12px14px16px18px

Xumar Qədimovanın “Sevgi harayı” ucaldı

TANINMIŞ MÜĞƏNNİNİN XALQ ARTİSTİ RASİM BALAYEV VƏ VOKALÇI SAMİR CƏFƏROVLA BİRGƏ HƏYATA KEÇİRDİYİ YENİ YARADICILIQ LAYİHƏSİ RƏĞBƏTLƏ QARŞILANDI

08:02 / 07.03.2012
Xumar Qədimova ötən gün şou-biznesi silkələyən təqdimat mərasimi keçirib. “Sevgi harayı” kompozisiyasını muzikl şəklində mərasim iştirakçılarına təqdim etdi. Xumarın yeni layihəsində tərəf-müqabilləri də kifayət qədər mədəniyyət aləmində sözünü deyən sənətkarlar idilər. Azərbaycanın xalq artisti Rasim Balayev, Opera və Balet Teatrının solisti Samir Cəfərov “Sevgi harayı” layihəsinin iştirakçılarından oldu. Qaranlıq məkanda əvvəlcə musiqinin səsi duyuldu, sonra işıqların fonunda Xumar Qədimova səhnəyə çıxdı və sevgisini dilə gətirdi. Bu sevgi harayına Rasim Balayev qiraəti, Samir Cəfərov isə ifası ilə qoşuldu. Həqiqətən mərasim iştirakçıları bu səhnədən çox təsirləndilər. Kompozisiyası bitdikdən sonra zalda böyük alqışlar eşidildi. Səhnədə olan hər üç sənətçi gül yağışına tutuldular.
Daha sonra Xumar özü danışdı. Diqqətçəkən məqamlardan biri də o idi ki, tədbirin aparıcısı elə səbəbkarın özü idi. Kompozisiya təqdim olunduqdan sonra qonaqlarını salamlayan müğənni: “Deyirlər gözəllik dünyanı xilas edəcək. Mən isə deyirəm ki, sevgi dünyanı xilas edəcək. Mən bütün işlərin başında yanğı, eşq olduğuna inanıram. İlk dəfə 4-cü sinifdə aşiq olmuşam. Bəlkə də elə ilk bəstəm həmin gün yaranıb. Elə bu mahnıda da çalışmışıq sevgini göstərək. İnsanı yaşadan da, öldürən də eşqdir” – dedi.
Yeri gəlmişkən, “Sevgi harayı”nın musiqisi müğənninin özünə, sözləri Cəlal Qurbanova məxsusdu. Tədbirin həyata keçməsində, bu layihənin ərsəyə gəlməsində hər iki müəllifin böyük əməyi hiss olunurdu. Əsas o idi ki, mahnının sözləri ilə musiqisi biri-birini tamamlayırdı. Yazar sevgi hisslərini, sirrini misralarla mükəmməl şəkildə ifadə edə bilmişdi. Dinləyicinin o misraların təsiri altına düşməməsi mümkün deyil. Eləcə də ifa, musiqi mükəmməl idi. Son illər təqdim olunan sevgi ilə bağlı musiqi əsərləri sırasında “Sevgi harayı”nı sevgi himni kimi dəyərləndirmək olar. Çünki musiqi dinləyicinin ruhunu oxşayırdı, içində hissləri tərpədirdi.
İlk söz Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə verildi: “Mən Xumar xanımı şəxsən tanımazdan öncə onun mahnılarını sevmişəm. Müsahibələrini oxumuşam, fikirlərini dinləmişəm, maraqlı bir insan təəssüratı yaradıb. Onun ifası insanın hüceyrələrini tərpədir, ruhunu dilə gətirir, hisslərini oyadır. Onun səsi kimsəyə bənzəmir. Xumarın ifası adamı özünə qaytarır. Mən Xumar xanımı təbrik edirəm. Çox təsirli, maraqlı bir kompozisiya idi. Xumar xanımdan ancaq belə maraqlı layihə gözləmək olardı”.
“Ədalət” qəzetinin baş redaktoru, publisist İradə Tuncay da çıxışında Xumar Qədimovanın səsinin aşiqi olduğunu dedi: “Bu məkanda eşq ab-havası var. İnanın ki, dünyanın bütün zənginlikləri eşqi əvəz edə bilmir. Burada Rasim Balayevi gördüm, xatırladım ki, gənclikdə mən də Rasim Balayevə aşiq idim. Belə uğurlu layihəyə görə hər üç sənətçini təbrik edirəm. Mən Xumarı, onun səsini sevirəm. Şəxsi tanışlığımız olmayanda da, mən onun ifasını çox bəyənirdim. Hərdən mənə zəng vuranda deyir ki, vəfasızsan, məni unutmusan. Deyirəm ki, mən səni unutmuram, çünki ovqatımın istənilən anında səni dinləyirəm”.
Möhtəşəm layihənin iştirakçılarından olan Rasim Balayev kompozisiya barədə maraqlı fikirlər söylədi: “Bilirsiniz ki, bizə çox təkliflər gəlir. Mən musiqini dinlədim, sözləri oxudum, çox bəyəndim. Xumarı özünə və sənətinə olan ciddiyyətinə görə çox qiymətləndirirəm. İnandım ki, gözəl bir nəğmə olacaq. Şadam ki, çəkdiyimiz zəhmət öz müsbət bəhrəsini verdi. Məni inandırdılar ki, bu, maraqlı bir layihə olacaq. Bu gün əmin oldum ki, həqiqətən maraqlı bir kompozisiya alınıb. Mənim bu layihədə elə böyük əməyim olmayıb. Bir-iki kəlmə deyirəm. Ancaq çox maraqlı alındığının bu gün şahidi olduq. Mən Xumar xanımın ifasını çox bəyənirəm, dinləyirəm”. İncəsənət Universitetinin rektor müavini Rafiq Sadıxov da Xumar xanımın sənətinə biganə olmadığını dilə gətirdi. Daha sonra Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov müsbət fikirlər səsləndirdi.
“Sevgi harayı”nın uğurlu təqdimatından dərhal sonra iştirakçıların istəyi ilə Xumar xanım bir-birinin ardınca repertuarında olan sevilən nəğmələrini canlı şəkildə oxumağa başladı. Tanınmış musiqişünas və aranjimançı Əvəz Muradov royalda sənətçini müşayiət etdi. Sənətçi daha sonra özü də royalda musiqi ifa edərək oxudu. Mətbuat nümayəndələrinin mövqeyi də bu dəfə fərqli oldu. Adətən sənətçiləri sual atəşinə tutan media nümayəndələri bu dəfə sual vermək istəmədilər. Əsasən layihə ilə bağlı təəssüratlarını, hisslərini bölüşdülər.
TAHİRƏ





Bu yazı ( 75 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar