12px14px16px18px

“Qardaş qələmlər” dərgisinin Anara həsr edilmiş sayının təqdimatı olub

01:32 / 15.03.2012  
Ötən gün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında türk dünyasının ədəbiyyat dərgisi olan “Qardaş qələmlər”in Xalq yazıçısı Anara həsr edilmiş sayının təqdimat mərasimi keçirilib. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, təqdimat mərasiminin iştirakçılarını, xüsusən də Türkiyədən təşrif buyurmuş Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunu, “Qardaş qələmlər” dərgisinin baş redaktoru Əli Akbaşı, yazıçı və tərcüməçi İmdat Avşarı salamlayıb. Sonra K.Tahirov mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından Xalq yazıçısı Anarı doğum günü münasibətilə təbrik edib. “Qardaş qələmlər”in hər zaman Azərbaycan ədəbiyyatını və ədəbi şəxsiyyətlərini yüksək səviyyədə təbliğ etdiyini bildirən K.Tahirov dərginin Anara həsr edilmiş sayının işıq üzü görməsini türk dünyası üçün mühüm bir hadisə olduğunu deyib. Tədbiri idarə edən Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Anarın Türk dünyasının Ədəbiyyat Adamı elan edilməsinin görkəmli yazıçımızın yaradıcılığına və şəxsiyyətinə verilən yüksək dəyərin təcəssümü olduğunu vurğulayıb. Anarın ömür və fəaliyyət yolundan danışan R.Məcid ustad yazıçının hələ Sovetlər dövründə “Qobustan” dərgisi vasitəsilə dilimizin saflığı, tariximiz, ədəbiyyatımız uğrunda mübarizə apardığını, əsl ziyalı kimi Azərbaycan və türk dünyası qarşısında danılmaz xidmətlər göstərdiyini diqqətə çatdırıb: “Anar müəllim Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və türk dünyasının ən dəyərli simalarındandır”. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu Anarı doğum günü münasibəti ilə təbrik edib, Bakıda onunla bərabər bu önəmli günü qeyd etməkdən qürur duyduğunu dilə gətirib: “Anar bəy yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün dəyərli olan aydınlardandır. Avrasiya Yazarlar Birliyi yaranan gündən biz hər zaman onun dəstəyini görmüş və hiss etmişik. Biz “Qardaş qələmlər” dərgisinin bütöv bir sayını ona həsr etməkdən sonsuz məmnunluq və şərəf duyduq. Mən ümid edirəm ki, təkcə Türkiyədə deyil, bütün türk dünyasında Anar bəylə bağlı layiqli tədbirlər həyata keçiriləcək. Biz Anar bəylə eyni çağda yaşamağımızdan qürur duyuruq”. “Qardaş qələmlər” dərgisinin baş redaktoru Əli Akbaş sözünə Anardan sitat gətirməklə başlayıb: “Anar bəy həmişə “Mən öz çağımın əsəriyəm” – deyir. Çağ da böyüklərimizin əsəridir. Anar bəy bizim çağımızın sözçüsüdür”. İmdat Avşar Anarın Azərbaycanla bütün türk dünyası arasında mənəvi körpü yaratdığını bildirib: “Türk dünyasında yetişən hər bir yeni nəsil bu körpü ilə keçmişini, ədəbiyyat və mədəniyyət tarixini tanıyacaq”. Yazıçı, millət vəkili Aqil Abbas Anarın Azərbaycan mətbuatında, publisistikasında “Qobustan” jurnalı ilə bir inqilab etdiyini söyləyib: “Bizim jurnalistika sahəsində başqa cür düşünən insanları, cəmiyyəti məhz “Qobustan” jurnalı yetişdirdi. Anar müəllimi Azərbaycanda Cəfər Cabbarlı ilə müqayisə etmək olar. Cəfər Cabbarlı da hər zaman çalışırdı ki, mənəviyyat, mədəniyyət sahəsindəki boşluqları doldursun. Ondan sonra bu ənənəni Anar müəllim davam etdirdi, o, bu mənada çox qiymətli şəxsiyyətdir. Anar müəllimin xidmətlərini heç kim dana bilməz”. Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu “Qardaş qələmlər” dərgisinin nəşrini türk dünyasına göstərilən yüksək xidmət kimi dəyərləndirib, onun xüsusi bir sayının Anarın yaradıcılığına həsr edilməsini mühüm hadisə adlandırıb, Xalq yazıçısını təbrik edərək, cansağlığı, yeni uğurlar arzulayıb. Şair Vaqif Bəhmənli Anarın Azərbaycan xalqının mənəviyyatının formalaşmasında mühüm rol oynayan insanlardan biri olduğunu deyib: “Azərbaycan xalqının kamilləşməsində Anar müəllimin böyük xidmətləri var. Onun əsərlərinin hər biri yaddaşlarda əbədi yer qazanıb. Mən çox sevinirəm ki, “Qardaş qələmlər”dərgisinin bu sayı Anar müəllimə həsr edilib və hesab edirəm ki, bu il bütün türk dünyasında Anar İli olacaq”. Tədbirin sonunda söz alan Xalq yazıçısı Anar, şəxsiyyətinə və yaradıcılığına verilən yüksək dəyərə görə təşəkkürünü bildirib, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, tədbirin təşkilində əməyi keçən insanlara, onun haqqında fikirlərini bölüşən qələm adamlarına minnətdarlığını ifadə edib.
GÜNEL


Bu yazı ( 144 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar