12px14px16px18px

Şabranda İmza günü

00:45 / 13.03.2012
Martın 10-da Şabran şəhər kitab evində yazıçı-dramaturq Elçin Hüseynbəylinin yeni kitabı üçün İmza günü keçirilib. “Yolayrıcında qaçış” romanı ilə şabranlıların görüşünə gələn Elçin Hüseynbəyli rayon ictimaiyyətinin nümayəndələrilə görüşüb. Tədbirdə rayon rəhbərliyi, orta məktəb müəllimləri, Şabran Ədəbi Məclisinin üzvləri iştirak ediblər. Mərasimi rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov açıb. O, İmza gününü əlamətdar hadisə kimi qiymətləndirib, qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi kitaba olan marağı artırır, insanların dünyagörüşünü zənginləşdirir. Yazıçı Aydın Tağıyev Elçin Hüseynbəylinin tanınmış yazıçı olduğunu bildirib və İmza gününün ilk olaraq Şabranda keçirilməsini qürurverici hadisə adlandırıb. E. Hüseynbəyli qısa çıxışı zamanı “Bölgələrdə imza günü” layihəsinə ilk reaksiya vermiş rayon rəhbərliyinə və ictimaiyyətinə təşəkkürünü bildirib. “Şabran qədim ənənələrə sayğısı ilə fərqlənir. Bu hadisə isə göstərdi ki, şabranlılar həm də yeni ənənələrə dəstək verir və onun inkişafında maraqlıdırlar” – deyə yazıçı qeyd edib. Sonda E.Hüseynbəyli kitabları imzalayıb və oxucularla xatirə şəkli çəkdirib. “Yolayrıcında qaçış” romanı “Qanun” nəşriyyatında çap olunub. Yazıçı burada qloballaşan dünya, onun fəsadları və çaşmış insanların taleyini qələmə alıb.


Bu yazı ( 133 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar