12px14px16px18px

Emin Ağalarovun Moskvada “After the Thunder” adlı geniş konserti olub

“MƏN İŞ ADAMIYAM, MUSİQİÇİYƏM, SİYASƏTLƏ MƏŞĞUL OLMAĞA İDDİAM YOXDUR”

12:15 / 07.04.2012
Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarovun Moskvada “After the Thunder” adlı möhtəşəm konserti keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, konsert paytaxtın “İzvestiya Hall” konsert kompleksində baş tutub. Emin Ağalarov konsertdə yeni işıq üzü görmüş “After the Thunder” adlı albomundan parçalar ifa edib. Konsertdə Eminin yeni “Heart Keeps Beating” (“Ürək döyünür”) sinqlinin də təqdimatı olub. Bundan başqa Emin albomunda yer alan “Baby Get Higher”, “Never Enough”, “Walk Through Walls”, “Dead Roses” və “Serdse byotsya” adlı yeni mahnıları səsləndirib. O, ustadı hesab etdiyi məşhur azərbaycanlı müğənni Müslüm Maqomayevin “Sinyaya veçnost” mahnısını da oxuyub. Eminin ifasında bu mahnı tamaşaçıların böyük rəğbətinə səbəb olub. Konsert iki saatdan artıq davam edib. Konsertlə bağlı Emin Ağalarov APA-nın Moskva müxbirinə müsahibə verib.

– Bir müddət əvvəl Londonda təqdimatı keçirilən “After the Thunder” albomu haqqında nə deyə bilərsiniz?
– Fikrimcə, albom çox maraqlı alınıb. Bu günə kimi çıxan albomların içində sayca altıncıdır və digərlərindən çox fərqlənir. Bu günə kimi belə albomum olmayıb. Albomda 12 mahnı yer alıb, onlardan 11-nin müəllifi özüməm. Bu albomdakı mahnılar dinamik və ritmikdir. Düşünürəm ki, bu albom hələ ən yaxşısıdır, nə zaman təzə albomum çıxar, onda fikrimi dəyişə bilərəm.
– Bakıda baş tutacaq “Eurovision 2012”də qonaq qismində iştirak edəcəksiniz. Sizin üçün belə bir müsabiqədə qonaq qismində iştirak etmək nə deməkdir?
– Mənə bu təklif gələndə böyük sevinc və məmnuniyyətlə qəbul etdim. Əslində bu müsabiqədə qonaq qismində iştirak etsəm də, bu, çox böyük bir məsuliyyət tələb edir. Məhz ona görə ki, sən öz Vətənində sanki ölkə təmsilçisi kimi səhnəyə çıxırsan. Sözsüz ki, çıxışımı möhtəşəm etmək vacibdir və çalışacağam ki, milli koloritimizi məhz bu çıxışımda bütün Avropaya tərənnüm edim. Çıxışımda həm də müasirliyi qoruyub saxlaya bilmək vacibdir.
– Müsabiqədə Rusiyanı təmsil edəcək “Buranovskiye babuşki” qrupuna azarkeşlik edəcəksinizmi?
– Azarkeşlik edə bilərəm, ancaq Səbinə Babayevadan sonra... “Buranovskiye babuşki”nin Bakıya səfərində biz də iştirak edəcəyik. Bildiyiniz kimi 8 nəfərdən ibarət olan qrupda 72-76 yaşlı nənələr təmsil olunur. Onları səfər zamanı həkimlərdən ibarət qrup müşayiət edəcək. Deyərdim ki, Böyük Britaniya təmsilçisindən sonra yaş baxımından “Buranovskiye babuşki” hamını geridə qoydu. Böyük Britaniya təmsilçisi Engelbert Hundeldinki ən yaşlı təmsilçi hesab etsələr də, Rusiya təmsilçisi bütün rekordları aşdı. Azərbaycanın seçiminə gəldikdə isə, xalqımız çox düzgün seçim etdi. Bu il gözəl, istedadlı və musiqi duyumlu bir təmsilçimiz oldu. İnanıram ki, Səbinənin şansı çox böyükdür.
– Bu il “Eurovision 2012”də Böyük Britaniya təmsilçisi Engelbert Hundeldinkə uşaqlıqdan pərəstiş etdiyinizi demisiniz. Hətta bu yaxınlarda onunla görüşmək imkanınız da olub...
– Bu yaxınlarda Engelbert Hundeldinkin “Crocus City Hall”un Müslüm Maqomayev zalında konserti keçirildi. Konsertdən sonra onunla görüşümüz oldu. O, öz həyat tarixçəsini danışanda mən bir musiqiçi və fanat olaraq dəhşətə gəlirdim. O, Elvis Presli ilə olan dostluğundan və onunla birlikdə balıq ovuna getməsindən danışırdı. Elvis Presli artıq 30 ildən çoxdur ki, həyatda yoxdur. Demək istəyirəm ki, belə maraqlı adamla söhbət etməyə çoxlu mövzu vardı. Ümumiyyətlə deyərdim ki, Böyük Britaniya təmsilçisi çox istedadlı adamdır. Londonun “BBC” radiosu əbəs yerə onu təmsilçi qismində seçməyib. Onu tanıyırlar, sevirlər və onun builki təmsilçiliyi çox böyük rezonansa səbəb olub.
– Prodüseriniz tərəfindən namizədliyiniz “Grammy” mükafatına irəli sürülmüşdü...
– Əslində bu tam belə deyildi. Məsələ ondadır ki, məşhur amerikalı kinorejissor David Linç hər il 30 musiqi parçasından ibarət yığma hazırlayır. Mənim mahnılarımdan biri sehrli təsadüf nəticəsində bu yığmanın içinə düşüb. Mənə mahnının müəllifliyini ona verməyimlə bağlı təklif gəldi və mən də bunu məmnuniyyətlə etdim. Bundan bir müddət sonra David Linç tərəfindən daha bir təklif gəldi ki, mən bir gənc müğənni kimi öz namizədliyimi “Grammy” mükafatına irəli sürüm. Sözsüz ki, mən buna çox sevindim. Bir müddət sonra bizə namizədliyimiz barədə rəsmi təsdiq məktubu gəldi. Düzdür, bizə bu mükafatı verməsələr də, çox sevindirici haldır ki, mənim namizədliyim ilk dəfə bu mükafata təqdim olunub.
– Azərbaycan keçmiş SSRİ estrada səhnəsinə Rəşid Behbudov, Müslum Maqomayev, Polad Bülbüloğlu kimi musiqiçilər bəxş edib. Gələcəkdə özünüzü bu musiqiçilər sırasında görürsünüzmü?
– Mən öz subyektiv fikrimi deyərdim. Azərbaycanın Rusiya və keçmiş SSRİ-yə bu istedadlardan ibarət hədiyyəsini iki hissəyə bölərdim. Müslüm Maqomayev və digərləri... Müslüm Maqomayev həyatdan köçəndə hazırda onun abidəsi olan yerdə belə bir yazı var idi: “Azərbaycan, Müslümə görə çox sağ ol!” Bu böyük sevincdir ki, Rusiya xalqı Azərbaycan musiqi nəhənginə belə bir qiymət verir. Müslüm Maqomayevi heç kəslə müqayisə etmək olmaz. O ki qaldı özümə, mən çox gəncəm və mənim belə bir iddiam yoxdur. Əgər gələcəkdə Müslüm Maqomayevin etdiklərinin lap kiçik bir qismini edə bilsəm və bunu xatırlasalar, çox şad olaram. Bu barədə danışmaq hələ çox tezdir.
– Yeni albomunuzun gələcəkdə harada təqdimatı gözlənilir?
– İlk təqdimat Londonda keçirildi. İndi isə Moskvada təqdimat keçirilir. Düşünürəm ki, “Eurovison-2012” öncəsi Bakıda da təqdimat keçirmək olar. Lakin bu hələlik plan olaraq qalır. Bundan başqa yay-payız aylarında Avstriya, İtaliya, Almaniyada da diskin təqdimatının keçirilməsi nəzərdə tutulub.
– Gələcəkdə siyasətlə məşğul olmaq istəyiniz var?
– Yox. Qətiyyən yox. Mən iş adamıyam, musiqiçiyəm, siyasətlə məşğul olmağa heç bir iddiam yoxdur.



Bu yazı ( 177 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar