12px14px16px18px

Aysel Əlizadənin “Göy qurşağı” və “Erkəklər” kitablarının imza günü keçirilib

00:21 / 10.03.2012
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda gənc yazar Aysel Əlizadənin “Göy qurşağı” və “Erkəklər” kitablarının imza günü keçirilib. Tədbiri AYB-nin katibi, “525-ci qəzet” in baş redaktoru Rəşad Məcid açaraq Aysel Əlizadənin imzasının artıq mətbuatdan oxuculara və peşəkar qələm sahiblərinə tanış olduğunu, onun bir-birinin ardınca şeirlər və hekayələr kitablarının nəşr olunduğunu diqqətə çatdırıb: “Mən “Göy qurşağı” kitabını vərəqləyərkən sevinc və qürur hissi keçirdim ki, bir vaxtlar “525- ci qəzet”in səhifəsində çap olunan kiçik həcmli yazılar artıq qalın və sanballı bir kitab halına gəlib”. Sonra söz yazıçı-publisist, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncaya verilib. Kitaba ön söz yazan İradə Tuncay Aysel Əlizadənin yanaşdığı bütün sahələrdə hər zaman iddialı olduğunu və məhz bu keyfiyyətinə görə onun həmişə yaşıdları arasında fərqləndiyini, onu rəngarəng düşüncələrinə görə göy qurşağına bənzətdiyini bildirib: “İnsan özü axtarışa başlayırsa, deməli bir yol tapıb axıra çıxacaq. Ayseli yaşıdlarından fərqləndirən onun yanaşdığı işdə iddialı olmasıdır. O hər zaman fərqlənməyə çalışıb və düşünürəm ki, buna müəyyən qədər nail ola bilib. Sənət aləmi elə bir yerdir ki, orda ya birinci olmalısan, ya da heç olmamalısan. Mən düşünürəm ki, Aysel istedadlı olmaqla bərabər, həm də şanslı insandır. Ona görə ki, qarşısına hər zaman onu dəstəkləyən insanlar çıxıb.”. Respublikanın xalq artisti, diktor Rafiq Hüseynov bir vaxtlar televiziyada Aysel Əlizadə ilə çalışdığını xatırladıb: “Mən televiziyada Aysel ilə çalışanda da hiss edirdim ki, o çox həssas insandır. Hiss edirdim ki, bu həssaslıq, bu hisslər nə vaxtsa yazıya, əsərə çevriləcək. Əgər bu gün oxucular yaxşı bir yazıçı qazanıblarsa, tamaşaçılar yaxşı bir aparıcını itiriblər”. “Olaylar” informasiya agentliyinin baş redaktoru Yunus Oğuz Aysel Əlizadənin öz dəsti-xətti olduğunu və hər zaman öz sözünü dediyini bildirib: “Mən hər zaman o fikirdəyəm ki, insan öz fikirlərini çatdıra bilməyəndə həmişə dahilərdən sitatlar gətirir və həmin dahilərin fikirləri arxasında gizlənirlər. Amma sevindirici haldır ki, Ayseldə bu xüsusiyyət yoxdur. O öz sözün deyir. Adi bir söhbəti də elə təqdim edir ki, hətta intellektual olmayan adam da çox asanlıqla o yazını oxuya bilir. Düzdür, “Erkəklər” kitabında Aysel xanım bir qədər kişiləri aşağılayıb, amma çox maraqlı obraz yaradıb”. Xalq yazıçısı Mövlud Süleymanlı Aysel Əlizadənin öz yazılarında məişət problemlərini qabartmamasını, öz həyatını qələmə almaq meylinin olmamasını diqqəti cəlb edən xüsusiyyət adlandırıb: “Ayselin yaradıcılığında məni özünə cəlb edən cəhət odur ki, o heç vaxt məişətə enmir, öz həyatını qələmə almır. Aysel olduqca təəssübkeşdir, hətta sözü belə qoruyur ki, Azərbaycan sözləri yaxşı səslənsin”. AYB-nin katibi Arif Əmrahoğlu da öz növbəsində Aysel Əlizadənin yaradıcılığından söz açaraq kitablar haqqındakı qeydlərini bildirib: “Mən Aysel xanımı şəxsən tanımadan “Erkəklər” və “Göy qurşağı” kitablarını oxusaydım, deyərdim ki, bu kitabları uzun illər Avropada yaşayıb gəlmiş, kifayət qədər həyat təcrübəsi olan bir xanım yazıb. Çünki burda qadın-kişi münasibətlərindən olduqca səlist söhbət açılır. Aysel Əlizadənin daha bir xüsusiyyəti odur ki, onun yazılarında bədiiliklə publisistika arasında sərhəd yoxdur. Onun istənilən publisistik yazısını kiçik bir hekayə kimi oxuya bilərik, hekayəsini də publisistik yazı kimi”. Millət vəkili, yazıçı-publisist Aqil Abbas Aysel Əlizadənin yaşıdları arasında istedadına görə fərqlənən gənc yazarlar sırasında gördüyünü dilə gətirib. “Göy qurşağı” kitabının redaktoru Kamran Nəzirli çıxışında Aysel Əlizadənin sakit təbiətli və olduqca həssas olmasını əsl yazıçı keyfiyyəti kimi dəyərləndirib. Onun az danışıb çox və daha keyfiyyətli yazılar yazdığını bildirib. Tənqidçi Vaqif Yusifli ədəbiyyatın həmişə öz gələcəyini gənclərin istedadında gördüyünü bildirib. “Hər mərhələdə ədəbiyyata kütlə ilə gənclər gəlib. Lakin bu kütlənin hamısı ədəbiyyatda qalmayıb. Daha istedadlılar, fərqlənməyi bacaranlar və daha mübarizlər bu sahədə özlərinə yer tutmağa nail ola biliblər. Mən Ayseli həmin istedadlı və mübariz gənclərdən hesab edirəm”. Ayseli öz yaşıdları içərisində seçilən bir yazar kimi tanıdığını deyən tənqidçi onun “Erkəklər” kitabını janrına görə povest kimi dəyərləndirib. Tədbirdə tənqidçi Əsəd Cahangir, professor, jurnalist Qulu Məhərrəmli, publisist Esmira Fuad,şairə Kəmalə Abıyeva və başqaları Aysel Əlizadənin istedadlı bir yazar olduğunu dilə gətirib, kitab haqqındakı fikirlərini bölüşüblər.
GÜNEL


Bu yazı ( 250 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar