12px14px16px18px

“Molla Nəsrəddin” jurnalının 106 yaşı qeyd edilib

04:04 / 10.04.2012
“Molla Nəsrəddin” jurnalının birinci nömrəsinin çapdan çıxmasının 106-cı ildönümü münasibətilə Cəlil Məmmədquluzadənin ev–muzeyi Məmməd Səid Ordubadinin mənzil-muzeyi ilə birlikdə “Molla Nəsrəddin”in müasirləri” rubrikası üzrə tədbir keçirib. “M.S.Ordubadi həm də mollanəsrəddinçi ədəbi məktəbin nümayəndəsidir” mövzulu tədbir çərçivəsində ev–muzeyinin foyesində “Cəlil Məmmədquluzadə-Molla Nəsrəddin” adlı sərgi nümayiş etdirilib.
Cəlil Məmmədquluzadənin ev–muzeyinin direktoru Pərixanım Mahmudova “Molla Nəsrəddin” jurnalının nəşri tarixindən, bu nəşrin ətrafında toplaşmış görkəmli, maarifpərvər Azərbaycan ziyalıların, mollanəsrəddinçi şair, yazıçı və rəssamların yaradıcılıqlarından söhbət açıb. O bildirib ki, muzey təkcə C.Məmmədquluzadənin irsinin toplanması, tanıdılması və təbliği ilə məşğul olmur, həmçinin görkəmli ədibin müasirləri M.S.Ordubadi, M.Ə.Sabir, Əzim Əzimzadə və digər “Molla Nəsrəddin”çiləri də yad edir, onların xatirəsini həmişə əziz tutur.
Tədbirdə Məmməd Səid Ordubadi ev-muzeyinin direktoru Lalə Abaszadə “M.S.Ordubadi tarixi roman janrının banisi, həm də mollanəsrəddinçi ədəbi məktəbin nümayəndəsidir” mövzusunda məruzə edib. Direktor Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ədibin 140 illik yubileyinə hazırlıqlardan söhbət açıb, onun tarixi roman janrının banisi və mollanəsrəddinçi ədəbi məktəbin nümayəndəsi kimi fəaliyyətindən danışıb. Bildirib ki, Mirzə Cəlilin ən yaxın silahdaşlarından olan M.S.Ordubadi jurnalın səhifələrində felyetonları və satirik şeirləri ilə müntəzəm çıxış edib.
Tədbirdə muzeyin elmi işçiləri Yeganə Məmmədovanın “Mollanəsrəddinçi ədəbi məktəb” və Fazilə Hümbətovanın “Molla Nəsrəddin jurnalının birinci nömrəsinin çapdan çıxması” mövzularında məruzələri dinlənilib. Maliyyə-İqtisad Kollecinin tələbələri, paytaxtdakı 21 və 150 nömrəli məktəblərin şagirdləri Məmməd Səid Ordubadinin əsərləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiyanı nümayiş etdiriblər.
GÜNEL



Bu yazı ( 87 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar