12px14px16px18px

Şəhid İlqar Məmmədovun xatirəsi ədəbi-bədii tədbirlə anılıb

00:01 / 11.04.2012
Prezidentin fərmanı ilə “Hərbi xidmətlərinə görə” medalı ilə təltif olunmuş (ölümündən sonra) şəhid İlqar Məmmədovun doğum günü münasibətilə onun oxuduğu və hazırda adını daşıdığı Binəqədi rayonu Biləcəri qəsəbəsi 298 saylı məktəbdə tədbir keçirilib. Tədbirdə Gənc Tamaşaçılar Teatrının baş redaktoru Səriyyə İsmayılova, şairə-publisist Fəridə Ləman, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, yazıçı-publisist Salatın Əhmədli, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası Laləzar Ocaqquliyeva, şəhidin atası Qabil Məmmədov, anası Şərqiyyə Sadıqova, qardaşı Emin Qabiloğlu, qohumları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları şəhid İlqar Məmmədovun xatirəsinə məktəbin həyətində ucaldılmış heykəlini ziyarət edərək gül-çiçək dəstələri qoyublar. Sonra məktəbin direktoru Şərqiyyə Hüseynova tədbiri açaraq iştirakçıları salamladı, şəhid İlqar Məmmədovun bu məktəbin layiqli şagirdi olması ilə iftixar hissi duyduqlarını bildirib. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Xatirə Rəhimova davam etdirərək şəhid İlqar Məmmədovun həyatından, təhsil və cəbhədə xidmət illərindən, məktəbdə onun xatirəsi ilə əlaqədar keçirilən tədbirlərdən iftixarla danışıb. Çıxış edənlər İlqar Məmmədov haqqında “İlqarsız dünya” kitabının müəllifləri Fəridə Ləman, Salatın Əhmədli, bədi redaktoru Səriyyə İsmayılova, rəyçilər Aidə Şirinova, Natiq Əliyev, Məlahət İbrahimova Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdən, şəhidlərin və onların ailələrinə dövlətimizin diqqət və qayğısından, ədəbiyyat, sənət adamlarımızın şəhidlər mövzusunu daim yaradıcılıqlarında diqqətdə saxlamalarından danışıblar.
Daha sonra məktəbin şagirdlərinin ifasında Fəridə Ləman və Salatın Əhmədlinin “İlqarsız dünya” əsərindən parçalar səsləndirilib.
Tədbirin yekununda iştirakçılar şəhidin valideynlərinə və məktəbin müəllim heyətinə İlqar kimi vətənpərvər oğul yetişdirdiklərinə görə təşəkkürlərini bildiriblər.
HÜSNİYYƏ



Bu yazı ( 100 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar