12px14px16px18px

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində beynəlxalq konfrans

01:37 / 14.03.2012
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaranmasının 90 illik yubileyi yaxınlaşdıqca bu qocaman təhsil ocağının keçirdiyi tədbirlərin sayı, məzmunu və miqyası da genişlənir. Universitetin Elmi Şura zalında baş tutan “Mədəniyyətlərarası dialoqda ənənəvi incəsənətin rolu” adlı beynəlxalq elmi konfransın materialları və gedişatıyla tanış olarkən bunun bir daha şahidi olmaq mümkün idi. Bu mötəbər məclisə dəvət olunan qonaqların beynəlmiləl tərkibi də bunu söyləməyə əsas verir. “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiri, professor Aqşin Babayev konfransın başlanğıcında ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyevin adından gələn qonaqları salamladı və bu sahədə tədbirin əhəmiyyətli rol oynadığını bildirdi. “Qloballaşma dövründə ənənəvi incəsənətin inkişafı və perspektivləri” mövzusuna həsr edilmiş ilk iclası giriş sözüylə açan universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Maral Manafovanın çıxışında qoyulan məsələlər, qaldırılan problemlər iştirakçılar tərəfindən maraqla qarşılandı və konfransın elmi, beynəlmiləl mahiyyət daşıdığını ortaya qoydu. Sonra çıxış üçün söz alan AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova, BMA-nın prorektoru, professor Gülnaz Abdullayeva dərin elmi məruzələr söyləyib konfransın əhəmiyyətini qeyd etdilər. Türkiyədən gəlmiş Osman Özəl öz çıxışını Azərbaycan sənətsevərlərinə də yaxşı tanış olan, qardaş ölkənin opera dünyasına bəxş etdiyi Leyla Gəncərin həyat və yaradıcılığına həsr etdi. “Mədəniyyətlərarası münasibətlərin inkişafında Beynəlxalq radionun rolu” mövzusunda söz deyən gənc tədqiqatçı, BDU-nun müəllimi Natavan Dəmirçi qızı Azərbaycan beynəlxalq radiosunun bu sahədə gördüyü önəmli işlərdən danışdı. ADMİU-nun yetirməsi, istedadlı saz ustalarından olan Hafiz Kərimov Borçalı aşıq məktəbinin etnomədəni əlaqələrdə rolu barədə hərarətlə çıxışından sonra onun sazda ifa etdiyi “Osmanlı divanisi” konfrans iştirakçılarının bədii ovqatına əlahiddə bir özəllik bəxş elədi. İlk iclasın sonunda çıxış edən ADMİU-nun prorektoru, professor Rafiq Sadıqov universitetin beynəlxalq əlaqələrindən, bu təhsil ocağının dünya miqyasında tanınmış yetirmələrindən, incəsənətin ən müxtəlif sahələrini əks etdirən yeni ixtisasların açılması yönündə hörmətli rektor, Əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyevin yorulmaz fəaliyyəti barədə gələn qonaqlara məlumat verdi. ADMİU-nun “Musiqi sənəti” və “Rəssamlıq sənəti” fakültələrinin təşəbbüs və səyi nəticəsində baş tutan elmi konfransın əhəmiyyətini burda iştirak edən hər bir dinləyici əyani görür, hiss edirdi. İlk iclasın rəsmi hissəsindən sonra isə universitetin sərgi salonunda tələbə rəssamların əsərlərinin nümayışı və burada fortepianonun müşayəti ilə ifa olunan əsərlər tamaşaçılara əsl sürpriz oldu. Sonra konfrans bölmələr üzrə öz işini davam etdirdi.
İNTİQAM


Bu yazı ( 128 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar