12px14px16px18px

Türkiyəli yazarlara Azərbaycan Yazıçılar Birliyinin Bəxtiyar Vahabzadə Beynəlxalq Mükafatı təqdim olunub

YAQUB ÖMƏROĞLU, ƏLİ AKBAŞ VƏ İMDAT AVŞAR BU MÜKAFATA TÜRK DÜNYASI VƏ AZƏRBAYCAN ƏDƏBİYYATININ TƏBLİĞİ YÖNÜNDƏKİ XİDMƏTLƏRİNƏ GÖRƏ LAYİQ GÖRÜLÜBLƏR

01:40 / 14.03.2012
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, “Qardaş qələmlər” dərgisinin baş redaktoru Əli Akbaş və yazıçı-tərcüməçi İmdat Avşar AYB-nin Bəxtiyar Vahabzadə Beynəlxalq Mükafatı ilə təltif olunması ilə əlaqədar mərasim keçirilib. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq, qonaqları və tədbir iştirakçılarını salamlayıb. R. Məcid Avrasiya Yazarlar Birliyinin və “Qardaş qələmlər” dərgisinin türk dünyası ədəbiyyatının təbliğindəki xidmətlərindən danışıb. O, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun AYB-nin xətti ilə türk dünyasının tanınmış yazarlarının Türkiyə oxucularına çatdırılması sahəsində böyük işlər gördüyünü vurğulayıb. Çıxış etmək və mükafatların təqdimatı üçün söz Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verilib. Mükafatları təqdim edən Xalq yazıçısı qonaqların türk dünyası ədəbiyyatına xidmətlərinə görə mükafatlandırıldıqlarını bildirib. Anar bildirib ki, Yaqub Öməroğlunun rəhbərliyilə Avrasiya Yazarlar Birliyi qısa müddətdə böyük işlər görməyə müvəffəq olub. Bu müddətdə Birliyin təşəbbüsü ilə bir sıra Azərbaycan yazıçılarının Türkiyədə kitabları nəşr edilib: “Avrasiya Yazarlar Birliyinin təsis etdiyi, Əli Akbaşın redaktoru olduğu “Qardaş qələmlər” dərgisi bir neçə ildir ki, türk dünyası ədəbiyyatından nümunələr çap etməklə türk dünyası yazıçılarının təbliğində əvəzsiz rol oynayır. Yazıçı və tərcüməçi İmdat Avşar Azərbaycan ədəbiyyatının türkcəyə çevrilməsində xüsusi fəallıq göstərib. Bütün bu fəaliyyətlər nəzərə alınaraq hər üç yazar Azərbaycan Yazıçılar Birliyi katibliyinin qərarı ilə, ilk dəfə təsis olunan Bəxtiyar Vahabzadə Beynəlxalq Mükafatına layiq görülüb”. Xalq yazıçısı mükafatları qonaqlara təqdim edərək, onlara yeni nailiyyətlər arzulayıb. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu Azərbaycan yazıçılarının Türkiyədə çıxan kitabları barədə məlumat verərək bu günün onlar üçün xüsusi önəm daşıdığını qeyd edib: “Bu, bizim üçün özəl bir gündür. Bəxtiyar Vahabzadə adına mükafatı almaq olduqca şərəfli və məsuliyyətlidir. Artıq 6 ildir ki, biz Azərbaycan Yazıçılar Biriyi ilə əməkdaşlıq edirik. Bu günə qədər “Bengü” yayım evində türk dünyası ədəbiyyatından 50-yə yaxın kitab nəşr edilib ki, onlardan 15-i Azərbaycan yazıçılarının əsərlərindən ibarət olub. Mən arzu edirəm ki, “Bengü” yayım evinin gələcəkdə imkanları daha da genişlənsin və biz digər Azərbaycan yazıçılarının da kitablarını Türkiyədə nəşr etdirək”. Sonra Y.Öməroğlu bir qrup Azərbaycan ədibinə – Xalq yazıçısı Anara, Rəşad Məcidə, Aqil Abbasa, Vaqif Bəhmənliyə, Əjdər Ola, Ramiz Əsgərə, Zakir Sadatlıya, Elçin Hüseynbəyliyə, Xəzangülə, Eyvaz Zeynalova, Qulu Ağsəsə, Pərvinə və Qismətə Avrasiya Yazarlar Birliyinin üzvlük vəsiqələrini təqdim edib. Tədbirdə həmçinin Əli Akbaşın Bakıda nəşr olunan “Seçilmiş şeirləri”, İmdat Avşarın “Anamın saatları” və onun Türkiyədə çıxan “Övliya Çələbinin izi ilə Azərbaycan” kitablarının təqdimatı keçirilib. Kitablar ətrafında fikirlərini bölüşən ədəbiyyatşünas və tərcüməçi Ramiz Əsgər indiyə qədər türk dünyası ədəbiyyatından 40-a yaxın əsəri Azərbaycan türkcəsinə tərcümə etdiyini, Əli Akbaşın şeirlərindən ibarət kitabı da böyük zövqlə çevirdiyini vurğulayıb. R.Əsgər kitabın həcmcə kiçik olmasına baxmayaraq, onda bütün türk dünyasını əhatə edən şeirlərin yer aldığını və bu baxımdan da çox dəyərli bir toplu olduğunu dilə gətirib. Eyvaz Zeynalov İmdat Avşarın “Anamın saatları” və “Övliya Çələbinin izi ilə Azərbaycan” kitabları haqqındakı fikirlərini bölüşüb. İ.Avşarın hekayələrində məktəb, təhsil problemləri, uşaqlarla bağlı məsələlərin təqdirəlayiq şəkildə öz əksini tapdığını söyləyib. Tənqidçi Bəsti Əlibəyli Əli Akbaşın şeirləri barədə qənaətlərini paylaşıb, onu son dövrün ən dəyərli türk şairlərindən biri hesab etdiyini bildirib. İmdat Avşarın hekayələrindəki şirin yumoru, cəmiyyətin ən fağır təbəqələri içərisindən seçilən obrazları önə çəkən tənqidçi bu xüsusiyyətləri yüksək qiymətləndirib. Şair Əjdər Ol Yaqub Öməroğlunun, Əli Akbaşın və İmdat Avşarın Azərbaycana sıx bağlı insanlar olduğunu bildirib. O həm Əli Akbaşın, həm də İmdat Avşarın kitabları barədə müsbət fikirlər söyləyib. Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Əli Akbaşın yaradıcılığına xüsusi hörməti olduğunu, hər zaman onun yaradıcılığını izlədiyini, qısa müddətdə çox böyük işlər görən “Qardaş qələmlər” dərgisinin daha parlaq gələcəyi olduğuna inandığını diqqətə çatdırıb. Ramiz Əsgərin türk dünyası ədəbiyyatına göstərdiyi xidmətlərindən bəhs edən Xalq şairi onun bu sahədəki fəaliyyətini yüksək dəyərləndirib. Tədbirdə yazıçılardan Aqil Abbas, Elçin Hüseynbəyli, şairlərdən Vaqif Bəhmənli, Qəşəm Nəcəfzadə də çıxış edərək, hər üç laureat haqqında, təqdim olunan kitablarla bağlı müsbət fikirlər söyləyiblər. “Qardaş qələmlər” dərgisinin baş redaktoru Əli Akbaş Azərbaycana ilk dəfə 20 il bundan əvvəl gəldiyini və o gündən Azərbaycan sevgisinin onun ürəyində dərin kök saldığını deyib: “Ümidvaram ki, bizim Azərbaycan Yazıçılar Birliyi ilə əməkdaşlığımız, dostluq münasibətlərimiz günü-gündən daha da möhkəmlənəcək. Əgər mənim şeirlərim, kitablarım Azərbaycanda da oxunub, sevilirsə, bu mənim üçün böyük bir bəxtiyarlıqdır”. Burada olmaqdan qürur hissi duyduğunu bildirən İmdat Avşar 20 il öncə nə vaxtsa Azərbaycan türkcəsindən onlarla əsəri Türkiyə türkcəsinə çevirəcəyini, Azərbaycanda özünün kitablarının nəşr ediləcəyini ağlına belə gətirə bilmədiyini vurğulayıb. Türk dünyasına və ədəbiyyatına xidmətin şərəfli bir vəzifə olduğunu deyən İ.Avşar çıxışını Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və üzvlərinə təşəkkür etməklə bitirib.
GÜNEL


Bu yazı ( 187 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar