duyub maraqlı məlumatlar söylədi. Sərgilənən maddi-mədəniyyət nümunələrini seyr edərkən, xüsusilə misgərlərimizin döymə və qabartma xəttlərlə, cizgilərlə yaratdıqları möcüzəvari naxışların önündə heyrətini gizlədə bilmirsən, dərin düşüncələrə dalırsan. O düşüncələrə ki, xalqımızın böyük və zəngin mədəniyyət örnəkləri, yüksək zövqlə süslənmiş sənət əsərləri qürur hissi doğurmaqla yanaşı, səni qədim əyyamlara alıb aparır. XVI-XIX yüzilliklərə aid məcməilər, sinilər, sərpuşlar, satıllar, sərniclər, camlar, kasalar, qablamalar, dolçalar, bal çəlləkləri, şərbət qabları, kəfkirlər, ədviyyat qabları, səfər dəstləri və s. antikvarlara adi məişət əşyaları kimi nəzərdən keçirmək mümkünsüzdür. Sənət incilərini diqqətlə izlədikcə, duyduqca, ruhuna hopdurduqca xalqımızın tarixi, etnoqrafiyası, yaradıcılığının inkişaf mərhələləri göz önündə canlanır. Burada orta əsrlərə aid olan, Şərq üslubunda incə zövqlə işlənmiş qadın kəmərlərini, sinəbəndləri, qolbənd və bilərzik dəstlərini seyr etdikcə xalqımızın cəmiyyətdə qadınlara necə böyük ehtiram və məhəbbət bəslədiyini, əhəmiyyət verdiyini duymamaq, dəyərləndirməmək mümkünsüzdür. Əksər eksponatların üzərində onların hansı dövrə aid olması, ustası və sifarişçisi də qeyd edilib.
Ən qədim dövrlərdən bəri xalqımızın məişətinə daxil olan, məclis və mərasimlərimizin ayrılmaz atributuna çevrilən çay və onun komponentlərini, xüsusilə çaynik, çaydan və samovarların “Qala Əntiq Əşyalar Muzeyin”də üstünlük təşkil etməsi bizi təəccübləndirmədi. Bəlkə də dünyanın heç bir muzeyində bu qədər çeşidə malik samovara rast gəlmək çətindir. Bələdçimiz Turan xanım bizə məlumat verdi ki, Şahid Həbibullayevin kolleksiyasında samovarların sayı mindən çoxdur. Onların 160-a yaxını müxtəlif forma və üslubda işlənmiş, 110-dan çoxu isə konkret sahibkarın və firmaların adı ilə bağlı olan eksponatlardan ibarətdir. Bu gün Əntiq Əşyalar Muzeyində 156 samovar nümayiş etdirilir. Samovarların əksəriyyəti Rusiyanın Tula, Moskva, Sankt-Peterburq, Ural və digər şəhər, bölgələrində, XVIII-XIX yüzilliklərdə, bir qismi Polşa, İran, Avstriya, ABŞ kimi dövlətlərdə, digər qismi isə üzərində müvafiq nişanların pozulması səbəbindən bizə naməlum qalan ərazilərdə istehsal olunmuşdur.
Muzeydə böyük maraq kəsb edən eksponatlardan biri də L.Nobelin faytonudur. Ekspozisiyada nümayiş etdirilən bu qədim nəqliyyat vasitəsi Lüdviq Nobelin sifarişi ilə 1895-ci ildə Sankt-Peterburq maşınqayırma zavodunda hazırlanmış, uzun illər sahibinə və onun soyadını daşıyan şirkətə xidmət göstərmiş sovet dövründə Şəki şəhərində təyinatı üzrə istifadə edilmiş, yararsız hala düşdükdən sonra isə kolleksioner Ş.Həbibullayev tərəfindən alınaraq yüksək peşəkarlıqla bərpa olunmuşdur. Onu da xatırladaq ki, faytonun ön çarxlarının oxu üzərində Rusiya imperiyasının dövlət gerbi və “L.Nobel. S.Peterburq” sözləri həkk olunmuşdur.
Qürur doğuran haldır ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Şahid Həbibullayevə məxsus nadir misgərlik nümunələri, əntiq əşyalar dəfələrlə beynəlxalq sərgilərdə, o cümlədən Paris, London, Vaşinqton, Berlin, Moskva, Qahirə, Daşkənd və digər şəhərlərdə böyük uğurla nümayiş etdirilmişdir.
Nəhayət, “Qala Əntiq Əşyalar Muzeyi”nin xatirə kitabına ürək sözlərimizi qeyd etmək məqamı gəlib yetişdi. Müəllimimiz Asif Rüstəmli duyğu və düşüncələrimizi ifadə edərək bu missiyanı həvəslə yerinə yetirdi. Biz tələbələr isə “Qala Əntiq Əşyalar Muzeyi”nin yaradıcısi və baş direktoru Şahid Həbibullayevə dərin təşəkkürlərimizi bildirməklə yanaşı onunla xatirə şəkli çəkdirdik.
...Biz muzeyi tərk etsək də, ondan uzaqlaşsaq da dünənimizə qayıtmaq, keçmişimizə daha dərindən bələd olmaq həvəsi bizi tərk etmirdi. Burada gördüklərimiz adi məişət əşyaları deyildi, xalqımızın milli-mədəni təkamülünün salnaməsi – mis kitabələr idi.
Gülnar ARAZƏLİYEVA,
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
II kurs tələbəsi




Bu yazı ( 103 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar