12px14px16px18px

Ədəbiyyatımızın azadlıq və mübarizə carçısı

00:45 / 13.03.2012  
Xalq şairi Bəxtiyar Vahabzadə çağdaş Azərbaycan ədəbiyyatının, eləcə də milli təfəkkür və özünüdərk tarixinin ən parlaq simalarındandır. Poeziyamıza yeni fəlsəfi məzmun, ictimai-siyasi kəsər, milli mənəvi-əxlaqi mündəricat gətirən görkəmli söz ustası respublikamızda müstəqillik və azadlıq ideyalarının təşəkkülündə və inkişafında da misilsiz xidmətlər göstərib. Xalqına və torpağına möhkəm tellərlə bağlı olan şairin çoxşaxəli həyat və fəaliyyəti, zəngin yaradıcılığı elə bu səbəbdən də geniş tədqiqat obyekti kimi daim diqqəti çəkir. Filologiya üzrə fəlsəfə doktoru Vaqif Allahverdiyevin “Bəxtiyar Vahabzadə yaradıcılığında milli özünüdərkin bədii-fəlsəfi ifadəsi” adlı monoqrafiyası bu baxımdan təqdirəlayiqdir. “Yazıçı” nəşriyyatında yenicə işıq üzü görmüş sözügedən monoqrafiya mütəfəkkir şairin möhtəşəm yaradıcılığında milli özünüdərkin bədii-fəlsəfi mahiyyətinin araşdırılmasına həsr olunub. Giriş və iki fəsildən ibarət olan bu tədqiqat əsərinin birinci fəslində xalq şairinin yaradıcılığının, həyat və fəaliyyətinin ilk mərhələlərinə müraciət edilərək onun Azərbaycan ictimai fikrinin və ədəbiyyatının inkişafında göstərdiyi xidmətlər ətraflı təhlil olunur. Bəxtiyar Vahabzadə yaradıcılığını dünya və türk xalqları ədəbiyyatı konteksində dəyərləndirən müəllif görkəmli söz ustasının həyatının və fəaliyyətinin maraqlı məqamlarına toxunur, poetik missiyasının başlıca istiqamətlərinə, ədəbi tənqidin onun bədii uğurlarına münasibətinə aydınlıq gətirir. Alim monoqrafiyada belə bir maraqlı qənaətə gəlir ki, Bəxtiyar Vahabzadə poeziyası ədəbi-bədii, ictimai-fəlsəfi, mənəvi-əxlaqi və dini dəyərləri bir araya gətirməklə ümumbəşəri məzmun kəsb edir. Daha dəqiq desək, şairin qələmə aldığı bədii nümunələrdə milliliklə bəşərilik vəhdət təşkil edir. Kitabın ikinci fəslində diqqət dünya şöhrətli sənətkarın milli azadlıq, özünüdərk və müstəqillik ideyalarının poetik təqdimatına yönəldilib. Həmin fəsildə xalq şairinin həyata baxışı, fəal vətəndaş mövqeyi aydın işıqlandırılır, onun Ana dilimizin saflığı uğrunda mübarizəsini əks etdirən, adət və ənənələrimizi, milli mənəvi dəyərlərimizi təqdir edən və onların müdafiəsinə qalxan bədii nümunələr, xüsusilə xalqın müstəqillik və azadlıq ideyaları ilə silahlandırılmasında müstəsna tarixi rolu olan məşhur “Gülüstan” poeması bu günün prizmasından şərh edilir. Qeyd olunur ki, insanı daim düşündürən, mənalı yaşamağa, işıqlı bir gələcəyə, mübarizələrə səsləyən Bəxtiyar Vahabzadə poeziyası əbədiyaşar həyat və əsl xalq sevgisi qazanıb, bugünümüz və sabahımız üçün cavabdehlik daşıyan qüdrətli ideya mənbəyinə çevrilib. Oxucu bu kamil bədii nümunələrdən yüksək zövq almaqla yanaşı, daxili zənginlik və rahatlıq əxz edir, daim azad olmağa can atır. Əsərdə müəllif tərəfindən təhlil zamanı görkəmli sənətkarın, atalar sözü səviyyəsinə yüksələn misralarına tez-tez müraciətlər edilməsi də xüsusi önəm daşıyır. Bütövlükdə, adıçəkilən monoqrafiyanı ədəbiyyatşünaslığımızda xalq şairi Bəxtiyar Vahabzadə irsinin tədqiqi və öyrənilməsi istiqamətində atılan uğurlu addımlardan hesab etmək olar.
Yəhya PAŞAZADƏ


Bu yazı ( 155 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar