12px14px16px18px

Ədəbiyyatın və əbədiyyətin şəhidi – Sözün Mehdi Bəyazidi

11:25 / 07.04.2012
O, bu dünyanın ən böyük yazıçısı ola bilərdi. Ancaq dünya onu istəmədi. O, ruhdan düşmədi, heç bir kəsə qarşı qəddar olmayan başqa bir dünyanı sevməyə getdi.
Əslində o, dünyasını dəyişmədi, dünya onu dəyişdi, dünya üçün hava, su tək gərəkli, elə bu dünya boyda da sevgiylə dəyişdi onu ...
Ancaq deyəsən, bu dəyişmədən kimsənin xəbəri olmadı. Təkcə Allah dünya sevgisi birdən-birə artdığı üçün sevinirdi. Beləcə, Mehdi nəhayət ən böyük istəyinə nail olmuşdu – Allahı sevindirə bilmişdi.
Bir gecə bir ulduzun başqa bir ulduza “Mehdi Bəyazidə görə, deyəsən, Allah əzab çəkir” – dediyini duyduğum anda o göyüzünə “Allah bizim bütün əzablarımıza görə bizdən daha çox əzab çəkir”, – dedim. Göyüzü qəmli-qəmli üzümə baxdı. İlahi, qəmini mənə bağışla.
Böyük Göyüzü, daha əzab çəkmə, Mehdi özü getdi, ondan dünya boyda sevgi yadigar qaldı sənə. Tanrım, xəritədə iki yerə, beyinlərdə min yerə bölünmüş, zaman-zaman ən yaxşı oğullarını, qızlarını məhv edən Azərbaycanımızı bağışla.
İlahi, bütün sözlərin hamısı çocuqdu, icazə ver göyüzünün ən qanadlı düzündə diz çöküb sənin göndərdiyin bütün çocuq sözlərin alnından öpüm, Mehdiyə “Əlvida” – deyim. Əslində əlimiz çatmır, ancaq ruhumuz çatır, “Ruhvida” – deyirəm.
Ruhvida, sözə sevgisi sevgilərdən, ölümü ölümlərdən igid Mehdi Bəyazid.
Vaqif BAYATLI



Bu yazı ( 44 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar