12px14px16px18px

Şərəflə yaşanan şair ömrü

01:13 / 06.03.2012
 
Eldar İsmayıl-70
 
Martın 10-da tanınmış şair, istedadlı yazıçı-publisist, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist Eldar İsmayılın 70 yaşı tamam olur.
Bu illər ərzində narahat, qəlbi daim yazmaq-yaratmaq əzmi ilə döyünən bir şair ömrü yaşadı Eldar İsmayıl. Bu günədək 40-a yaxın irili-xırdalı kitabın müəllifinə çevrildi. Yaradıcılığının sorağı yaxın-uzaq ellərdən gəldi. Türkiyədə, İranda, İraqda sevilə-sevilə oxundu, Eldar İsmayıl poeziyası. Bir sözlə, müəllifinə şöhrət gətirdi bir-birindən dəyərli sənət əsərləri. Könlünü sözə, ürəyini közə verən şair o zaman başını qaldırdı ki, yaş ömrün ixtiyar çağını-70-i haqlayıb.
Ədəbi fəaliyyətə Eldar Ağbulaqlı imzası ilə başlayan gənc şairin “Kəndimiz” adlı ilk şeiri 1961-ci ildə rayon qəzetində dərc olundu. Bundan sonra dövri mətbuatda müəllifin müxtəlif səpkili yazıları görünməyə başladı. Yuxarıda qeyd etdiyim kimi E.İsmayıl yaradıcılığa çox gənc yaşlarından başlasa da, onun ilk kitabı “Ulu Göyçə” adı ilə 1990-cı ildə “Yazıçı” nəşriyyatında işıq üzü gördü.
Görkəmli folklorşünas alim Yaşar Qarayev və Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadənin xeyir-duası ilə ədəbiyyata vəsiqə alan bu kitab az bir zamanda ədəbi ictimaiyyətdə böyük marağa səbəb oldu. Bu kitabdan sonra Ulu Göyçənin həsrət alovunu qəlbində yandıran şairin ürəyində sanki sözlə dolu açılmamış gizli bir xəzinə yatırmış:
 
İçim kürə, Eldar, çölüm ayazdı,
Tanrı dedim, taleyimi o yazdı.
Məni məndə tapmısansa o azdı,
Məndən yana bir dünya var, o mənəm.
 
Bəli, Vətənin hər qarışına, qədim tarixinə, soy-kökünə dərindən bələd olan sənətkar qürbətdə qalan ellərimizi kitabların daş yaddaşına həkk etməyi qarşısına bir vəzifə kimi qoydu.
Müəllifin narahat günlərinin, yuxusuz gecələrinin hesabına bir-birinin ardınca sıralanan şeir, poema, roman və publisistikadan ibarət olan kitablarının hər biri həyatımızın reallıqlarını özündə əks etdirən yeni tapıntı kimi canlı salnaməyə çevrildi. Tanınmış ədəbiyyatşünaslar, tarixçilər bu əsərləri öz-özlüyündə təhlil edib ayrı-ayrılıqda bir-birindən dəyərli fikirlər söylədilər. Yaşar Qarayev, Nizami Cəfərov, Hüseyn Əhmədov, Teymur Bünyatov, Mürsəl Həkimov, Qara Namazov, Hüseyn İsmayılov, Həmid Əliyev, İsmayıl Məmmədov, Türkiyəli alim Mustafa Özbaş, xalq şairləri Bəxtiyar Vahabzadə, Hüseyn Arif, İlyas Tapdıq və neçə-neçə görkəmli elm-mədəniyyət adamları dövri mətbuatda və elmi-ədəbi monoqrafiyalarda Eldar İsmayılın Azərbaycan ədəbiyyatındakı müstəsna xidmətindən ürəkdolusu danışdılar, onun zəngin yaradıcılığı haqqında geniş söhbət açdılar.
Eldar İsmayıl 1942-ci il martın 10-da bir zamanlar sazımızın, sözümüzün beşiyi sayılan, indi isə doğmalarının göz dağına, həsrət yuvasına çevrilən ulu Göyçədə dünyaya gəlib. İbtidai təhsilini doğma Ağbulaq kəndində alan E.İsmayıl 1958-ci ildə qonşu Toxluca kəndində natamam orta məktəbi bitirərək Bakı Mədəni-Maarif Texnikumuna daxil olur. O, texnikum təhsilini başa vurub doğma kəndə qayıdır, əvvəlcə kənd mədəniyyət evinə müdir təyin olunur, sonralar isə “Dostluq” rayon qəzetində redaktor müavini vəzifəsində işləyir. O həmçinin Bakı Dövlət Universitetində təhsilini qiyabi davam etdirir, Ağbulaq və Şorca kəndlərinin birləşmiş sovetliyinin sədri vəzifəsində çalışır. Həmin illərdə Göyçəni qarış-qarış gəzən E.İsmayıl bədii yaradıcılıqdan da bir an belə ayrılmır, “Ulu Göyçə” poemasını yazır. Poema az bir zaman içərisində cəmiyyətdə və ədəbi ictimaiyyətdə böyük əks-səda doğurur. O dövr Azərbaycanın ünlü şairi Hüseyn Arif yazırdı ki, Göyçədə böyük bir şair yetişməkdədir. Çünki hələ o illərdəki bəzi şairlər “xalqlar dostluğu”ndan dəm vurarkən Eldar İsmayıl erməninin kim olduğunu yaxşı bilirdi və gec-tez Göyçənin, eləcə də əzəli türk torpaqlarının erməni məkrinin girovuna çevriləcəyini hiss edirdi və narahat olurdu.
1988-ci ildə Qərbi Azərbaycan torpaqlarının işğalından sonra Bakı şəhərinə pənah gətirən E.İsmayıl Dövlət Statistika Komitəsində iki il böyük iqtisadçı vəzifəsində çalışdıqdan sonra 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyəti yaradılır və o burada ideologiya şöbəsinə müdir təyin olunur. Burada işləyə-işləyə “Göyçə” və “Ulu Göyçə” qəzetlərinin təsisçisi və baş redaktoru olur. Onu da qeyd edim ki, bu dövr Eldar İsmayılın bədii yaradıcılıqla ən çox məşğul olduğu illərdir. Onun ictimai fəaliyyətinə diqqət yetirdikdə bir vətəndaş şair kimi keçirdiyi yüksək səviyyəli tədbirləri qeyd etməyə bilmərəm. “Aşıq Alı 200-ü aşırdı”, “Bir Vətən həsrəti, bir Göyçə qəmi”, “Dədə Ələsgərin işığında” və bu kimi tədbirlərin adını çəkmək yerinə düşərdi. Onun “Ələsgər” pyesi1999-cu ildə radionun tamaşa salonunda səsləndirilir.
Eldar İsmayılın ömür yolunun 16 ili bizim kollektivlə bağlıdır. 1997-ci ildə fəaliyyəti dayandırılmış “Təbib” qəzetinin nəşri bərpa edilir və elə o vaxtan da Eldar İsmayıl bu qəzetin baş redaktoru, mən isə məsul katibi kimi çalışırıq. Mən bu illəri talemə qismət olan ən dəyərli bir tapıntı kimi qiymətləndirirəm. Çünki bu dövr ərzində onu bötöv bir şəxsiyyət olaraq kəşf etdim. Bəzən həyatda elə sənətkarlara rast gəlinir ki, onun şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşmür. Sözün kəsəri, fikrin qətiyyəti xarakteri ilə tamlıq təşkil etmir. Lakin E.İsmayılı tanıyanlar və yaradıcılığına bələd olanlar bu xüsusiyyəti daim diqqətlə izləmişlər. Bu baxımdan Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun söylədiyi fikir diqqət çəkəndir: “Eldar İsmayıl vətənpərvər şairdir. “Təbib” qəzetinin baş redaktorudur. Ləyaqətli jurnalist kimi də fəaliyyəti çox təqdirəlayiqdir”.
Bəli, E.İsmayıl türk dünyasına, millətinə şərəf gətirən böyük sənətkardır. Onun bu günümüzədək bir-birindən sanballı, dövrümüzün, yaşadığımız həyatın reallıqlarını özündə əks etdirən əsərləri oxucuların dərin rəğbətini qazanıb. Yuxarıda qeyd etdiyim kimi şairin yaradıcılığına təkcə ölkəmizdə deyil, qardaş Türkiyədə də böyük önəm verilir. Onun osmanlı türkcəsində işıq üzü görən “Allah amanatı” və” Eldar İsmayılın seçilmiş şeirləri” adlı kitabları Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin Kazım Qarabəkir təhsil fakültəsində dərslik kimi hazırlanıb. Müəllifin 2005-ci ildə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkə həsr etdiyi “Türkün xilaskarı” poeması qardaş ölkədə yüksək qiymətləndirilib, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyası Yüksək Yönetim Kurulunun Qərari ilə türk ədəbiyyatındakı xidmətlərinə görə “Türk ədəbiyyatına hizmət” ödülü ilə mükafatlandırılıb.
Şairin növbəti dəyərləndirilməsi “Heyrət” ədəbi dərgisinin dövlət və cəmiyyətin təməl prinsiplərinin qorunmasını, inkişafını özündə ehtiva edən səmərəli ədəbi fəaliyyətinə, ictimai vətəndaşlıq mövqeyinə görə “Məslək-Şərəf” diplomu ilə təltif edilib.
Eldar İsmayılın yaradıcılığı son dövrlərdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşəbbüsü ilə keçirilən “Soyqırım və erməni təcavüzü” müsabiqəsində “Göyçənin qisası qalır” tarixi-sənədli romanı xüsusi mükafata layiq görülüb.
Bütün bu mükafatların davamı olaraq keçən il Eldar İsmayıl pərəstişkarlarını daha bir xoş xəbərlə sevindirdi. O, Beynəlxalq Təltiflər İttifaqı Birləşmiş Millətlərin İctimai mükafat üzrə şurası tərəfindən ədəbiyyatdakı böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub.
Əlbəttə, bütün bu mükafatların hamısından yüksəkdə dayanan Tanrı payıdır. Çünki Ulu Tanrı hər insan övladına bir ömür payı verir. Kimi bu ömür payını Vətən, torpaq və insanlarla bölüşür, kimi isə öz mənafeyi naminə xərcləyir. Belələrinin yaşam möhləti həyatının bitməsi qədərdir. Ancaq qəlbində Tanrı sevgisi gəzdirən əsl sənətkar xalqın ürəyindən keçənləri qələmə alıb yazıya gətirəndə onun gözündə ucalaraq el məhəbbətinə çevrilir. Bunun üçün də E.İsmayılın 60-65 illik yubileylərinin, o cümlədən ədəbi-bədii yaradıcılıq gecələrinin pərəstişkarları tərəfindən necə təmtəraqlı keçirildiyinin mən dəfələrlə şahidi olmuşam.
Qarşıdan şairin 70 illik yubileyi gəlir. Şübhəsiz ki, bu da əvvəlki yubileyləritək öz möhtəşəmliyi ilə yadda qalacaq. Biz bu yubiley tədbirinə hazırlaşdığımız bir vaxtda şairin vəfalı ömür-gün yoldaşı Səmayə xanım dünyasını dəyişdi. Eldar İsmayılın həmişə qonaq-qaralı olan evinin səhmanı pozuldu, könlü qübarlandı. Bu acı xəbəri eşidib-bilən hər kəs şairin ocağına tələsdi, onun kədərini bölüşdü. Hüzn mərasimlərində onu da hiss etdim ki, bu adamların çoxu istər Göyçədə, istər Bakıda Səmayə xanımın qonaqpərvərliyindən danışır, xatirəsini əziz tuturlar.
Bəli, 70 il bioloji baxımdan heç də az deyil. Lakin unutmayaq ki, insan ömrünün mənası yaşanmış illərin sayı ilə deyil, bu illərin necə və hansı məqsədlərlə yaşanması, hansı əməllərə xidmət etməsi ilə müəyyən olunur. Əgər Eldar İsmayılın keçdiyi həyat yoluna baxanda görərik ki, o, sözün əsl mənasında Ulu Tanrının ona verdiyi bu ömrü şərəflə və ləyaqətlə yaşamışdır. Mənə elə gəlir ki, belə insanlar qocalmır, zaman keçdikcə yalnız və yalnız müdrikləşir.
 
MƏnsur,
Şair-publisist 
 
 



Bu yazı ( 86 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar