12px14px16px18px

Gənc ədiblərin “Ulduz”unun müzakirəsi keçirilib

08:01 / 07.03.2012
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Ulduz” jurnalının, Gənc Ədiblər Məktəbi (GƏM) məzunlarının yaradıcılığına həsr edilmiş sayının geniş müzakirəsi təşkil olunub. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet” in baş redaktoru GƏM-in rəhbəri Rəşad Məcid açaraq, gənc ədibləri, məruzəçiləri və tədbir iştirakçılarını salamlayıb. Daha sonra məruzə üçün söz tənqidçi Elnarə Akimovaya verilib. E.Akimova müasir Azərbaycan ədəbiyyatının inkişaf etməsində GƏM-in xüsusi rolu olduğunu qeyd edib. Tənqidçi gənc şairlərin şeirlərində zamanla barışmayan insan obrazının ön planda dayandığını vurğulayıb: “Alik Əlioğlunun şerilərində gənc şairin fəlsəfi düşüncələri qabarıq şəkildə nəzərə çarpır. Aysel Əlizadənin, Rəbiqənin şeirlərində isə daha çox qadın taleyi ilə bağlı mövzular öz əksini tapıb”.
Ümumilikdə gənc şairlərin yaradıcılığında təqdirəlayiq cəhətlər olduğunu bildirən tənqidçi şeirlərdəki qüsurların da nəzərdən yayınmadığını dilə gətirib: “Fikir zəifliyini onların şeirlərindəki əsas çatışmazlıq kimi qeyd etmək olar”.
Gənc yazar Qismətin yaradıcılığında dünya ədəbiyyatının ən qabaqcıl nümunələrilə müsbət bağlılığın, dəyərli səsləşmələrin olduğunu deyən məruzəçi daha sonra Pərvinin, Zərdüşt Şəfinin, Feyziyyənin, Cavid Zeynallının, Günel Eminlinin, Sahilə İbrahimovanın, Ülviyyə Heydərovanın, Yeganə Cansailin, Elvin Bakiroğlunun, Elşad Ərşadoğlunun, Nərmin Hüseynzadənin jurnalda dərc edilən şeir və hekayələri, onların yazı üslubu, mövzuları barədə ətraflı danışıb.
Digər məruzəçi Əsəd Cahangir sözə Alik Əlioğlunun şeirlərinin təhlili ilə başlayıb. Gənc şairin şeirləri haqqında iradlarını, qeydlərini diqqətə çatdıran tənqidçi, bununla belə, A.Əlioğlunun timsalında Azərbaycan ədəbiyyatına yeni bir nəfəs gəldiyini bildirib. Zərdüşt Şəfinin “Heykəltəraş” hekayəsinə münasibətini açıqlayan Ə.Cahangir gənc yazarın bu hekayəsində Balzak və Mirzə Cəlil ruhu duyulduğunu deyib. Jurnalda “Yuxulu və ayıq yazı” essesi, həmçinin “Kölgələr haqqında bir dərs” adlı tərcümə işi ilə çıxış edən Qismətin bu yazıları barədə fikirlərini bölüşən Ə.Cahangir məruzəsini Günel Şamilqızının şeirlərinə, sonra isə Cavid Zeynallının hekayəsinə münasibət bildirməklə davam etdirib: “Qolsuz qırmızı don”çox uğurlu bir hekayədir. Cavid bu hekayəsində, hər zaman olduğu kimi, həyatı uğurla əks etdirib”. Ə.Cahangir Rey Bredberinin “Göy gurultusu” əsərini dilimizə çevirmiş Leyla Şərifovanın bu tərcüməsini yüksək dəyərləndirib. Pərvinin, Yeganə Cansailin, Aysel Əlizadənin, Rəbiqənin, Mövlud Mövludun, Elvin Bakiroğlunun, Fərid Hüseynin, Vüsal Nurunun, Sonanın yaradıcılğı haqqında da danışan Ə.Cahangir deyib: “Pərvinin olduqca istedadlı qələmi var. O, yazılarında özünə aydın olan müəyyən mətləblərin sirliliyini qoruyub saxlayır, həmin mətləbləri tapmağı oxucunun öhdəsinə buraxır. Feyziyyənin, Yeganə Cansailin şeirlərində müraciət etdikləri mövzular çox maraqlıdır. Xüsusilə, Feyziyyənin şeirlərində fərqli bir sistem var”.
Tənqidçi Vaqif Yusifli hər iki məruzəçinin fikirlərinə münasibətini bildirib. O, gənc ədiblərin yaradıcılığının mütəmadi olaraq “525-ci qəzet” də, “Ulduz” jurnalında işıqlandırılmasını, onların kitablarının nəşr etdirilməsini ədəbi gəncliyə göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndirib. “Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli və baş redaktor müavini, şair Qulu Ağsəs də gənc ədiblərin yaradıcılğı haqqında fikirlərini bölüşüb, qeydlərini diqqətə çatdırıblar.
GÜNEL




Bu yazı ( 63 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar