12px14px16px18px

Milli Dram Teatrında “Şekspir”in premyerası uğurla keçib

13:32 / 08.03.2012
Ötən gün Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında hazırlanan yeni tamaşanın premyerası olub. Tamaşa Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan “GUAM-ın teatr məkanı” layihəsinin tərkib hissəsidir. Bəlli olduğu kimi, ötən il Akademik Milli Dram Teatrı GUAM ölkələrinin teatr əməkdaşlığı ilə bağlı böyük miqyaslı bir layihə həyata keçirməyə başladı. Teatrın Ukraynaya qastrol səfəri, Krımtatar Akademik Musiqili Dram Teatrının Elçinin “Şekspir” əsəri əsasında hazırladığı “Xəstə könül” tamaşasının Akademik Milli Dram Teatrının səhnəsində nümayişi, gürcü rejissoru Levan Tsuladzenin, moldovalı Petru Vutkereunın Akademik Milli Dram Teatrına quruluş üçün dəvət olunması bu layihə çərçivəsində realizə olunan tədbirlərdəndir. Onu da qeyd edək ki, “GUAM-ın teatr məkanı” layihəsi yalnız bu tədbirlərlə məhdudlaşmır. Daha çox strateji məqsədlərə yönələn bu layihə gələcəkdə də davam etdiriləcək. Layihə Gürcüstan, Ukrayna və Moldova teatrları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsini, müştərək tamaşaların hazırlanmasını, qarşılıqlı qastrol səfərlərini, rejissor və aktyor mübadiləsini, texniki heyət üzvlərinin təcrübə keçmələrini, Azərbaycan dramaturqlarının əsərlərinin GUAM ölkələrinin teatrlarında səhnəyə qoyulmasını, həmçinin milli səhnəmizdə Gürcüstan, Ukrayna və Moldova klassik və müasir dramaturgiyası nümunələrinin təcəssümünü, bütün sahələrdə qarşılıqlı təcrübə mübadiləsini nəzərdə tutur.
Tamaşanın quruluşçu rejissoru Kişinyovda Ejen İeonesko adına Teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, tərtibat rəhbəri Xalq rəssamı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada Ramiz Novruz (Stalin), Pərviz Bağırov (Stalin), Ayşad Məmmədov (Baş Həkim), Mətanət Atakişiyeva (Sara Bernar), Elşən Cəbrayılov (Veneralı), Nigar Güləhmədova (Həkim), Aslan Şirinov (Sanitar), Şəlalə Şahvələdqızı (Ər-arvad) və başqaları çıxış edirlər.
Maraqlı süjet xətti olan tamaşada ruhi-əsəb klinikasındakı pasientlərin hər biri öz xəyalında qurduğu dünyasında yaşayır. Marslı saatlarla göyləri seyr edərək, onun arxasınca nə vaxt gələcəklərini gözləyir. Ər-arvad daim öz ikili təbiətinin problemləri ilə yaşayır. Stalin bütün günü törətdiyi əməllərin peşmançılığını çəkir. Sara Bernar hər dəqiqə özünü səhnədə təsəvvür edir.
Baş həkim xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, anlayır ki, o, buna qadir deyildir. Xəstə kimi müalicə olunan insanlar öz xəyal aləmlərində xoşbəxtdirlər. Bu şəraitdə onları yaşadan da budur. Xəstələrin ərzaqlarına əl uzatmaqdan belə çəkinməyən xəstəxana personalının hər cür təzyiq göstərdiyi, simasızlaşdırmağa çalışdığı pasientləri Şekspirin dühası öz ətrafına birləşdirir. Sara Bernarın sevimli əsəri olan “Romeo və Cülyetta” hamını öz ülviliyi və təmizliyi ilə məftun edir.
Xəstəxanaya Drob-13-ün gətirilməsi ilə hər kəs bir daha həyata münasibəti haqqında düşünməli olur. Hər kəs hərəkətlərinə yenidən, yadplanetlilərin gözü ilə baxır. Bir anda xəstəxana xəyal və hisslərin boğulduğu, sədaqət və inamın itdiyi, həyata fərdi baxışların qadağan edildiyi dünyamızın kiçik modelinə çevrilir. Şekspirin kitabını oxuyan Drob-13 də onun əsərlərindəki insan hisslərinin böyüklüyünə, gözəlliyinə heyran qalır və təəssüflə etiraf edir ki, onun planetində yaşayanlar çox dərin biliklərə malik olsalar da, onlarda teatr yoxdur. Söz verir ki, öz planetinə qayıdan kimi, oradakılara Şekspirin kitabını göstərəcək.
GÜNEL




Bu yazı ( 134 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar