12px14px16px18px

Bakıda Müasir Ukrayna Musiqisi Günləri keçirilib

00:15 / 06.03.2012
Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə bağlı Bakıda Müasir Ukrayna Musiqisi Günləri keçirilib. APA-nın məlumatına görə, tədbir çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda “Müasir Ukrayna musiqisi” mövzusunda elmi konfrans təşkil olunub. Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xxalq artisti Firəngiz Əlizadə qonaqları salamlayaraq, Azərbaycan ilə Ukrayna arasında uzun illərin tarixi ənənələrinə söykənən dostluq münasibətlərinin olduğunu vurğulayıb. Bildirib ki, bu cür əlaqələr musiqi sahəsində qarşılıqlı zənginləşməyə və təcrübə mübadiləsinə kömək edir. Festivalın ilk günü Dövlət Filarmoniyasının səhnəsində əməkdar incəsənət xadimi F.Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik orkestri M.Skorik, İ.Şerbakov, Q.Qavrilets, L.Diçko, Y.Stankeviçin əsərlərini ifa edib. Sonra çıxış edən ukraynalı bəstəkarlar və musiqişünaslar müasir mərhələdə Ukrayna musiqi mədəniyyətinin xüsusiyyətlərindən bəhs edən məruzələrlə çıxış ediblər. Ukrayna Qəhrəmanı, Xalq artisti, Ukrayna Bəstəkarlar İttifaqının Lvov bölməsinin sədri, professor Miroslav Skorik “Dünya müasir musiqisinin və milli mədəniyyətin inkişaf yolları” mövzusunda çıxış edib. Məruzəçi musiqi ilə tamaşaçı arasında qarşılıqlı münasibətlər, pop musiqisinin üstünlük təşkil etməsi, gənclərin musiqi zövqünün formalaşdırılması məsələlərinə toxunub. Konfransda Ukrayna Bəstəkarlar İttifaqının sədri, əməkdar incəsənət xadimi, professor İqor Şerbakovun “Ukrayna Milli Bəstəkarlar İttifaqı: müasir vəziyyət və beynəlxalq festival əlaqələri”, fəlsəfə doktoru Tamara Nevençannının “Müstəqilliyin 20 ili ərzində Ukrayna musiqisi: bəstəkarlıq yaradıcılığının istiqamətləri və yenilik anlayışı”, fəlsəfə doktoru Mixail Şvedanın “Ukraynada müasir musiqi festivallarının inkişaf meylləri və beynəlxalq festival hərəkatı”, Aleksandr Piriyevin “Firəngiz Əlizadə və Miroslav Skorkinin violonçel konsertlərinin ifaçılıq interpretasiyasının xüsusiyyətləri” və digər mövzularda məruzələri dinlənilib. Azərbaycanda Müasir Ukrayna Musiqisi Günləri çərçivəsində son tədbir- kamera musiqisi konserti olub. Konsertdə Ukrayna bəstəkarları Y.Stankoviç, B.Frolyak, İ.Karabits, G.Lyaşenko, V.Silvestrov, M.Skorik, Y.Stankoviç, M.Şved və İ.Şerbakovun əsərləri səsləndirilib. Solistlər Boqdana Stelmaşenko (fleyta), Aleksandr Piriyev (violonçel), Dmitri Tavanets, Boqdana Frolyak, Aleksandra Zaytseva (hər üçü fortepiano) olublar. Konsertdə, həmçinin Dmitri Tavanets və Aleksandra Zaytseva fortepiano dueti (KyivPianoDuo) ifa ediblər.


Bu yazı ( 78 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar