12px14px16px18px

Yazıçı və kinodramaturq Əli Qafarovun xatirə gecəsi keçirilib

ELMİRA AXUNDOVA: “MƏN BU TƏDBİRDƏ ÇIXIŞ EDƏNLƏRİN SÖZLƏRİNDƏN BİR DAHA ANLADIM Kİ, ƏLİ QAFAROV AZƏRBAYCAN KİNOSU TARİXİNDƏ SİLİNMƏZ İZLƏR BURAXIB”

01:39 / 14.03.2012
 
Mədəniyyət və Turizm Nazirliyi ilə Dövlət Film Fondunun təşəbbüsünün nəticəsi olaraq, Muzey Mərkəzində yazıçı və kinodramaturq Əli Qafarovun xatirə gecəsi təşkil edilib. Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, “Mədəniyyət” kanalının baş direktoru Cəmil Quliyev açaraq ilk öncə qonaqları salamlayıb və tədbirin təşkilatçı heyətinə öz təşəkkürünü bildirib. Tədbirdə Əli Qafarovun şəkillərindən ibarət yaddaş çarxı nümayiş etdirilib. Kinodramaturqun zəngin yaradıcılığından danışan C.Quliyev artıq Dövlət Film Fondunda Əli Qafarovun şəxsi fondunun yaradıldığını diqqətə çatdırıb: “Əli Qafarov öz dəsti-xətti ilə seçilən bir kinodramaturq idi. Onun görkəmli sənətkar Şövkət Məmmədova haqqında çəkilən filmə yazdığı ssenari digər filmlərdən çox-çox fərqlənirdi. Bu filmdə ilk dəfə olaraq diktor mətnindən istifadə olunmadı və əsərin qəhrəmanı özü haqqında danışırdı. 1970-ci illər Əli Qafarovun istedadının çiçəkləndiyi dövr idi. Həmin illərdə Cəfər Cabbarlı adına “Azərbaycankinofilm” kinostudiyasında çox məhsuldar fəaliyyət göstərirdi. Bu dövrlərdə Əli Qafarov bir neçə bədii və sənədli filmin ssenarisini yazdı. Onun neftçi Gülbala Əliyev haqqında çəkdiyi film də Azərbaycan kino salnaməsinin dəyərli filmlərindən birinə çevrildi. Əli Qafarovun Xalq yazıçısı İlyas Əfəndiyevin “Körpüsalanlar”ı əsasında ssenariləşdirdiyi “Çarvadarların izi ilə” bədii televiziya filmi və “Qızıl qaz” bədii ekran əsəri onun yaradıcılığında xüsusi yer tutur. Hətta “Qızıl qaz” filmi o qədər maraqlı oldu ki, onun haqqında dövri mətbuatda bir çox məqalələr dərc edildi. Yazıçının vəfatından sonra 1984- cü ildə Moskvada onun hekayə və povestlərindən ibarət “Qızıl qaz” adlı kitabı çapdan çıxdı”. Həmin məqalələrdən bir neçə maraqlı fikirləri və məhşur kinorejissor Tofiq Tağızadənin Əli Qafarovun yaradıcılığı haqqında söylədiyi dəyərli fikirləri səsləndirən Cəmil Quliyev onun istedadlı kinodramaturq olmaqla yanaşı, həm də çox gözəl bir jurnalist olduğunu, 1962- ci ildən 67-ci ilə qədər “Bakinskiy raboçiy” qəzetində ədəbi işçi vəzifəsində çalışdığını qeyd edib: “Əli Qafarovun o dövrdə istər Azərbaycanda, istərsə də Moskva mətbuatında məqalələri dərc edilirdi”.
Şair, tərcüməçi Səyavuş Məmmədzadə Əli Qafarovla bağlı xatirələrini bölüşüb və onun həmişə qəlblərdə yaşayacağını vurğulayıb.  Ssenarist və rejissor Ramiz Fətəliyev mərhum kinodramaturq haqqında bunları deyib: “Əli həm çox istedadlı idi, həm də olduqca təvazökar. O hamının dostu idi. Dostları arasında kimisi Əlinin insanlığından, kimisi istedadından istifadə edirdilər. Bir dəfə mən Əligilə qonaq oldum. O zaman çox gənc, eynəkli bir qız gördüm evlərində. Bu qız Elmira idi, sonralar tanınmış jurnalist, indi həm də millət vəkili olan Elmira xanım Axundova. Deyəsən o vaxt Əli ilə bərabər bir ssenari hazırlayırdılar, nə isə alınmadı. Amma indi biz Elmira xanımla ikimiz birgə yazırıq”.
Tədbirdə çıxış edən rejissor Yalçın Əfəndiyev Ə. Qafarovla ilk tanışlıq illərini xatırlayıb və onun bir insan kimi məziyyətlərindən bəhs edib: “Bir dəfə Fikrət Əmirovun “Sevil” operasının premyerasında idik. Tamaşa bitəndən sonra səhnədən deyildi ki, kim istəsə, qalıb əsər haqqında fikirlərini deyə bilər. Tamaşaçıların çoxu zalı tərk etdi, təxminən 50-60 nəfər qaldı. Bir-iki nəfər durub çıxış etdi və birdən cavan bir oğlan söz alıb səhnəyə çıxdı və peşəkarcasına “Sevil” əsərini və Əmirov musiqilərini təhlil etməyə başladı. Zalda əyləşən insanlar onu heyranlıqla dinləyirdilər. O gündən sonra mənim Əli ilə tanışlığım dostluğa çevrildi. Əli çox vüqarlı, həm də ürəyiyumuşaq insan idi. Mən belə düşünürəm ki, o dövrdə çəkilən bütün Azərbaycan filmlərilə bağlı Əli Qafarovun adı çəkilməlidir. Çünki o dövrdəki bütün filmlərin ssenarilərinin yazılmasında Əli hamıya kömək edib, o cümlədən də mənə”. Unudulmaz sənətkarın həm də ədəbiyyatı çox gözəl bildiyini, gözəl şeirlər müəllifi olduğunu diqqətə çatdıran Yalçın Əfəndiyev bildirib ki, əgər Əli Qafarov poeziya ilə ciddi məşğul olsaydı, həm də çox istedadlı bir şair kimi tanınıb, sevilərdi.
Əməkdar artist, rejissor Elxan Qasımov Ə.Qafarovu dinamik, daima hərəkətli bir insan kimi səciyyələndirib. Onun təpədən-dırnağa ziyalı olduğunu dilə gətirən E.Qasımov kinodramaturqu “Azərbaycan kinosunun təcili yardımı” adlandırıb: “Neftçi Gülbala Əliyev haqqında film çəkilən zaman biz bir yerdə çalışmışıq. O daima axtarışda idi. Kurs işlərimi yazmaqda Əlinin mənə çox böyük köməkliyi olub. Onun çox güclü fantaziyası var idi. Təpədən-dırnağa intellekt, ziyalı, büsbütün mədəniyyət idi. Təəssüf ki, Əlinin həyatı erkən bitdi. Onun bir çox yaradıcılıq planları həyata keçmədi”.
Yazıçı Natiq Rəsulzadə mərhum sənətkarı belə xatırlayıb: “Əli çox işıqlı insan idi. Onun üzündə, gözlərində bir uşaq məsumluğu var idi. Çox istedadlı idi. Necə ki, dənizdə üzən gəmiyə ilbizlər yapışır, bax, bir çox insanlar da həmişə Əlinin istedadından yapışırdılar”.
Sonda çıxış edən millət vəkili Elmira Axundova tədbirin təşkil olunmasına görə Mədəniyyət və Turizm Nazirliyinə, Dövlət Film Fonduna və iştirak üçün qonaqlara təşəkkürünü bildirib: “Bu gün mənim üçün həm çox qüssəli, həm də həyəcanlı bir gündür. Mən bu tədbirdə çıxış edən Əlisevərlərin sözlərindən bir daha anladım ki, Əli Qafarov Azərbaycan kinosu tarixində dərin izlər buraxıb. Onun nə fəxri adı var idi, nə mükafatı. Əli Qafarov elə özü bir brend idi və bu gün xatirəsini yad etməyə yığışan insanlar onun nə qədər dəyərli şəxsiyyət olduğunu bir daha bildirdilər”.
Sonra Konservatoriyanın professoru, əməkdar incəsənət xadimi Azər Dadaşov kinodramaturqa həsr etdiyi kompozisiyanı səsləndirib. Gecədə həmçinin Əli Qafarovun ssenari müəllifi olduğu “Qızıl qaz”, “Çarvadarların izi ilə” filmlərindən fraqmentlər nümayiş olunub, Səyavuş Məmmədzadənin Əli Qafarova ithaf etdiyi və mərhum kinodramaturqun öz şeirləri səsləndirilib.
GÜNEL 
 
 
 



Bu yazı ( 126 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar