12px14px16px18px

YUĞ-da modern rəqs məşğələləri

00:01 / 11.04.2012
9-13 apreldə YUĞ Dövlət Teatrında daha bir tədbir həyata keçiriləcək. Bu barədə teatrın mətbuat xidməti məlumat verib. Tədbiri YUĞ Dövlət Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcı Təşəbbüslər Mərkəzi və Azərbaycandakı Fransız İnstitutu birgə hazırlayıb. Ayın 9-dan 13-dək saat 14.00-18.00 intervalında YUĞ Teatrının binasında modern rəqs məşğələləri (stajkeçmələri) təşkil olunacaq. Məşğələlərdə fransız rəqqasları Sara Baltzinger və Aleksandro Lipo modern rəqs teatrı, müasir rəqsin texniki cəhətləri, xoreoqrafik repertuar üzərində iş, kontakt, improvizasiya və yaradıcılıq kimi istiqamətlərdə öz təcrübələrini iştirakçılarla paylaşacaq. Məşğələlər pulsuzdur və maraqlananlar iştirak edə bilərlər.
Sara Baltzinger yaşının az olmasına baxmayaraq, Fransada modern rəqslər sahəsində kifayət qədər uğur qazanmış bir rəqqasədir. Bir neçə truppada çalışan Sara “Mirage Compagnie”nin xoreoqrafıdır. Bu truppanın tərkibində “Əl oyunları”, “Səhv”, “Sakit” kimi məşhur tamaşalarda rəqs edib. 22 yaşlı bu gənc rəqqasə “Cobos Mika Compagny”də Peter Mikanın sinfində təhsil alıb. Hazırda Barselona şəhərindəki “Compagnie Laura Vilar” truppasında rəqs edir və tamaşaların hazırlanmasında iştirak edir. Rəqqasə həmçinin 2009-cu ildən etibarən “Compagnie Totum”un tərkibində çıxış edir və burada “Bir an”, “Hissəciklər”, “Daxili hisslər”, “Başqalarının nəzəri” tamaşalarında çıxış edib.
Rəqqasə həmçinin pedaqoji fəaliyyətlə də məşğuldur. O, müxtəlif məktəblərdə və konservatoriyalarda (3C-L Lüksemburq), “Lüksemburq Xoreoqrafiya Yaradıcılıq Mərkəzində dərs deyir və məşğələlər keçir.
Staj keçəcək digər şəxs – Aleksandr Lipo da Avropanın bir sıra rəqs truppalarında çalışıb. “Mirage Compagnie”nin aparıcı rəqqaslarından olan Aleks həmçinin “Compagnie Totum”da da çıxış edir. O, Lüksemburqda Kler Lebsonun truppasında rəqs edib və Jüli Bartelemi ilə birlikdə rəqs edib.
Həmçinin rəqs müəllimi kimi fəaliyyət göstərən Aleks Bernard-Marie Koltes teatrında musiqili komediyadan, modern rəqs, modern caz və ifaçılıq sənətindən dərs deyir və məşğələlər aparır.
Bu tipli tədbirlərin həyata keçirilməsi, müxtəlif məşğələlərin, ustad dərslərinin, stajkeçmələrin təşkili müasir dünya mədəniyyəti ilə tanış olmaq, qabaqcıl mədəniyyətlərin müsbət təcrübələrini mənimsəmək və həyata keçirmək baxımından böyük əhəmiyyət kəsb edir.
HÜSNİYYƏ




Bu yazı ( 100 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar