12px14px16px18px

İnam şairi, zaman şairi, şaman şairi

04:06 / 10.04.2012
Rüstəm Behrudi – 55


“Mən 53 yaşımda, 29 yaşında dostum
məndən güclüdür.
Zal oğluna bənzəyən Rüstəm
məndən güclüdür.
Oxudum... misraların qana batmış inci, dür,
Nə yaxşı ki, söylədim Rüstəm məndən
güclüdür”.
Xəlil Rza Ulutürk

Ötən əsrin 60-ci illərindən oxucuların dərin rəğbətini qazanmış Xəlil Rza Ulutürk, Məmməd Araz, Əli Kərim, Musa Yaqub, Sabir Rüstəmxanlı, Ramiz Rövşən kimi şairlərimiz Azərbaycan poeziyasının səmasında yeni parlayan ulduzlara bənzəyirdi. Xəlil Rza nərəsi, Əli Kərim təşbehi, Musa Yaqub kədəri, Ramiz Rövşən çılğınlığı, Sabir Rüstəmxanlı vətəndaşlığı, Məmməd Araz niskili ilə köklənən bir şair səsi də eşidilirdi. Kövrək hayqırtısı ilə, ağı deyən səsi ilə, böyük Turan nəfəsi ilə qəlbi döyünən Rüstəm Behrudi.
İlk şeirini 13 yaşında yazan R.Behrudi yaradıcılığı yeni Azərbaycan şeirinə ayna tutaraq, öz söz dünyasını yaratdı.
Kurqanları yaradan,
Şərqdən Qərbə atılıb vulkanları yaradan
Köhnə-yeni eradan!
Mən 53 yaşımda 29 yaşında dostum məndən güclüdür,
Zal oğluna bənzəyən Rüstəm məndən güclüdür.
– deyən Azərbaycan şeiriyyat meydanının nəhəng sərkərdəsi Xəlil Rza Ulutürk Rüstəm Behrudini özündən güclü gənclik adlandırdı. Görkəmli şair fəxarət və təvazökarlıqla:
Mədəd, yardım istəyir,
Quyuların dibində uğuldayan odlardan
Orhan, Yenisey kimi, Kaşkarlı Mahmud kimi
Ən müqəddəs adlardan,
Dənizdən dənizlərə çapıb gələn atlardan!
“Avesta” kitabında öküz dərilərinə həkk olunmuş adlardan
Oxudum... misraların qana batmış inci, dür,
Nə yaxşı ki söylədim Rüstəm məndən güclüdür,-
Gənclik gəlir!
Məndən güclü, məndən cəsur,
məndən məğrur gənclik gəlir
deyərək Rüstəm Behrudiyə sənət yollarında xeyir-dua verdi.
Bu illərdən başlayaraq Rüstəm Behrudi yaradıcılığı Azərbaycan və Türkiyə ictimaiyyətinin də diqqətini cəlb etdi. Ən tanınmış ziyalılarımız – şairlər, ədəbiyyatşünaslar, elm adamları onun haqqında sanballı məqalələr yazdılar, dəyərli fikirlər söylədilər.
Əslində gənc olmasına baxmayaraq, öz poeziyası ilə Azərbaycan azadlıq hərəkatında müəyyən xidmətləri olan, bədii yaradıcılığı ilə türkün bədii fikrinin inkişafında irəliyə bir addım atan şairin poeziyamıza gətirdiyi yeniliklər ədəbiyyatın həyatla əlaqəsinə əyani sübut oldu. Öz şeirlərində Azərbaycan xalqının tarix boyu azadlıq hərəkatını dərin səmimilik və mənəvi təmizliklə təsvir edən, Tanrıçılıq və türkçülük ideyalarına yeni rövnəq verən, Şamanizm motivlərini cəsarətlə təqdim edən, fəlsəfi və siyasi düşüncələrində ziddiyyətlərə meyl göstərməsinə baxmayaraq öz xalqının ən səciyyəvi xüsusiyyətlərini, onun gücünü və zəifliyini həm şair, həm filosof, həm ideoloq kimi qələmə almağa qadir olduğunu sübut edərək xalqımızın bədii düşüncəsini bənzərsiz poetik əsərlərlə, yeni kəşflərlə daha da şöhrətləndirdi.
“Bu milləti öymək yox, sevmək gərəkdir. Nə yazdımsa, türklük savaşında can qoymuş adsız qəhrəmanların ruhuna dua kimi yazdım... Türklük savaşında sıra nəfəri olmaqdan böyük xoşbəxtlik yoxdur yer üzündə!’’
And olsun Tanrı dağa,
Ota, gülə, yarpağa.
Turan qalxıb ayağa,
Qılınclar qına gəlməz!
Turançılıq, türkçülük ideyaları R. Behrudi yaradıcılığının ana xəttini təşkil edir. Pantürkist çıxışlarına görə tələbəlik illərindən başlayaraq dəfələrlə təqiblərə məruz qalmış, həbsxanalara salınmış şairi bu əqidəsindən döndərmək mümkün olmayıb.
Açılmaz tilsimi füsunkar sözün,
Söz açar dərdimin tilsimin ancaq,
Turanın dərdini qoyun mən deyim
Bir kimsə mənimtək danışmayacaq.
Naxçıvan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş şair daima türk dünyasının tarixi kökləri, fəlsəfi düşüncələri ilə nəfəs almışdır və bu hisslər, duyğular onun poeziyasında öz əks-sədasını tapmışdır.
Böyük türk alimi Əhməd Bican Ərcilasun R. Behrudi haqqında yazır: “Rüstəmi oxuyarkən həyəcanıma sədd vurmam mümkün deyil. Tanrıya şikayətdə bulunarkən hələ Əbdülhaq Hamid kimi sözün, kəlmənin qiyafəsizliyini anlatmaq istər. Fəqət o bizi şüuraltımızın dərin köklərinə götürməyi bacarır. Mənə elə gəlir ki, R. Behrudi zamanlar üstündə yaşayan bir şairdir. Elə bir yerdə yaşamaqdadır ki, orada dün, bu gün, yarın yoxdur. Yalnız Tanrı Qara xanla su vardır. Şairimiz sanki o suyun üzərindədir və oradan dünyaya baxmaqdadır!’’
Rüstəm Behrudi türklərin mifoloji dünyagörüşünü açıqlayarkən “Göy adamları – türklər”dən, “ Hiray və Tanrı dağları arasında” yaşayan xalqdan bəhs edərkən: “Hər xalq özünə uyğun insanın yaranmasına dair təsəvvürə malik olub. Xalqların körpəlik dövrünü əks etdirən mifik təfəkkürdə insanın yaradılış hekayəsi bu və ya digər dərəcədə bir birinə oxşamaqdadır”- demiş şair bütün oxşar və fərqli cəhətləri bir kənara qoyaraq türkün yaddaşının bərpasını, su kimi təmizliyinə qayıdışını qələmə almışdır:

Yenə də dönərik o təmizliyə,
Ehey, bacım çaylar, ey anam dəniz.
Bu gün andlarımız özgələrədir,
Çox şeyi, çox şeyi unutmuşuq biz...

Hər bir misrasında tariximizi, etnoqrafiyamızı, folklorumuzu, inanc və etiqad mənbələrini, arxaizmləri öz şeirlərində qeyri-adi həzinliklə canlandıran şair mifik obrazlarla birgə türkün qəhrəmanlıq salnaməsində ad qazanmış tarixi şəxsiyyətlərin ruhunu köməyə çağırır.

Hər şey ayrılıqdan başladı.
Ayrılıqdan başladı
Olum da, ölüm də, doğum da.
Elə bu ayrılıqdan başladı
Mənim şeir adlı yolçuluğum da.
Bu yolda büdrəsəm, çağırsam-
Eşidərsinizmi?
Ağlasam – duyarsınızmı?
Ürəyimi görə bilərsinizmi...
Göz yaşlarımın parıltısında?!

Professor T.Hacıyevin qənaətincə “Dədə Qorqud kıtabı”ndan “Salam Dar ağacı”nacan” məqaləsində “Dədə Qorqud kitabı”ndan sonra heç kəsdə etnik tariximiz bu genişlikdə bədiilik predmetinə çevrilməyib”. Doğrudan da Rüstəm Behrudi yaradıcılığında “Salam Dar ağacı”, “Nə qaldı haqq anına”, “Yaradılış məsəli”, “Ağzı atəş kimi bir qurd”, “Vətən”, “Haqq sevən bəndəyə elə dindi türk”, “Turan qalxıb ayağa”, ”Qan içində üzür Turan” və s. kimi şeirlərində böyük Tunarın sərhədlərini misra-misra, söz-söz poetik duyğularının arxarında cızan şairin, məmləkətinə olan məhəbbətinin sərhəddi yoxdur.
Onun şeirlərində gah zərdüştün atəşpərəstliyi, oda sitayişi, işığa andı; gah bütpərəstin bütü, gah allahların əfvi, gah Allahın mələklərinin oxuduğu nəğmələri, gah İsanın, Musanın, Məhəmmədin unudulması mümkün olmayan Nuh peyğəmbərin haqqı, gah göydən gələn dörd müqəddəs kitabı, gah dərvişin ilahi sevgisini, gah Şamanın göylərə müraciətini və sonda yenə də tək Allaha sitayişini görürük.
“Düşünə-düşünə uşaqlıqdan yaddaşımızda özünə yer eləmiş işıq haqqı andına üz tutub 1400 il özümə doğru yol gəlmişəm. Bir də ayılmışam ki, oğlum da, ətrafımdakı cocuqlar da işıq haqqı deyir:
Canım işıq, gözüm işıq
Nur içində sözüm işıq...
Anamın üzünün nuru,
Gözlərimin qarası işıq.
Gündoğandan günbatana,
Bacılarımın sevgilisi
Qardaşlarımın yarası işıq-demişəm”.
Şairin sevgi mövzusunda yazdığı şeirlərində müdrik fəlsəfi intellekt bədii sözün qüdrətilə vəhdət təşkil edir. Müəllif bəzən bir bənd şeirdə öz hisslərini daha aydın ifadə etmək üçün vəsf etdiyi hissi sözün mənasını azaltma dərəcəsindən çoxaltma dərəcəsinədək yüksəldərək ifadə edir:
Səni sevdim,
Sevmək azdır.
Bu eşq bizə tale yazdı.
Görən Tanrı nəyə yazdı,
Bu sevdanın günahını?
Şair bu misralarda sevgi sözünü əvvəlcə eşqlə, sonra isə sevda kimi adekvat variantlarda işlədir. Burada lirik qəhramanın hisslərini dolğun ifadə etmək üçün ona nə sevgi bəs edir, nə də eşq. Bu sevginin ağılla idarə olunmayan həddi- sevdadır. O, həzin lirizm içərisində fəlsəfi-intellektual təmayüllü misralar yaradır. Onu oxuyarkən çox zaman başqa mənbələri vərəqləməli olursan. Şair Ramiz Rövşənin onun poeziyasında hiss etdiyi yarımçıqlıq anlayışının özündə oxucu ilə şair arasında olan bütövlük var. Behrudi bəzən tam açıqlamadığı hissi bir sözlə oxucunun mühakiməsinə buraxaraq düşünməyə vadar edir. Ona görə də bəzən oxucu onu bir dəfə oxumaqla kifayətlənmir.
Şairin “Bir məktub yaz, son dəfə” şerində deyilir:
Bir məktub yaz, hər şeyi
Yaz unuda-unuda.
Görüm nə cür dönürsən
Yağış, külək, buluda.
İlk baxışda bu adi sevgi şeiri təsiri bağışlayır. Lakin bir az dərindən diqqət yetirdikdə şairin məhəbbətin sonsuzluğunu təbiət hadisələrinin köməkliyi ilə dairəvi şəkildə sübut etdiyinin şahidi oluruq. Xalq şairi Bəxtiyar Vahabzadə Rüstəm Behrudi haqqında yazmışdı: “Rüstəm Behrudi 9 mərtəbəli bir binaya bənzəyir. Yüksək binanın gözəlliyi yaxından görünmədiyi kimi, onun gözəlliyini sonradan görəcəklər”. Mən də bir oxucu kimi xalq şairimizin bu fikri ilə tam razılaşaraq Rüstəm Behrudi yaradıcılığını bir az kənardan seyr etdim. “Bir məktub yaz, son dəfə” şeirində şairin bir kəlməni-unutqanlıq hissi sevən kəsə yaddır fikrini, anladım. Özü də necə?! Əvvəldən axıra kimi sevgilisindən ona üvanlanan son məktubu yazması üçün yalvaran şairin istəyi qəribədir. Bu elə məktub olmalıdır ki, burada tək sevənlərin yox, vida kəlməsi ifadə olunan sözlərin gözü dolsun, yağış yağsın üstünə, içində payız olsun. Yəni bu ayrılığa sözlər ağlasın, sevən kəsin göz yaşları sözlərin üstünə tökülsün və nəhayət elə bir son söz deyilsin ki, o məktubun içində ayrılıq mövsümü olan payız olsun. Məgər bu sənət möcüzəsi deyilmi?
Bu şeirdə onun məhəbbətin sonsuzluğunu sübut etdiyi misralar isə daha çox maraq doğurur. Bu insan hisslərinin təbiətlə harmoniyasının ecazkar nümunəsidir.Şair təbiət hadisələrini insan taleyinin incəliklərini açmaq, onun görünməyən gusşələrinə işıq salmaq, həyatın fəlsəfi mahiyyətini mənalandırmaq üçün bir ümumiləşdirmə vasitəsi kimi istifadə edir. Lirik qəhrəmanın sevən kəsdən istəyi son məktubdur. O son məktub ki, orada hər şeyi unuda-unuda yazsın. Unuda-unuda yazmaqçünsə hər şeyi yenidən yaşamaq, xatırlamaq gərəkdir. Xatirələr oyananda göz yaşı töküb yağışa dönürsən , göz yaşı tökdükcə ayrılığın səbəbini araşdırıb içindən kükrəyib külək kimi əsirsən. Bu dərdin yanğısından buxarlanıb buluda çevrilirsən . Özü də Yerlə Göy arasında. Şair burada da başqa bir şeirində olduğu kimi Yerin Göylərin sevgilisi olduğu məqama toxunur: “Yer kürəsi Tanrının ən müqəddəs sevgilisidir. Belə olmasaydı, günah içində olan yer üzünü Tanrı çoxdan dağıtmışdı.”
Tanrı yeri yarı sayıb,
Sənnən, mənnən naxışlayıb.
Sevgisinə bağışlayıb
Yer üzünün günahını.
“Bir məktub yaz son dəfə” şeirində insan psixologiyasına xüsusi diqqət yetirən sentimentallıq da var. Şeirdə, ələlxüsus, sevgi şeirlərində, sentimentallıq olmalıdır. Hələ 1905-ci ildə Abbas Səhhət: “Təzə şeir necə olmalı” sərlövhəli məqaləsində müasiri olan şairləri öz əsərlərində hissi cəhətə xüsusi fikir verməyə cağırdığı zaman, sentimentalizm cəbhəsindən çıxış etmişdi. Lakin Rüstəm Behrudidə bu sentimental düşüncələr “Göy”lə “Yer” arasında baş verdiyi üçün həm də Şamanlıqla bağlanır. Ümumiyyətlə sənətkarın yaradıcılığını hansı cərəyanla bağlamaq istəyirsənsə dəfələrlə Şamanizmə dönürsən. Onun bütün varlığı Şamanizmdən yoğrulub. Sanki xəzəl pıçıltısına bənzər pıçıltısı Qare Gülmuradla səs-səsə verib zülmət qaranlıqlar içərisində dua olub oddan qalxan tüstü kimi səmaya yüksəlir. “Şaman kimi sözlərdən mən tale toxuyuram”. Bu ifadənin özündə bir cazibə qüvvəsi, bir sehr var. Rüstəm Behrudinin şeir dilinin həzinliyi, şirinliyi, lirizmi, işlətdiyi bədii ifadə vasitələri, xüsusi ilə metaforalar oxucunu öz təsiri altına salaraq füsunkar aləminə aparır: “göy üzü yalquzaqla qabaq-qabağa durmaq”, “ürəyinin ahını sözə tilsim etmək”, “sönən ocaqların içində qor saxlayan külə inanmaq”, “ananın adını tanrı duası kimi pıçıldamaq”, – və s. Mən “Şaman duası”nı oxuyandan sonra tanınmış türkoloq Əhməd Bican Ərçilasunun Rüstəm Behrudi haqqında dediyi: “O Kərəmin ağzından çıxan alovdu, özünü də yandırır, məni də. O şüşənin dibindəki devdi, özünü də qəhr edir, məni də.” kəlmələrinin mahiyyətini anladım. Rüstəmin pıçıldadığı şaman duası neçə-neçə könüllərdən süzülüb tanrıya doğru qalxır, pıçıltıdan aman diləyən yalvarışa dönür: “İlahi, bu milləti yox olmaqdan hifz elə!” O bu duanı tək özü üçün yox bütün milləti üçün, “Şuşada minarələri üçmuş Allah evi” üçün, oğullarını şəhid verib “ortada qalan ana tabutu” üçün, “zorlanmış bacı”, “təhqir olunmuş ağbirçək’’, yenilmiş qeyrətimiz üçün oxuyur. Oxuyur və müqəddəs saydığı varlıqların hər birinə and içib süngü üstünə yüyürür.
And olsun
minarəsi yıxılmış
Sahibsiz Allah evinin
Düşən daşlarının
Sinəsindəki dağlara!
(Şuşa! Zorlanmış bacı,
Təhqir olunmuş ana!)
And olsun
Yeddi oğul böyüdüb
ortada qalan ana tabutuna
Bir süngünün üstünə yüyürüb ölməliyəm.
Bax, budur Behrudi sözünün səciyyəvi sehrkar gücü və qüvvəti! Şamanlıq onun bütün ruhuna hopmuş müşki-ənbər kimidir. Zaman ötüşündə o nə rəngini dəyişir, nə də ətrini.
Behrudi bəzən Şaman olub göylərə dua oxuyur, bəzən “bu gündən dərvişəm daha”, – deyərək səhralara düşür, bəzən öz avazıyla türkləri “qurd üzünə namaz”a səsləyir, bəzən ‘’Şuşadan keçməyən yol Kəbəyə nə cür gedir?”- müəmmasının dəhşətindən Allaha, Vətənə, hətta İblisin özünə də ağı deyir. Bəzənsə onu divanəlik həddinə çatdıran dərdinin dərmanını istəyir.
Ürəyimin yarasını sağaltmağa
Bir dərman var tapılmayır.
Belə dərman heç bir yerdə satılmayır
Mənim üçün “İlkinliyim” , “Bütövlüyüm”
Ünvanında dərman gərək.
Bölünməmiş çaylar gərək,
Dağlar gərək, orman gərək.
Mən qəmi də, mən dərdi də
İstəmirəm tikə-tikə, çərək-çərək,
Mənə hər şey tam halında-
mənə hər şey bütöv gərək.
Onun şeir palitrasında hər bir varlığı öz əlamətində, öz rəng çalarında görmək lazımdır. İlanın gözünü sarı, qurdu boz, üstündə namaz qılmağa yarpağı təmiz, Vətən yolunda tökülən qanı qırmızı, nuru ağ, səsi yaşıl, göyü işıqlı, yeri əlvan (günahlı, günahsız) görməsən onda “səslər yekrəng, yeddi rəng bir rəng olar”, əşya əşyalığından, əlamət əlamətliyindən bezər.Vətən Behrudisayağı vətən olmaqdan bezən kimi.
Bu payız Rüstəm Behrudinin anadan olmasının 55 illik yubileyidir. Sanki 55 il yox, 1555 ildir ki, o böyük Türk dünyasından bizə doğru keşməkeşli yol gəlir. Bu yolda:
Haqq soruşsa kiməm, nəyəm,
Tanrı qulu divanəyəm.
Bir kitabam – göydən ayəm
Gəlib, kimsə dilin bilmir,
– deyərək yaratdığı hər bir sənət nümunəsi bir dünyadır. Təməli qeyrət, divarı cəsarət, pəncərəsi heyrət, örtüyü söz olan sehrli dünya.
Bu sehrin açılmasını isə şair bizlərə ərmağan edir. “Behrudi yaradıcılığında mifoloji dünyagörüşü”, “Behrudi yaradıcılığında demonizm motivləri”, “Behrudi poeziyasının linqvo-poetik tədqiqatı”, “Behrudi yaradıcılığında təsəvvüf”, “Behrudi yaradıcılığında fəlsəfi düşüncələr”, “İnsan və bəşəriyyət amili”, “Folklor və Behrudi” və sairə saymaqla bitməyən elmi cəhətdən araşdırılmamış neçə-neçə mövzular. Mən öz tərəfimdən onun söz dünyasının bir qapısını açmağa cəhd etdim. Elə astanadaca bu aləmin gözəlliyinə valeh oldum. Döyüşgən bir xalqın kədərli nəğməsini, oxucunun urək döyüntüsünü, şairin hıçqırtısını və duasını eşitdim. Onun söz dünyası ruhuma bir niqab saldı. O niqabın da öz rəngi var: nə ağ, nə qırmızı. Payız kimi kədərli, payız kimi düşüncəli, payız kimi sarı. Elə onun özü də Tanrının bizə göndərdiyi payız payıdır. Şair, 55-ci payızın mübarək olsun! Zaman ötüşündə sənin son payızın olmayacaq. Sən əbədiyyət səmasında bütün payızların mübarək heykəlini öz salamınla yapmısan: Salam, bütün payızlara! – Əleyküm salam!..
Nə qədər ki, türk dünyası və türkün dili var sənin haqqında mənim kimi, məndən də çox-çox üstün danışanlar olacaq. Amma bir onu bilirəm ki, şeiriyyat aləmində “Ya ölüm, – ya da ki, bütöv bir Vətən!..” andından bu qədər həzin hayqırtı ilə bir kimsə sənintək danışmayacaq!..
Xanım SULTAN
Filologiya üzrə fəlsəfə doktoru







Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar