12px14px16px18px

Gənc yazar Pərvinin “Qar yağacaq” kitabının təqdimatı olub

XALQ YAZIÇISI ANAR: “PƏRVİNİN HEKAYƏLƏRİ ƏN ÇOX ONA GÖRƏ XOŞUMA GƏLDİ Kİ, ONLARDA SAFLIQ, HƏYATA XOŞ BAXIŞ VAR”

12:15 / 07.04.2012
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda gənc yazar Pərvinin “Qar yağacaq” adlı kitabının təqdimat mərasimi keçirilib. Kitab “Təhsil” nəşriyyatının “Müəllifin ilk kitabı” layihəsi üzrə ikinci nəşrdir. Tədbiri AYB katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq, ilk növbədə “Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundova gənc yazarlara göstərdiyi qayğıya görə öz təşəkkürünü bildirib. Layihə ilə bağlı məlumat verdikdən sonra müəllifin yaradıcılığı barədə fikirlərini bölüşən R.Məcid Pərvinin son iki ildən bəri bədii və publisistik yazıları ilə mətbuatda fəal çıxış etdiyini, onun gələcəkdə Azərbaycan ədəbiyyatının layiqli təmsilçilərindən biri olacağına böyük ümid bəslədiyini bildirib: “Bu ideya “Təhsil” nəşriyyatının rəhbəri Bəhruz Axundovun təşəbbüsü ilə yarandı və sağ olsun ki, Anar müəllim də bu ideyanı dəstəklədi. Mən Zərdüştün kitabının təqdimatında da qeyd etmişdim ki, nəsillər arasında körpü yaratmaq baxımından, indiki gənc yazarlardan bəlkə də yarım əsr böyük olan yazıçılarımızın belə tədbirlərdə iştirak etmələri əhəmiyyətlidir. Pərvin təxminən iki ilə yaxındır ki, Yazıçılar Birliyinin üzvüdür, “Gənc ədiblər” məktəbinin üzvü olub, “525-ci qəzet” də layihə müəllifidir. Onun ilk hekayəsi “Qar yağacaq” çapdan çıxanda mənim Pərvinin bir nasir kimi uğur qazanacağına ümidim artdı. Sonra Pərvin qəzetdə maraqlı layihələrə imza atdı, bizim dəyərli yazarlarla maraqlı müsahibələr apardı” .
Kitabın redaktoru, yazıçı Mustafa Çəmənli gənc yazarı təbrik edib, onun yazılarında xüsusilə diqqət çəkən məqamları vurğulayıb: “Pərvin xanımla biz bir neçə dəfə həmsöhbət olmuşuq. Ancaq onu bir yazar olaraq “525-ci qəzet”in səhifələrindən tanımışam. Pərvinin hekayələrində çox təbii bir axar var. Yazıları çox inandırıcıdır. Bu hekayələr çox sadə axarla başlayır və gözlənilməz, xüsusilə də nikbin bir sonluqla bitir. Sevindirici bir haldır ki, Pərvinin yazılarında dialekt, şivə hiss olunmur. Adətən əks cinsin nümayəndələri biz kişilərin həyatından, bizim keçirdiyimiz hisslərdən yazırlar. Amma nə yaxşı ki, siz öz həmcinslərinizin, həmyaşıdlarınızın hisslərini ifadə edirsiniz. Pərvinin hekayələrində mənim diqqətimi cəlb edən nüanslardan biri də məhz budur”.
Xalq şairi Sabir Rüstəmxanlı Pərvinin istedadlı yazar olmaqla yanaşı, həm də ziyalı, ədəbiyyatı dərindən bilən savadlı bir xanım olduğunu bildirib: “Gənc şair və yazarların kitablarını heç bir təmənnasız nəşr etdirməyi öz boynuna götürdüyü üçün “Təhsil” nəşriyyatına mən də öz minnətdarlığımı bildirirəm. İlk kitabın sevinci başqa olur. Yadıma gəlir, bizim ilk kitablarımız yarım çap vərəqi çıxırdı və biz ona “qaranquş”, yaxud da “ədəbiyyata pasport” deyirdik. Pərvinin bu kitabı da ədəbiyyata pasportdu, ancaq onun bu pasportu mənə elə gəlir ki, kifayət qədər sanballıdır. Bu kitab Azərbaycandan kənara da çıxa bilər. Pərvin istedadlı yazar olmaqla bərabər, həm də savadlı, ziyalı və ədəbiyyatı dərindən bilən bir azərbaycanlı xanımdır. Bu da, təbii ki, sevindirici haldır. “Qar yağacaq” kitabındakı hekayələrin çoxunda psixoloji süjet var. Bu hekayələrdə müəllifin özü, özünün dünyaya baxışı var. Pərvinin qəhrəmanları içindəki adamlardır və o, həyat baxışını xırda adamların adı ilə oxucuya çatdırıb”.
Şair Vaqif Bəhmənli bu kitabın son vaxtlar çap olunanlar içində özünəməxsusluğu ilə seçildiyini bildirib: “Mən kitabın ilk cümlələrini oxuyanda anladım ki, ədəbiyyatımıza həqiqətən də çox istedadlı, həqiqi nasir olan bir yazıçı gəlir. Təbii olaraq, mənim yadıma Anar müəllimin, Əkrəm Əylislinin, Yusif Səmədoğlunun, İsi Məlikzadənin və bu nəsildən olan bir çox istedadlı yazıçıların ilk kitabları gəldi. Anladım ki, bu, gerçək, həqiqi ədəbiyyatdır. Kitab bütövlükdə həyatın bir parçasıdır. Mən burda həyatın rənglərini gördüm, Pərvinin özünü gördüm. Bundan başqa kitabın olduqca sadə dili var, buraya daxil olan hekayələr ümumiyyətlə insan psixologiyasına zərər gətirən hər cürə düşüncə qırıntılarından azad bir dildə yazılıb”.
Dramaturq Əli Əmirli günümüzdə ədəbiyyata, ədəbi gəncliyə geniş meydan verildiyini qeyd edib: “Bu gün gənclərin yaradıcılığına geniş yer verilir, onlar fəal təbliğ olunur, televiziyalarda, internetdə ədəbiyyata çox geniş verilir. Burda ancaq o geniş yer olduğu üçün fərqlənmək, seçilmək çox çətindir. Bu gün ədəbiyyatda çap olunmaq yox, diqqət cəlb etmək daha önəmlidir. Pərvin öz həmyaşıdları, həmkarları arasında kifayət qədər diqqət cəlb etməyi və seçilməyi bacaran çox istedadlı bir xanımdır”.
Azərbaycan Dillər Universitetinin doktorantı Xəyalə Əfəndiyeva Pərvini ilk kitabının nəşr olunması münasibətilə təbrik edib. Pərvinin yanaşdığı bütün işlərdə hər zaman məsuliyyətli, özünə qarşı tələbkar olduğunu qeyd edən X.Əfəndiyeva onu “düşüncələrimin mənəvi anası” adlandırıb, Pərvinin həm özünün, həm də yaradıcılığının gənclərə örnək olduğunu dilə gətirib: “Onun əsərlərindəki dərin psixoloji və lirik üslub, zərif yazı manerası, aydın dili, əsərlərindəki dərin mənalar onu deməyə əsas verir ki, Pərvinin getdiyi yaradıcılıq yolu ən düzgün seçimdir”.
Xalq yazıçısı, AYB sədri Anar çıxışında Pərvinin hekayələrində həyata xoş baxışın diqqət çəkdiyini vurğulayıb: “Bu gün mən çox sevinirəm ki, belə bir layihə var, gənclərin kitabları nəşr edilir. Buna görə mən də öz növbəmdə “Təhsil” nəşriyyatına, Bəhruz müəllimə təşəkkürümü bildirirəm. Mən “525-ci qəzet”də Pərvinin götürdüyü müsahibələri, onun yazılarını izləyirəm. Görüşdüyü insanları çox maraqlı təqdim edir. Bu kitaba gəldikdə isə, vaxtım az olduğu üçün cəmi 3 hekayəni – “Mən... yuxu... sənət”, “Professional” və “Qar yağacaq” hekayələrini oxumuşam. “Mən... yuxu...sənət” hekayəsi sevginin cənnətdən də üstün olmağı haqında bir hekayədir, “Professional” da yumor hissi mənim xoşuma gəlir. Ancaq ən çox xoşuma gələn “Qar yağacaq” hekayəsi oldu. Bu hekayə ədəbiyyatda elə də çox olmayan bir səpkidə yazılıb. İnsan ovqatının dəyişməsi, insanın təbiətlə əlaqəsi haqqındadır bu hekayə. İnsana qarın da, yağışın da təsiri var, çünki insan təbiətdə doğulub və təbiətlə üzvi surətdə bağlıdır. Bu hekayədə zahiri süjetə görə nə baş verir? Əsəbi xəstə olan bir qadın həkimə gedir, həkimdən çıxır, dərman almaq istəyir, sonra bir dilənçi rus qadınla qarşılaşır... Ortada bir hadisə baş vermir, amma bu olanlar onun ovqatını dəyişdirir. Bax, bu ovqatın dəyişməyini, ovqatın çalarlarını Pərvin çox gözəl qələmə alıb. Mən çox təəssüf edirəm ki, nə gəncləri, nə digər nəslin nümayəndələrini çox oxumaq imkanım olmur. Amma bəzən oxuduğum əsərlərdə bir qaranlıq görünür, mən ona “qarabasma ədəbiyyatı” deyərdim, müəllif dünyaya qara eynəkdən baxır, həyatı elə pis görür ki, adam oxuya da bilmir. Mənim Pərvinin hekayələrindən ən çox ona görə xoşum gəldi ki, onlarda saflıq, həyata xoş baxış var”.
AYB katibi Arif Əmrahoğlu istedadlı yazarların üzə çıxarılmasında Rəşad Məcidin önəmli rolu olduğunu, “Təhsil” nəşriyyatının da bu işə dəstək verməsinə sevindiyini önə çəkib, sonra isə təqdim edilən kitab barədə fikirlərini açıqlayıb: “Pərvinin kitabında diqqətimi çəkən bir əsas cəhət bu oldu ki, o, həyatda yazmaq üçün mövzunun tükənmədiyini sübut etdi. Gözünü açıb hara baxsan, mövzudur. İkinci cəhət isə, onun yazılarındakı sadəlöhvlük, sadəlikdir. “Sevimli.. zərif... mənim” hekayəsində çox gözəl, qeyri-adi bir ovqat yaradıb, ordakı qız kimi biz də az qala o ovqatın, bəlkə də göy qurşağının arxasında qalan sevincimizin arxasınca qaçmağa çalışırıq”.
Xalq yazıçısı Çingiz Abdullayev Pərvinin kitabını çox böyük maraqla oxuduğunu dedi: “Mənə təsir edən əsasən də odur ki, siz doğrudan da bugünün ədəbiyyatını yaradırsınız. Sizin yazdıqlarınızda mən gəncliyi hiss edə bilirəm. Amma məncə, bu gün sizin üçün nə qədər yaxşı sözlər deyilibsə, bunlar hamısı sizə bir avansdır. Əsl uğurlar və təriflər hələ gələcəkdədir. Nəsr yazmaq çox çətindir. Sizə bu çətin yolda uğurlar diləyirəm”.
Sonra söz “Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundova verilib. Ədəbiyyata yeni simaların, yeni nəfəslərin gəlməsinin vacibliyini vurğulayan Bəhruz Axundov ədəbi mühit üçün maliyyə imkanlarının məhdud, şəraitin çətin olduğu bir vaxtda istedadlı gənc yazarların kitablarının nəşr edilməsini özünə borc bildiyini qeyd edib.
Xalq şairi Fikrət Qoca Pərvini istedadlı gənc yazar kimi tanıdığını söyləyib, onu kitabının nəşrilə bağlı təbrik edib, yaradıcılıq yolunda müəllifə yeni uğurlar arzulayıb.
Azərbaycan Pedaqoji Universitetinin kafedra müdiri Himalay Qasımov, türkoloq Elman Quliyev, yazıçı İlqar Fəhmi, Pedaqoji Universitetin elmi katibi Laçın Həsənova da gənc yazarı ilk kitabının işıq üzü görməsi münasibəti ilə təbrik ediblər, onun yaradıcılığı haqqındakı fikirlərini bölüşüblər.
Sonda müəllifin özünə söz verilib. Pərvin tədbir iştirakçılarına minnətdarlığını bildirib, yazıları və kitabı barədə fikir söyləyənlərə təşəkkür edib, onların inamını doğrultmağa çalışacağını vurğulayıb.
GÜNEL









Bu yazı ( 370 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar